İnsanlara hürriyət, millətlərə istiqlal!

“Heydər Əliyev-İlham Əliyev doktrinası”: 100 illik geosiyasi fəlakətin sonu və ... - İbrahim Məmmədov yazır

Biz düz bir ay əvvəl geosiyasi fəlakət dövrünü yaşadığımız 200 illik tariximizin 4 böhran mənbəyindən – 1. Azərbaycan torpaqlarında süni Ermənistan dövlətinin yaradılması, 2. Zəngəzurda bufer zonanın yaradılması, 3. məcburi köçürmə yolu ilə süni DQR-in yaradılması, 4. işğal olunmuş 7 rayon - ən ciddi 2 böhran mənbəyinin – işğal olunmuş ərazilər və süni yaradılmış Qarabağ erməniləri probleminin, tam ləğvinin şahidi olduq.
19-20 sentyabr antiterror tədbirlərindən sonra nəinki, Azərbaycanın, bütün Cənubi Qafqazın geosiyasi tarixnin fizikası dəyişdi. Artıq “Qarabağ erməniləri məsələsi” regionun və millətlərin siyasi tarixinin neqativ katalizatoru rolunu oynamamaq potensialının böyük hissəsindən məhrum olub. Süni yaradılmış “erməni məsələsi” Cənubi Qafqazın siyasi proseslərində 200 illik aparıcı rolunu itirməkdədir.

Tarix fəlsəfəsinin araşdırdığı suallar sırasında “belə bir hadisə necə baş verdi?”, “belə bir nəticəyə hansı proseslər səbəb oldu?” kimi, baş verməsi mümkünsüz hesab olunan, gözlənilməyən hadisələrə dair suallar aktuallıq kəsb edir. Tarixçini ən mürəkkəb tarixi vəziyyətlərdən çıxmağın praktik yolları maraqlandırır. Ona görə ki, bu xalqları və siyasəti maraqlandırır. Bu səbəbdən siyasət üçün ən kritik dövrləri necə aşmağın mümkünlüyünü, alqoritmlərini öyrənmək çox mühümdür.

Gözləntiləri aşan tarixi hadisələrin sualı: Necə oldu ki, baş verdi?

Son 3 ildə Azərbaycan-Ermənistan qarşıdurmasında baş verənlərin dərk edilməsi üçün isə sonuncu sual “Necə oldu ki, baş verid?” sualıdır. Ona görə ki, 44 günlük müharibənin və antiterror tədbirlərin son qoyduğu sonrakı hadisələr zəncirinin nəticələri bütün gözləntiləri aşmış nəticələrdir.
Tarixdə buna oxşar hadisələr olub. Məsələn, necə oldu ki, 1870-ci ildə Prussiya ordusu silahlanmada daha üstün Fransa ordusunu məğlub etdi və hətta imperator Üçüncü Napoleonu əsir aldı? Polşada, 1989-cu ildə “Həmrəylik” həmkarlar ittifaqı kommunist idarəçiliyinə necə son qoya bildi? Necə oldu ki, ikiyə parçalanmış Almaniya 1990-cı ildə birləşə bildi? Axı, onun birləşməsinin əleyhinə olan çox güclü qüvvələr var idi. Bütün bunlar öz dövrləri üçün gözlənilməz nəticələr idi.

Əgər, hadisələrin nəticələri, hadisələrdən öncəki şərtləri və gözləntiləri aşıb müasirləri təəccübləndirirsə, tarixçilər insan faktorunu, subyektiv amilləri araşdıraraq mürəkkəb tarixi hadisələr zəncirinə aydınlıq gətirməyə çalışırlar. Məsələn, nə üçün Üçüncü Napoleon müharibəyə tam hazır olmadığı halda ehtiyatı əldən verib hərbi islahatları başa çatdırmış Prussiya ilə müharibəyə girdi? Bismark onu necə təhrik edə bildi? ABŞ və Britaniyaya sərfəli olmadığı halda nə üçün R.Reyqan və böyük Corc Buş Marqaret Tetçeri dilə tuturdu ki, Almaniyanın birləşməsinə razılıq versin? Bu suallara cavabların tapılması, araşdırılan hadisələrin baş verdiyi dövrdə liderlərin, ayrı-ayrı iştirakçıların, bir sözlə subyektiv faktorların rolunu, hərəkətlərini və məqsədlərini, onların fəaliyyətinin əhəmiyyətini, xalqların mədəni spesifikliyini öyrənməyi tələb edir.

Savaşla yazılmış tarixdə Şəxsiyyətin rolu

Tarixdə şəxsiyyəti rolu haqda diskussiyalarda əsasən 3 yanaşma var: 1. Şəxsiyyətin rolu aparıcıdır; 2. Subyektiv faktorun rolu minimumdur, əsas obyektiv şərtlərin mövcudluğudur; 3. Obyektiv və subyektiv faktorların rolu 50-nin 50-yə nisbətində, yarıbayarıdır. Yəni, əlverişli tarixi şəraitlə güclü şəxsiyyətin iradəsi üst-üstə düşdükdə Zəfər qazanılır.

Bu diskussiyada üçüncü variantın tərəfdarları əksəriyyət təşkil etsə də, kontekstdən asılı olaraq faktorların xüsusi çəkisi dəyişə bilər. Məsələn, əgər tarixi prosesin katalizatoru müharibə amilidirsə, yəni, tarixin gedişi müharibə nəticəsində dəyişirsə, başqa sözlə, bütöv bir tarixi dövrün sona çatmasına ən radikal addım olan müharibə təkan verib dəyişikliyə səbəb olursa, burada şəxsiyyətin rolu, subyektiv faktorlar obyektiv faktorları üstələyə bilir. Ümumiyyətlə, Müharibə subyektiv faktordan asılı olan tarixi hadisələr sırasında birinci yerdədir.

Azərbaycanın gözləntiləri aşan uğuru

Ona görə də sual olunur: postsovet coğrafiyasında eyni vaxtda alovlanmış 4 münaqişə ocağından niyə məhz Qarabağ münaqişəsini “təmiz qələbə” ilə başa çatdırmaq Azərbaycana nəsib oldu? Necə oldu ki, Azərbaycan nəinki, işğal olunmuş ərazilərini azad edə bildi, hətta separatizmin kökünü kəsməyə, separatçıları, hərbi cinayətkarları həbs etməyə nail oldu? Axı, 44 günlük savaşdan əvvəlki şərtlərin hesablanması bu nəticələri göstərə bilmirdi. Odur ki, yuxarıda qeyd etdiyimiz nəzəri konsepsiyaya uyğun olaraq cavabı obyektiv şərtlərlə yanaşı, şəxsiyyətlərin rolunda, subyektiv faktorlarda və yürütdükləri siyasətin özəlliklərində axtarmağa ehtiyac var.
Vəziyyəti tam təsəvvür etmək üçün tarixdəki analoji proseslərdən nümunələr gətirmək və müqayisələr aparmaqda fayda var.
Bu gün biz Azərbaycan tarixinin yeni mərhələsinə keçid dövrünü yaşayırıq. Əsas təzahürü 30 illik işğal olan geosiyasi böhran dövründən yeni, daha çox təhlükəsizlik, siyasi sabitlik, milli və regional inkişaf vəd edən geosiyasi reallığa keçid prosesinin içərisindəyik. 30 illik geosiyasi böhran dövrünü necə keçirdiyimiz haqda informasiya, biliklər hələ köhnəlməyib və bu barədə çox yazılıb. Ancaq, bununla belə geosiyasi böhran dövründə yürüdülmüş siyasəti həm də tarixi-müqayisə kontekstində təhlil edib gələcək nəsillərə ötürmək vacibdir.
Azərbaycanda 1993-2020-cü illər ərzində aparılmış siyasətin prinsiplərinə oxşar yanaşmaların fərqli tarixlərdə və fərqli geosiyasi reallıqlarda, fərqli siyasətçi və hökumətlər tərəfindən tətbiqinin müqayisəli təhlili göstərir ki, artıq reallıqda Azərbaycan tarixinin sınağından çıxmış bu siyasət fərqli coğrafiyalarda və dövrlərdə də öz bəhrəsini verib.

Tarixi paralellər: geosiyasi oxşarlıqlar və fərqlər

Höte: “Nəzəriyyə qup-qurudur ay dostum, amma həyat ağacı qərq olub yaşıllığa”.

Mark Fabi Kvintilian: “Nəzəriyyəsiz təcrübə daha qiymətlidir, nəinki təcrübəsiz nəzəriyyə”.

İkinci dünya müharibəsi gedişində Finlandiyanın SSRİ-yə məğlubiyyətindən sonra Helsinkinin onilliklərlə yürütdüyü, prezidentlər Yuho Kusti Paasikivi (1946-56) və Urho Kaleva Kekkonenin (1956-82) adları ilə tarixə düşmüş “Paasikivi-Kekkonen doktrinası”nın tarixi təcrübəsi Azərbaycanın 28 il ərzində yürütdüyü siyasətin təməl prinsiplərinin doğruluğunu təsdiqləyir.

İkinci dünya müharibəsindən sonra ikiyə bölünmüş Almaniyada K.Adenauer və V. Brandtın realist siyasətinin prinsipləri – Avropanı iqtisadi əsaslarda birləşdirmək, “mövcud reallıqları tanımaq” və “real şərtlərdən çıxış etmək”, 45 il ərzində addım-addım, səbrlə birləşməyə doğru aparan siyasət xətti də Azərbaycanın 28 il ərzində tətbiq etdiyi baza prinsiplərin oxşarıdır.

Geosiyasi vəziyyətinə görə Azərbaycanın 17-ci əsr alman knyazlıqları, 18-19-cu əsrlərin Prussiyası, 20-ci əsrin Almaniyası ilə oxşarlığını nəzərə alaraq bəzi paralellərə nəzərə salaq. Onlar da Azərbaycan kimi çoxsaylı dövlətlərlə əhatə olunmuşdu, Prussiyanı əhatə edən ölkələrdən ikisi - Fransa və Avstriya isə hətta güclü imperiyalar idi. Alman dövlətlərinin tarixi təcrübəsi göstərir ki, çoxsaylı dövlətlərin əhatəsində olmaq əlverişli iqtisadi və ticari imkanlar açdığı halda, qüvvələr nisbətini öz xeyrinə dəyişməyi nəzərdə tutan hərbi planlar üçün çox təhlükəlidir və dərhal bütün qonşuları ona qarşı birləşməyə sövq edir. Belə bir “kontinent daxili dövlət” olaraq Almaniyanın tarixində 2 uğurlu, 3 fəlakətli dövr təcrübəsi var. Uğurlu dövrlər Prussiya kralı Böyük Fridrix və Prussiyanın əfsanəvi kansleri O.Bismarkın adı ilə bağlıdır.

Bismark.jpg (42 KB)

Bismark

Uğursuz dövrlər isə Habsburqların başlatdığı, Almaniyanın əhalisinin yarısını itirdiyi Otuzillik müharibə (1618-1648), 1-ci və 2-ci Dünya müharibələridir.
Habsburqlar 1618-ci ildə, Birinci Vilhelm 1914-cü ildə, Hitler isə 1939-cu ildə çoxsaylı ölkələrlə əhatələnmiş “kontinent daxili dövlət” olmanın şərtlərini doğru qiymətləndirə, qüvvələr nisbətinin dəyişməsini gözləyə, sərfəli ittifaqlar yarda bilmədilər, qüvvələr nisbətini özləri, birtərəfli qaydada dəyişməyə qalxdılar. Hər 3 müharibə almanlar üçün fəlakətlə nəticələndi.
Əksinə, eyni coğrafiyada Böyük Fridrix 1756-63-cü illərdə Yeddillik müharibədən qalib çıxıb Prussiyanı xeyli gücləndirdi.

korol Fridri.jpg (160 KB) 

Böyük Fridrix

O.Bismark isə Avstriya və Fransa ilə müharibələri Prussiyanın xeyrinə bitirərək Almaniyanın birləşdirilməsinə nail oldu.

O.Bismark və Böyük Fridrix Almaniyanın ikisi böyük və daha güclü olmaqla çoxsaylı dövlətlərin əhatəsində olduğunu doğru hesablayaraq şərtləri birbaşa dəyişməyə təşəbbüs etmir, qüvvələr nisbətinin başqalarının təşəbbüsü ilə dəyişdiyi məqamı gözləyə bilir, başqa dövlətlər arasında ziddiyyətlərdən yararlanır, uğurlu ittifaqlar qurmaq məharəti nümayiş etdirirdilər. Habsburqlar və Almaniyanın 1-ci və 2-ci Dünya müharibələrini başladan liderləri isə əlverişli şərtlərin olmadığı zamanda təşəbbüs göstərərək şərtləri dəyişməyə çalışdılar və əksəriyyəti özlərinə qarşı birləşməyə təhrik etdilər.
Bu tarixi nümunədə oxşar geosiyasi şərtlər altında olan iki fərqli regionda “Heydər Əliyev-İlham Əliyev doktrinası”nın baza prinsipləri ilə “Bismark və Böyük Fridrix siyasəti”nin prinsipləri oxşarlıq təşkil edir.

Снимок.jpg (46 KB)

2020-23-cü illərin hərbi-siyasi, diplomatik uğurlarının səbəbi də elə budur. Deməli, artıq şübhə yoxdur ki, Prezident İ.Əliyev ötən 20 ildə tənqidçilər tərəfindən tələsdirildiyi kimi şərtlər yetişməmiş, vaxtından əvvəl hücum əmrini vermiş olsa idi, Azərbaycan Almaniyanın otuzillik müharibə və 1-ci və 2-ci dünya savaşlarından sonrakı və yaxud da Finlandiyanın 1940-cı ildəki vəziyyətinə düşə bilərdi. Bu müqayisə bizə imkan veirir ki, rasional siyasət nəticəsində hansı fəlakətlərdən qurtulduğumuzu da təsəvvür edə bilək.


Daha bir nümunə Yaponiyadır. 215 illik “özünütəcrid siyasəti”nə son qoymaq məcburiyyətində qalan, Qərb dövlətləri ilə yaponların “alçaldıcı” hesab etdikləri 1858-ci il sazişini imzalamağa məcbur olmuş Yaponiya dəyişikliyə içəridən, özünü islahatdan başlamışdı. Yeni geosiyasi reallıqları nəzərə alaraq ölkədə köklü islahatlar apardıqdan sonra vəziyyət dəyişdi və təqribən 40 ildən sonra Yaponiya yeni güc kimi meydana çıxıb 1894-95-ci illərdə Çin ilə müharibədə Tayvanı zəbt etdi. 1904-1905-ci illərdə Rusiya ilə müharibədə qalib gələrək Cənubi Mancuriya dəmiryolu üzərində nəzarəti ələ aldı. 1905-ci ildə Koreya üzərində protektoratlığa, 1910-cu ildə isə yarımadanı anneksiya etməyə nail oldu. Paralel olaraq 1858-ci ildə imzalanmış “qeyri-bərabər” müqavilələr də addım-addım qüvvədən salındı.


Azərbaycanın 1993-2020-ci illər ərzində yürütdüyü siyasətin prinsiplərinin bu sadaladığımız tarixi nümunələrlə müqayisəsi çox maraqlı mənzərəni ortaya çıxarır və tarixi ümumiləşdirmə imkanı verir.

“Paasikivi-Kekkonen doktrinası” ilə “Heydər Əliyev-İlham Əliyev doktrina”sının müqayisəsi


Azərbaycanın Respublika tarixi və müstəqillik dövrünün Finlandiyanın (əhalisi-5.6 milyon) müstəqillik dövrü ilə müqayisə olunmalı çox məqamları var. O Finlandiya ki, NATO üzvlüyünü bu alyans yarandığı gündən gözləyir, paralel olaraq SSRİ və daha sonra Rusiya ilə sıx iqtisadi, humanitar əlaqələr qurur, Moskva əleyhinə layihələrdə iştirak etmirdi.

Finlandiya Rusiya imperiyasından 1917-ci ildə, Azərbaycan isə 1918-ci ildə müstəqilliklərini elan etdilər. Hər ikisi Rusiya ilə həmsərhəddir. 1917-ci ildə müstəqilliyini elan edərkən Almaniya Finlandiyaya kömək etmişdi.

1918-ci ildə Osmanlı imperatorluğu Azərbaycanın müstəqilliyini qorumasına dəstək verdi. 1922-ci ildə isə Azərbaycan Atatürk Türkiyəsinin əl-qolunun bağlı olması səbəbindən müttəfiqsiz qaldı və SSRİ-nin tərkibinə daxil edildi, 18 il sonra 1940-cı ildə Finlandiya savaşda SSRİ-yə məğlub oldu. Bu dəfə Almaniya Finlandiyaya dəstək vermək iqtidarında deyildi. Britaniya da Almaniyadan təhlükə gözləntisinin təsiri altında Finlandiyanın məğlubiyyətini kənardan izləməli oldu. 1940-cı il məğlubiyyətindən sonra Finlandiya dövləti dərin böhrana girdi. Amma, məhz “Paasikivi-Kekkonen siyasi xətti”nin və ya “doktrina”sının tətbiqi nəticəsində böhran mənbələrini bərtərəf edib yeni inkişaf səhifəsini açmaq mümkün oldu.


Prezident Paasikivi geosiyasi reallığı Finlandiyanın iqtisadi və siyasi inkişafının baza çərçivəsi kimi götürdü və bu siyasət uzun illər qərb dövlətləri tərəfindən tənqidə məruz qalmasına baxmayaraq uğurla davam etdirildi.

Bəs “Paasikivi-Kekkonen doktrinası” adlanan siyasətin təməl prinsipləri nədən ibarət idi?

passikivi.jpg (48 KB)

Paasikivi

1946-82-ci illərdə Finlandiya müstəqilliyini qoruyub saxlamaqla yanaşı, öz xarici siyasətində SSRİ-nin maraqlarını da nəzərə almaq, Avropa İttifaqı və NATO da daxil olmaqla Avropa strukturlarına inteqrasiya məsələsində təmkin və rasionallıq nümayiş etdirdi.


Azərbaycan da 1993-cü ildən başlayaraq Finlandiyanın təqribən 40 il ərzində yürütdüyü siyasətin prinsiplərini Cənubi Qafqazda tətbiq etdiyi üçün, bu siyasəti də “Heydər Əliyev-İlham Əliyev doktrinası” adlandıra bilərik.
Finlandiya 1940-cı ildə SSRİ ilə müharibəni uduzduqdan sonra bu siyasətin tətbiqinə qərar verdi. Azərbaycan da 1993-cü ilin aprelindən avqustun sonunadək 6 rayonu itirərək dərin hərbi, siyasi və iqtisadi böhrana girmişdi. 1940-cı ildə Finlandiya kimi Azərbaycan da müttəfiqsiz qalmışdı və vəziyyətdən təkbaşına çıxmalı idi.
Səbəblər də aşağı-yuxarı oxşardır: Finlandiyanın SSRİ ilə tarazlaşdıracaq alternativ müttəfiqi yox idi. Üstəlik, 1939-40-cı illər Sovet-Fin savaşını uduzmuşdu. Müharibədən sonra Almaniya parçalanmışdı, NATO da uzaqda, sosialist düşərgəsinin o tayında idi. Qonşu İsveç və Norveç isə SSRİ-yə qarşı alyans yaratmaq iqtidarında deyildilər.
Azərbaycanda isə vəziyyət Finlandiyadan daha ağır idi. İqtisadi inkişaf üçün Finlandiyanın Baltik dənizinə, Avropa bazarına, dünya okeanına çıxışı, İsveç və Norveçlə quru əlaqələri var idisə, Azərbaycanda belə çıxışların olmamasına hələ Ermənistanla müharibə də əlavə olunmuşdu. Odur ki, “Paasikivi-Kekkonen xətti”ndən fərqli olaraq “Heydər Əliyev-İlham Əliyev doktrin”i daha ağır coğrafi, hərbi və iqtisadi şərtlər daxilində müstəqilliyi qoruyub saxlamağa hədəflənmişdi.
Baş nazir olduğu dövrdə Paasikivi SSRİ-nin geosiyasi təsir gücünü nəzərə alaraq hətta 1944-ci ildə Kommunist partiyasının üzvünü Finlandiya hökumətinə təyin etmiş, ikinci hökumətdə isə Kommunist partiyası koalisyaya daxil edilmişdi.
Prezident Paasikivi 1948-ci ildə SSRİ ilə dostluq və tərfdaşlıq haqda saziş imzalamaqla yeni siyasi münasibətlər erasının əsasını qoydu. SSRİ ilə NATO arasında neytral mövqe tutmaqla Prezident Paasikivinin əsas hədəfləri Finlandiyanın sovetləşməsinin, kommunist partiyasının hakimiyyətə gətirilmısinin qarşısını almaq, Finlandiyanın müstəqilliyini qorumaq və paralel olaraq Avropa ilə iqtisadi-ticarət əlaqələrini saxlamaq, tədricən dərinləşdirmək idi. Halbuki, beynəlxalq təşkilatlarda Finlandiya SSRİ ilə eyni mövqedə dayanır, səsvermə zamanı həmrəylik göstərir və yaxud da səsvermədə iştirak etmirdi. Paasikivi hətta 1954-cü ildə Lenin ordeni ilə də təltif edilmişdi.
Bu siyasət 1961-ci ildə Almaniya və Qərbi Berlin böhranı zamanı Prezident Kekkonenin Xruşovla yaxşı şəxsi münasibətləri sayəsində (deyilənə görə Novosibirskidə rus hamamında istirahət zamanı anlaşma əldə edilmişdi – İ.M.) Finlandiyanı vəziyyətdən çıxardı və sovetləşdirilməsinin qarşısını aldı.

Kekkonen.jpg (32 KB)

Kekkonen

Kekkonenin 25 illik prezidentliyi dövründə Qərblə əlaqələr də SSRİ-dən uzaqlaşmadan xeyli gücləndirildi. Finlandiya ilə SSRİ arasında elə güclü iqtisadi əlaqələr var idi ki, hətta SSRİ-nin tənəzzülündən sonra 1991-1994-cü illərdə Finlandiya iqtisadiyyatı dərin böhran keçirmişdi. Bununla belə “Paasikivi-Kekkonen siyasi doktrinası” Finlandiyanı tarixinin ən dərin böhranından çıxararaq inkişaf etmiş dövlət səviyyəsinə çatmasında mühüm rol oynadı.
“Paasikivi-Kekkonen siyasi doktrinası”nın nəticələri nədən ibarət oldu: başqa Şərqi Avropa ölkələrindən fərqli olaraq Finlandiya sovet qoşunları tərəfindən işğal olunmadı, əsas demokratik institutları, qərb demokratiyası qaydalarını qoruyub saxladı, bazar iqtisadiyyatı qaydalarını tətbiq etdi, sürətli sənayeləşməyə nail oldu, 1970-ci illərdə Finlandiyanın sənayesi Qərbi Avropa ölkələri səviyyəsində idi.

Uzun illər SSRİ-ni nəzərə alaraq çoxtərəfli qərb ittifaqlarından məsafə saxlayaraq ikitərəfli münasibətlərə üstünlük verən Finlandiya 1995-ci ilin yanvarın 1-də Avropa İttifaqına daxil oldu. Rusiyanın NATO ilə əlaqələrə çox həssas yanaşmasını nəzərə alan Finlandiya hətta 2023-cü ilədək alyansa üzv olmağa ehtiyac duymurdu. Yalnız Ukrayna müharibəsi başlandıqdan sonra, 2023-cü ilin aprelində Helsinki NATO-ya üzvlüyə qəti qərar verdi.
Gözümüzün qarşısında geosiyasi reallığı nəzərə alan praqmatik, “realpolitik” nümunəsi var və “Heydər Əliyev və İlham Əliyev siyasi doktrinası”nın mahiyyətcə oxşarıdır. Əsas prinsiplər reallığın diqtə etdiyi çərçivələr daxilində inkişaf etmək və şərtlərin yetişdiyi zamanı səbrlə gözləyib hədəfə çatmaqdır. Burada “1. Obyektiv şərtlər, 2. zaman və 3. Subyektiv şərtlər-dəyişikliyə hazırlıq səviyyəsi” əsas məqamlardır.

1993-2020-cü illərdə, 30 il ərzində “Heydər Əliyev-İlham Əliyev doktrinası”nın, geosiyasi reallıqları nəzərə alan siyasi xəttin tətbiqi nəticəsində əvvəlcə ermənilərin hücumu dayandırıldı və 1994-cü ildə əks hücumla bəzi ərazilər azad olundu, bunun ardınca Bişkek protokolunun imzalanması ilə dövlətin ən ağır böhran mənbəyi olan hərbi əməliyyatlara fasilə verildi, atəşkəs elan olundu. İki istiqamətdə separatizm ocağı söndürüldü, daxili siyasi və hərbi qarşıdurma mənbələri ləğv edildi. Heydər Əliyev böhran mənbələrinin bəzilərini ləğv etdi, bəzilərini isə neytrallaşdırdı və təcrid edərək ölkənin bütün həyatına təsirinin qarşısını aldı. Məhz böhran mənbələrinin hasarlanaraq ölkənin başqa sferalarına neqativ təsirini azaltmaq nəticəsində Azərbaycan sərhədlərinin xarici hərbçilərin nəzarətinə verilməsinin qarşısı alındı, xarici neft şirkətləri ilə müqavilələr imzalandı, iri infrastruktur layihələri həyata keçirildi, iqtisadiyyat bərpa olundu.

O zaman bəzən güzəşt kimi şərh olunan və ermənilərin qələbə kimi təqdim etməyə çalışdıqları 1994-cü il Bişkek protokolu bu gündən baxdıqda, əslində 2020-ci il 44 günlük savaşa hazırlıq üçün atılmış ilk addım olduğu görünür.
Ermənistanın simasında ciddi hərbi-siyasi ittifaqla üz-üzə təkbətək qalmış Azərbaycan Müstəqil Dövlətlər Birliyinə daxil oldu, Rusiya ilə iqtisadi və humanitar, mədəni əlaqələri bərpa etməyə başladı.

Azərbaycanla Almaniya nümunəsinin (1945-...) müqayisəsi


Bütün müqayisələrdə müqayisə olunan hadisələrin heç də bütün elemetləri üst-üstə düşmədiyi üçün “hər cür müqayisə qüsurludur” deyirlər.
Amma, yenə də Heydər Əliyevin 1993-94-cü illərdə atdığı bəzi addımları İkinci dünya müharibəsindən sonra K.Adenauer və Villi Brandtın atdığı addımlarla da müqayisə etmək olar. Reallığı qəbul edən Adenauer 1955-ci ildə SSRİ ilə diplomatik münasibətlər yaratdı, amma parallel olaraq AFR-də Kommunist partiyasını ləğv etdi. Eyni prinsiplə, Kekkonen SSRİ ilə yaxşı münasibətlərin, Xruşşovla dostluq əlaqələrinin hesabına Finlandiyanın sovetləşməsinin qarşısını almışdı. SSRİ ilə diplomatik münasibətlər Adenauerə ABŞ-SSRİ ziddiyyətlərindən Almaniyanın xeyrinə yararlanmaq üçün şərait yaradırdı.
Almaniya Federativ Respublikasının (AFR) realist kansleri Villi Brandt ölkədaxili təzyiqlər altında Almaniya Demokratik Respublikasını (ADR) və Şərqi Avropanın kommunist rejimlərini tanıdı. SSRİ ilə anlaşmaya nail oldu, Polşa ilə münasibətlər yaratdı. Bununla da AFR-in Avropadakı aqressiv dövlət imicini dəyişməklə yanaşı sürətli iqtisadi inkişafı üçün siyasi mühit formalaşdırdı. İndi qərb analitikləri hesab edirlər ki, Konrad Adenauerin Avropada inteqrasiya siyasətinin (Avropa Kömür və Polad İttifaqının yaradılması) və Villi Brandtın bu addımlarının nəticəsi idi ki, 1990-cı ildə Helmut Kol asanlıqla Almaniyanın birləşdirilməsinə nail oldu, Angela Merkel isə Almaniyanı Avropa İttifaqının iqtisadi və siyasi liderinə çevirə bildi.
Əgər paralellər aparsaq, Heydər Əliyevin MDB-yə üzvlük, atəşkəs başda olmaqla daxili və xarici böhran mənbələrini təcrid etmək siyasətini Almaniyada K.Adenauerin və Villi Brandtın, Finlandiyada isə Paasikivi-Kekkonenin siyasi xətti ilə müqayisə etmək olardı. 

adenauera.jpg (43 KB)

Adenauer

Prezident İlham Əliyevin siyasəti isə hər iki mərhələnin – “Adenauer-Brandt” və “Helmut Kol-Merkel mərhələləri”nin əlamətlərini ehtiva edir. Burada diqqət mərkəzində olan ölkələrin deyil, tətbiq olunan siyasi prinsiplərin müqayisəsi və paralellərdir.

1993-2020-ci illərdə yürüdülmüş “Heydər Əliyev və İlham Əliyev siyasi doktrinası”nın analogiyasını uzaq Yaponiya tarixində Meydzi dövrünün (1868-1889-cu illər) daxili siyasi və iqtisadi transformasiya siyasətindəki paralellərdə də tapmaq olar. Heydər Əliyev Azərbaycanı və bütövlükdə Xəzər hövzəsini Qərb kapitalı üçün açdı və qapalı regionun dünya bazarlarına çıxışı təmin etdi, Meydzi sülaləsi isə Yaponiyanın özünütəcridinə son qoydu, məşhur “İvakurun missiyası” vasitəsilə dünyanın təcrübəsini Yaponiyaya gətirdi. Yeri gəlmişkən, “İvakurun missiyası”nı Prezident İlham Əliyevin xaricdə təhsil Proqramı ilə müqayisə etmək olar. Hər ikisində məqsəd dünyanın müxtəlif ölkələrindən təhsil, biznes və idarəçilik təcrübələrini mənimsəyib öz ölkəsində tətbiq etməkdir.

Uzun illər Qərb koalisiyası Finlandiyanı SSRİ ilə yumşaq davranmaqda, siyasətini Kremllə uzlaşdırmaqda, Avropanın iqtisadi və hərbi strukturlarından məsafə saxlamaqda ittiham edir, SSRİ ilə əməkdaşlığa meyl göstərilməsini ironiya ilə “finlyandizasiya” adlandırırdılar.
Oxşar fikirlər “demokratiya” şüarları altında Azərbaycana qarşı da səslənirdi. Daxildə isə Qarabağı azad etmək üçün “lazım nə vaxt gələcək” sarkazmı onu işlədənlərin özünə qarşı çevrildi. Halbuki, tarixi faktlar sübut edir ki, “Lazımın gəlməsini gözləmək” böyük siyasi müdriklik, geosiyasi dəyişiklikləri proqnozlaşdırmaq və oxumaq, dəyişəbilən şərtləri öz xeyrinə dəyişmək qabiliyyəti tələb edir.
SSRİ dağıldıqdan və Almaniya birləşdikdən sonra 1995-ci ildə Finlandiya Avropa İttifaqına, 1996-cı ildə Şengen Şurasına, Ukrayna savaşı başlandıqdan sonra 2023-cü ildə isə NATO-ya üzv oldu. Amma, yenə də Finlandiya Rusiyaya münasibətdə iqtisadi və geosiyasi, təhlükəsizliklə bağlı reallığı nəzərə alaraq qərarlar qəbul edir, bu gün də Finlandiya Prezidenti Sauli Niinistyö Qərbə Rusiya ilə münasibətlərdə körpüləri yandırmamağı, “bir-birinə azacıq da olsa dözümlü” yanaşmağı məsləhət bilir. (“Nyu-York Tayms”a müsahibədə. 17-19 sentyabr.)
Azərbaycan 44 günlük müharibə ilə ərazilərini azad etdikdən sonra Türkiyə ilə strateji, o cümlədən də hərbi və müdafiə sahələrini ehtiva edən Şuşa Bəyannaməsini, Rusiya ilə müttəfiqliyə dair bərabərhüquqlu Bəyannaməni imzaladı. Rusiya ilə imzalanmış müttəfiqlik bəyannaməsi Azərbaycanın yaratdığı yeni geosiyasi reallığı özündə ehtiva və rəsmən təsdiq edən, Azərbaycanın fundamental maraqlarını bərabərhüquqlu əsasda tanıyan, ölkəmizin təhlükəsizliyi üçün çox mühüm olan bir sənəddir.
Addım-addım öz ərazi bütövlüyü təmin etməyə başladı.
İstər Yaponiyada 1868-1889-cu illər Meydzi dövrünün və ondan sonra 1912-ci ilə qədər yürüdülən siyasəti, istər Adenauer və Villi Brandtdan Helmut Kol və Angela Merkelə qədərki Almaniya siyasəti, istər “Paasikivi-Kekkonen”, istərsə də “Heydər Əliyev-İlham Əliyev doktrina”larının uğurunun təməlində duran səbəblər coğrafiyanı doğru oxumaq, onun diqtə etdiyi reallıqdan çıxış etmək, uzun onilliklər səbrlə hazırlaşaraq hədəfə doğru irəliləməyi bacarmaqdır.

Paasikivi və Kekkonenin 35 il ərzində apardıqları realist-praqmatik siyasi xətt bugünkü Finlandiyanın nail olduğu iqtisadi, siyasi və təhlükəsizlik statusunun baza səbəbidir. Məhz onların siyasi xətti bugünkü imkanları təmin etdi.
Almaniyada K.Adenauer və V.Brandtın tətbiq etdikləri “reallıqla barışıq siyasəti” Helmut Kola Almaniyanı birləşdirmək, A.Merkelə isə Avropa İttifaqının, avrozonanın liderı olmaq üçün tarixi, siyasi və iqtisadi zəmini təmin etmişdi.

“Heydər Əliyev-İlham Əliyev siyasi doktrin”in fərqli, özünəməxsus cəhəti isə odur ki, geosiyasi reallığın nəzərə alınması, danışıqlara hazırlıq mütləq güc faktoru ilə müşaiyət olunur. Məsələn, Heydər Əliyev 1993-1999-cu illərdə Boris Yeltsinin təzyiq və iqtisadi blokada siyasətinə əks təzyiqlərlə cavab verdi. Vladimir Putinin hakimiyyətə gəlməsindən sonra isə Rusiyanın atdığı pozitiv addımları dərhal dəyərləndirib münasibətləri yaxşılaşdırmaq kursunu tətbiq etməyə başladı. İkinci misal: 1994-cü ildə Ermənistanla Bişkek protokolunu imzalamazdan öncə uğurlu hərbi əməliyyatlar keçirib bir neçə kəndi və Horadizi işğaldan azad etdi, yalnız bundan sonra atəşkəsə dair protokol imzalandı.
Eyni prinsipləri Prezident İlham Əliyevin 2016-cı ilin aprelindən indiyə qədər tətbiq etdiyi yanaşmada da müşahidə edirik. Güc tətbiqi ilə danışıqları bacarıqla növbələndirmək sayəsində Azərbaycan 44 günlük savaş zamanı ən ağır relyef və hərbi şərtlər altında olan 3 rayonu, 19-20 sentyabr lokal antiterror əməliyyatı zamanı isə Qarabağdakı bütün qalan yaşayış məntəqələrini döyüşsüz azad edə bildi. Gücdən bacarıqla istifadə, vaxtında dayanıb danışıqlar aparmaq hər iki halda savaşın qalan hissəsini döyüşsüz qazanmağa imkan verdi.
Bu, həm də onu göstərir ki, İ.Əliyev gücü yalnız son anda, zəruri və legitim nəticənin əldə olunması üçün dinc mexanizmlər tükənəndə istifadə etmək tərəfdarıdır və nəticəyə yol açılan anda, güc tətbiqi dərhal dayandırılır. İkincisi, İ.Əliyevin tətbiq etdiyi gücün özü həm siyasi, həm də hüquqi baxımdan legitim olduğu üçün əldə etməyi planlaşdırdığı hədəf də legitimdir.

2022-ci ilin 13 sentyabrında də strateji yüksəkliklərə nəzarətin ələ alınmasından sonra dərhal sonra 2022-ci ilin sentyabrın 14-də Ceyhun Bayramov Ararat Mirzoyan və Antoni Blinkenlə danışıq apardı, oktyabrda isə Prezident İlham Əliyev Praqa bəyanatını imzalandı.
2023-cü ilin aprelin 23-də Laçın sərhəd-keçid məntəqsinin bərpasından dərhal sonra Nyu-Yorkda A.Blinkenin vasitəçiliyi ilə və təkbətək formatda Ceyhun Bayramovla Ararat Mirzoyan arasında 4 gün ərzində danışıqlar keçirildi, iyulun 15-da Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə üçtərəfli görüş oldu.
Bu məqamda klassik anqlo-sakson siyasi məktəbinin yetirməsi və ənənələrinin daşıyıcısı Marqaret Tetçerdən sitat gətirmək yerinə düşür: “Xarici siyasət və təhlükəsizliyin təmin olunmasında başqa dövlətlərlə münasibətdə öz məqsədlərinə çatmaq, hər şeydən əvvəl güc və qüdrətdən istifadədir. Mən mühafizəkar kimi bunu təsdiq etməkdən qətiyyən qorxmuram. Beynəlxalq münasibətlərdə gücdən istifadə etmədən istədikləri nəticələri əldə etməyi qoy başqaları sınaqdan çıxarsın. Onlar uğursuzluğa məhkumdur. Belə uğursuzluqlar isə əksər hallarda daha çox ziyan vurur, nəinki qüvvələr balansı və etibarlı müdafiə sistemi kimi ənənəvi vasitələr”.

44 günlük savaşın sona yetməsindən dərhal sonra Prezident İlham Əliyevin 3+3 formatının yaradılması təşəbbüsü ilə çıxış etməsi də “Heydər Əliyev-İlham Əliyev doktrinası”nın məntiqindən doğur. 3+3 formatı müharibədən sonra formalaşmış yeni geosiyasi vəziyyətin qonşu dövlətlərə qarşı çevrilmədiyini, əksinə region üçün yeni imkanlar açdığını nümayiş etdirir. Təsadüfi deyil ki, Azərbaycanın Hərbi doktrinasının “müdafiə siyasəti” bölümündə “qonşularla münasibətlərin inkişafı” təhlükəsizliyin qeyri-hərbi kompanentləri sırasında birinci yerdə gəlir.

Ermənistandan fərqli olaraq bu gün də qonşularla münasibətlər Azərbaycanın xarici siyasətinin əsas istiqamətini təşkil edir. Əvvəla ona görə ki, dünyada qlobal miqyaslı gərginliklər artdıqca qonşularla sülh və əməkdaşlıq, ticarət əlaqələrinin genişləndirilməsi təhlükəsiliyin prioritetinə çevrilir. Qonşularla sülh sərhədlərin bilavasitə təhlükəsizliyi və deməli, hərbi-siyasi, fiziki təhlükəsizliyin təminatı deməkdir. Qonşularla yaxşı münasibətlər iqtisadi baxımdan bazarın genişləndirilməsi, ticarət dövriyyəsinin artması, region üçün prioritet olan qlobal nəqliyyat dəhlizlərinin fəaliyyəti və ölkələrdə sosial vəziyyətin sabitləşməsi deməkdir ki, bu da iqtisadi və təhlükəsizlik aspektləridir. Belə görünür ki, hazırda qonşularla yaxşı münasibətlər bütövlükdə milli təhlükəsizliyin baza prinsipinə çevrilib. “Heydər Əliyev-İlham Əliyev doktrinası” isə bu şərtləri nəzərə almağın üzərində qurulub və 30 il ərzində onun bazasını yaradıb.
Beləliklə, əgər tarixi hadisələrin nəticələri onlardan öncəki şərtlərlə proqnozlaşdırılmırdısa, gözlənilməz nəticələri ortaya qoyubsa, burada şəxsiyyətlərin və milli ruhun rolu danılmazdır. Şəxsiyyətin rolu isə reallığın diqtə etdiyi şərtləri dəqiq oxumaq, vəziyyəti düzgün qiymətləndirmək, əlverişsiz qüvvələr nisbətinin dəyişməsinə çalışmaq və dəyişməsini gözləmək, nəhayət qüvvələr nisbətinin dəyişdiyi məqamı dəqiq müəyyənləşdirmək, etibarlı müdafiə sistemi qurmaq, hücumun vaxtını dəqiq hesablamaqdan ibarətdir. Milli ruh isə ümumilli və tarixi məqsəd ətrafında milli həmrəyliyi ehtiva edir.

İbrahim Məmmədov
Tarix üzrə fəlsəfə doktoru

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Noyabr 2024

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR