İnsanlara hürriyət, millətlərə istiqlal!

Hökumətə ÇAĞIRIŞ: “İnhisarçılığa qarşı tədbirlər gücləndirilməlidir”

Deputat Əli Məsimli Nazirlər Kabinetinin 2022-ci ildəki fəaliyyəti haqqında hesabata dair çıxış edərkən bir sıra vacib məsələlərə diqqət çəkib.

Musavat.com-un xəbərinə görə, millət vəkili bildirib ki, təqdim olunmuş hesabatdan, eləcə də Baş nazirin təqdimatndan da göründüyü kimi, Nazirlər Kabineti tərəfindən 2022-ci ildə xeyli iş görülüb: “Hesabatın əhatə etdiyi sahələr üzrə görülən işlər kifayət qədərdir və həm də faktoloji materiallara və konkret statistikaya əsaslanır. Hazırkı mürəkkəb şəraitdə mümkün olan işlərin xeyli hissəsi görülüb. Eyni zamanda 2021-ci il üzrə hesabat zamanı deputatlar tərəfindən qaldırılan məsələlərə bu hesabatda daha geniş yer verilib. 2022-ci ildə Azəbaycan iqtisadiyytının 4.6 faiz böyüməsi ilə müsbət dinamizm davam edib, maliyyə imkanlarımız artıb. Bu amil yeni büdcə qaydasının tətbiqi ilə birlikdə Neft Fondundan büdcəyə transfertlərin əhəmiyyətli dərəcədə azalmasına imkan verib. Sosial proseslərin tənzimlənməsi istiqamətində də müəyyən işlər görülüb. Bu dediklərimiz kifayətdir ki, hesabat müsbət qiymətləndirilsin”.

Əli Məsimli deyib ki, Azərbaycan 44 günlük Vətən müharibəsindən sadəcə qalib dövlət kimi yox, həm də daha böyük hədəflərə çatmağa qadir güclü bir ölkə kimi çıxıb: “Postmüharibə mərhələsində də Azərbaycan hərbi sahədə olduğu kimi, bütün sahə və istiqamətlərdə - iqtisadiyyatda, təhsildə, elmdə, səhiyyədə və digər sahələrdə rəqabətqabiliyyətli olmalı, səmərəli fəaliyyəti ilə seçilməlidir. Bu baxımdan yaşamağa başladığımız yeni dövrün reallıqları və 2030-cu ilə qədər dövrü əhatə edən Milli Strategiyanın tələbləri əlavə tədbirlər kompleksinin də həyata keçirilməsini obyektiv zərurətə çevirib. Hazırda mühüm aktuallıq kəsb edən əsas suallardan biri ondan ibarətdir ki, 2022-ci ildə əldə edilən yüksək artım tempini 2023-cü ildə də saxlamaq mümkün olacaqmı? 2023-cü ilin iki ayının nəticələri göstərir ki, Azərbaycan iqtisadiyyatı sürətli iqtisadi artım trayektoriyasından yavaşlayan iqtisadi artım trayektoriyasına keçir. 2023-cü ildə 2,7 faizlik iqtisadi artım proqnazlaşdırılıb. Bu ilin yanvar-fevral aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə cəmi 0,4 faiz çox ümumi daxili məhsul istehsal olunub. Belə aşağı göstəricilər Azərbaycanın potensial imkanlarından yetərincə istifadə olunması istiqamətində əlavə tədbirlərin görülməsini zəruri edir”.

Deputat qeyd edib ki, 2030-cu ilədək müəyyənləşdirilmiş Milli Prioritetlərdə göstərildiyi kimi, Azərbaycanda dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat, sosial ədalətə əsaslanan cəmiyyət formalaşdırmaqdan və insan kapitalından istifadənin səmərəliliyini artırmaqdan ötrü neft amilinin aparıcı roluna əsaslanan iqtisadi inkişaf modelindən insan amilinin prioritet təşkil etdiyi innovasiyalı inkişaf modelinə keçidin sürətləndirilməsinə yönəlik islahatların dərinləşdirilməsi, xüsusən də struktur islahatları, institusional dəyişikliklər, korrupsiyaya və inhisarçılığa qarşı mübarizənin gücləndirilməsi, iqtisadiyyatın şaxələnməsinin dərinləşməsi, iqtisadi azadlıqların genişləndirilməsi, modernləşmə və innovativ təşəbbüslərə geniş meydan verilməsi sahəsində əsaslı tədbirlərin optimal müddətdə reallaşdırılması təmin edilməlidir: “Bu kontekstdə idarəetmənin fəlsəfəsinin təklif olunan yeni modelin tələblərinə uyğunlaşdırılması, onun təşkilati strukturunun əsaslı surətdə təkmilləşdirilməsi, səmərəliliyinin yüksəldilməsi, o cümlədən regional idarətmənin və dövlət müəssisələrinin idarə olunmasında səmərəliliyin təmin olunması və sair bu kimi istiqamətlərdə real nəticə verə bilən kompleks tədbirlər həyata keçirilməlidir.

Hesabatda bildirilir ki, Azərbaycanda qiymətlərin artımının əsas səbəbi idxal olunan malların qiymətinin yüksəlməsi ilə bağlıdır. Son vaxtlar qlobal inflyasiya səngiməyə, bir sıra istiqamətlərdə isə aşağı düşməyə başlayb. Əgər bizdə əsas səbəb idxal inflyasiyası ilə bağlııdrsa, bəs onda niyə bizdə də qiymətlər nəzərəçarpan dərəcədə enmir? Əksinə, maaş, pensiya artacaq xəbəri çıxan kimi qiymətlər də sürətlə artır. Süni qiymət artımının hər faizinə görə əhali ildə 500 milyon manat və deməli, milyard manatlarla pul itirir. Ona görə də inhisarçılıq və süni qiymət artımına qarşı tədbirlər gücləndirilməlidir. Azərbaycan iqtisadiyyatının 75-80 faizi Bakı şəhəri və Abşeronun, sənayenin isə 87,5 faizi Bakının, 5,5 faizi Abşeronun, qalan 7 faizi isə ölkəmizin 12 iqtisadi rayonun payınına düşür. Bir zamanlar Azərbaycanın milli gəlirinin yarıdan çoxu yüngül və yeyinti sənayesinin payına düşürdü, iş yerlərinin, xüsusən də qadınlar üçün iş yerlərinin xeyli hissəsi həmin sahlərdə idi. İndi 86 milyard manatlıq sənayemizdə toxuculuq sənayesinin payı 572 milyon manat və ya 0,7 faizdir. Qida sənayesi də bu cür simvolik paya malikdir, amma bu haqda hesabatda aydın məlumat yoxdur. Sosial problemlərin çoxu, eləcə də onların kəskinləşməsi xeyli dərəcədə işsizlikdən qaynaqlanır. Yeni iş yerlərinin çoxu Bakı və Abşeronda açılır. Sənaye Parklarında açılan 9854 iş yerinin 523-ü, yəni cəmi 5 faizi Mingəçevir, Ağdam, Arazvadisi İqtisadi zonası Sənaye Parkının timsalında regionlarda açılıb. Biz işğaldan azad edilmiş torpaqlara “Böyük Qayıdış” Proqramını yüksək qiymətləndiririk. Eyni zamanda hesab edirik ki, “Böyük Qayıdış” Proqramı geniş anlamda Azərbaycanın bütün regionlarına tətbiq edilməlidir. Regionlarda əsasən daha çox imkan olan yüngül və yeyinti sənayelərinin inkişafına diqqət artırılmalı, yerlərdə orta əmək haqqına yaxın maaşları olan iş yerlərinin dairəsi genişləndirilməlidir ki, insanların rayonlarda qalıb işləməyə maraqları olsun”.

​Ə.Məsimli deyib ki, qeyd olunan tədbirlərin sistemli şəkildə həyata keçirilməsi həm iqtisadi artım tempinin yüksəlməsinə səbəb olar, həm də bu əsasda əhalinin güzəranının yaxşılaşdırılmasının iqtisadi əsaslarını möhkəmləndirmiş olar.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR