İnsanlara hürriyət, millətlərə istiqlal!

Həyatımızdan çıxan ev telefonları - hökumət onları mobilləşdirə bilərmi

Elvin Abbasov: “Hazırda texnologiya sabit telefon nömrələrinə də mobil daşıma imkanlarını verir”

Dünya, texnologiyalar inkişaf etdikcə, həyatımızdan çıxan ixtiralar, cihazlar da var. Onlardan biri də ev telefonlarıdır. Bir zamanlar ev telefonuna sahib olmaq prestij sayılırdı, hətta buna görə illərlə növbə gözləyənlər vardı. İndi isə sabit - ev telefonundan tək-tük adamlar istifadə edir. Onların da əksəri internet xəttindən istifadəyə görə. Bir müddət sonra isə simsiz internet provoyderləri ölkəni tam əhatə edəndə, artıq ev telefon xəttindən internet üçün də istifadə edilməyəcək və insanlar bundan tam imtina edə bilər. Çünki boşun aylıq abunəhaqqı ödənilir, habelə ölkədaxili, xarici zənglərin tarifi yüksəkdir. Amma dövlət bu şəbəkəyə milyardlar sərf edib, hazır bir sistemdir. Mümkündürmü ev telefonları yarı-mobilləşdirilsin? Yəni aparatlar mobil olsun, sakinlər müəyyən bir məsafədə, şəhərdaxili həmin telefondan istifadə etsinlər. Bu imkanlar varmı, yoxsa ev telefonları sakitcə tarix olacaq?

Qeyd edək ki, artıq bir sıra ölkələrdə stansionar telefonların tamamilə ləğv ediləcəyi ilə bağlı məlumatlar yayılır. Məsələn, ötən il “Daily Mail” agentliyi məlumat yayaraq bildirmişdi ki, Böyük Britaniyada 2025-ci ildən etibarən stasionar telefonlar ləğv ediləcək, köhnə telefon aparatlarının yerinə yeni qurğular almaq lazım gələcək. İnsayderlər bunu 2012-ci ildə televiziyaların rəqəmsal keçidi ilə müqayisə edirlər. Rəqəmsal telefon rabitəsi xidmətlərinə keçid telekommunikasiya sahəsinin təzyiqi ilə həyata keçiriləcək. Bu dəyişiklik telefon şəbəkəsindən asılı olan digər xidmətlərə də təsir edəcək, bura siqnalizasiya, liftlərdə rabitə, ödəmə terminalları və şəhər küçələrində quraşdırılmış sabit telefon danışıq məntəqələri (qırmızı budkalar) aiddir.

Azərbaycana gəldikdə isə, ekspertlər qeyd edir ki, evlərə internet xətlərinin çəkilişi də hələlik telefon xətlərinin üzərindən həyata keçirildiyinə görə stasionar telefonların tarixə dönəcəyinin demək, hələ ki, tezdir. Məlum olduğu kimi, ölkəmizdə artıq bir neçə ildir ki, telekommunikasiya şəbəkəsində qismən də olsa İnternet protokol (İP) telefon rabitəsindən istifadə edilir.

Qeyd edək ki, İP telefon rabitəsi ilk dəfə 1983-cü ildə ABŞ-də ibtidai formada istifadə olunub, beləliklə də,  internet telefonu dövrü başlayıb. Adi telefon danışıqları üçün sabit telefon xətləri, telefon stansiyaları şəbəkəsi tələb olunur, internet telefonunun tətbiqi üçün kabel çəkməyə və bahalı avadanlıq almağa ehtiyac yoxdur, bütün zənglər mövcud İnternet şəbəkəsindən keçir. Beləliklə, IP telefoniyada server telefon xətlərinə qoşulur. O həm dünyanın istənilən telefonuna qoşula bilər, həm də server internetə bağlıdır və dünyanın istənilən kompüteri ilə əlaqə qura bilər. IP telefoniya dünyanın hər yerindən sərbəst şəkildə istifadə edilə bilər. Tez-tez səfərlərdə olan insanlar üçün IP vasitəsilə əlaqə ən əlverişli üsuldur.

Sosial şəbəkələrdə narkotik vasitələrin təbliğinə necə mane olmaq olar?-İKT mütəxəssisi  Elvin Abbasov-VİDEO

Mövzu ilə bağlı informasiya texnologiyaları (IT) üzrə mütəxəssis Elvin Abbasov “Yeni Müsavat”a danışıb. Mütəxəssis də qeyd edib ki, hazırkı  dövrdə simli xətlər artıq sıradan çıxır, çünki dövrün tələbi budur:

“Məlum olduğu kimi, simli xətlər  ekoloji vəziyyətlərə görə problem yaşaya bilir. Oradan gələn internet, yaxud telefon xəttinin keyfiyyəti kifayət qədər aşağı idi. Texnologiya yeniləndikcə isə artıq fiber optik internet təşəbbüsü almaqdadır. Yəni, fiber optik üzərində hər hansı servis alınırsınızsa, məsələn, evə internet çəkdirirsinizsə, bu zaman iki əlavə servis  təqdim olunur, İP telefoniya, yəni simsiz olaraq fiber optik üzərindən telefon və İP TV yəni, televizor üçün də əlavə xəttə ehtiyac yoxdur. Beləliklə, teleoptik üzərindən həm internet, həm də İP telefoniya, həm də İP TV əldə etmək olur, sadəcə texnologiyanın rəngi, vasitəsi, yanaşması dəyişib”.

Elvin Abbasov da qeyd edib ki, ev telefon xətlərinin sıradan çıxması ilə bağlı fikir söyləmək hazırda çox tezdir:

“Çünki mobil və ev telefonunun başqa təyinatları var. Məsələn, hansısa ofislərdə və yaxud dövlət iş yerlərində hər zaman sabit  telefon xətləri olur, çünki rəhbər şəxslər işçisinin yerində olmasını bununla da müəyyən edir. Həmçinin müəyyən birlik qaydaları, müxtəlif  güc infrastrukturlarında telefonların dinlənilməsi, qurumlar arası daxili telefon xətlərinin vacibliyi bunu tələb edir. Bu, daha sonrakı dövrlərdə də belə olacaq. Yəni sabit telefon xətləri həyatımızdan tam çıxmayacaq”.

O ki qaldı ev telefonlarının mobilləşdirilməsinə, ekspert qeyd etdi ki, hazırda texnologiya sabit telefon nömrələrinə də mobil daşıma imkanlarını verir:

“Təxminən 5-7 il əvvəl belə bir texnologiya yaradıldı ki, ev nömrəsi mobil nömrə kimi istifadə edilə bilir.

Beləliklə, sabit telefon nömrələri həyatımızda olacaq, dövlət və digər qurumlar üçün sabit xətlərin önəmi hər zaman aktuallığını qoruyacaq.  Lakin evlər, fərdi istifadə üçün sabit xətlər aktuallığının  yavaş-yavaş itirir. Çünki ailənin bütün üzvlərində mobil telefonlar var, onlar bu telefonla  öz övladının izləyə, aralarında paylaşım  edə, həmçinin görüntülü danışa bilirlər. Bu imkanların üstünlüyü baxımından ev telefonlarındansa daha çox mobil telefonlar üstünlük olacaq, ev telefonları istifadə edilməyəcək".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR