Onlayn ictimai-siyasi qəzet
Məşhur öncəgörənimiz Zirəddin Rzayev yenə bir şeylər görüb, əziz oxucular, mən də məcburam ki, onun gördüklərini görməzliyə vurmayım.
O, belə müsahibələr, proqnozlar verdikcə, bu tip yazılar da yazılmalıdır ki, xurafat, mövhumat cəmiyyəti süpürləyib qaranlığa aparmasın.
Onu da deyim ki, dünyada heç bir məxluq bir gün sonra özünün və xalqın başına gələcək hadisələri dəqiqliklə görməyib – ta Adəm peyğəmbərdən vəkil Adəm Məmmədova qədər. Olmayıb belə insan.
3-5 gün və ya 5-6 il sonranın hadisələrini proqnozlaşdıranlar ola bilər, amma onların hamısı hansısa elmi analizlərə, təcrübələrə əsaslanan ehtimallardır. Böyük-böyük alimlər illərlə araşdırırlar, baş sındırırlar, bir şey deyirlər, dedikləri aşağı-yuxarı düz çıxır.
Heç bir savadı, biliyi olmayan bəzilərinin gündəlik mətbuatı izləyərək, işlərin gedişatı haqqında bir az məlumat toplayaraq nəsə gördüklərini deməsi adi kələkbazlıqdır.
Stalin və falçı haqqında məşhur lətifəni növbəri dəfə yazım, sonra mətləbə yaxınlaşaram. Köməkçisi rəhbərə deyir ki, Kremlin qapısına bir falçı gəlib, deyir, gələcəkdən xəbər verir, qəbulunuza düşmək istəyir. Stalin deyir, aparın o dələduzu güllələyin, öz başına gələcək şeyi görə bilsəydi, bura gəlməzdi.
Budur, “Savaşmedia” saytı yzır ki, Zirəddin Rusiya mətbuatına deyib ki, qanlı təlxəyi dəhşətli son gözləyir. “Qanlı təlxək” deyərkən o, Ukrayna prezidenti Volodimir Zelenskini nəzərdə tutur.
Zirəddinin həmin açıqlaması bu təhərdir: “Zelenskinin fiziki məhvini görürəm. Mən onu yaşlı görmürəm. Etdiyi əməllərə görə onu dəhşətli bir əzab gözləyir. Ukrayna xalqının başına gələn böyük faciənin günahkarı odur. Xalqı bəlaya düçar edən odur”.
Bunu Medvedyev də deyir. Amma o, ekstrasens deyil, eks-prezidentdir, tez-tez eksklüziv açıqlamalar verir, namxuda, ekskavator kimi işləyir, bəzən keçmişə ekskurs edir, hərdən də ekstra tədbirlərə əl atır, nüvə çamadanına cumur. Nadir eksponatdır.
Belə görünür ki, Rzayev Kremldəkilərin niyyətini, ürəklərindən keçəni “görür”. O da ona görə ki, onlar bu niyyətlərini gizlətmirlər, hər gün hər yerdə açıq-açıq deyirlər. Görməmək mümkün deyil.
Ona qalsa, biz də 2001-ci ilin 11 sentyabrından görürdük ki, bin Ladeni öldürəcəklər. Amma Zelenski terror təşkilatının başçısı deyil, dövlət başçısıdır, onu öldürmək hərbi cinayətdir. Yəni onu öldürənləri də mütləq öldürəcəklər.
Bu, siyasət və cinayət məsələsidir. Biz ona baxaq ki, keçən ilin dekabrında Z.R. 2024-cü ildə nələr görmüşdü.
Z.R demişdi: “2024-cü ildə təbii fəlakətlər daha çox olacaq. Bir sözlə, 2024 təbii fəlakətlər ilidir”. Pah! Sanki təbii fəlakətsiz il olur. O fəlakətlər gələn il də olacaq, o biri il də, hələ 5, 50, 100 il sonra da.
Z.R. demişdi: “2024-cü il MDB üzvləri və Orta Asiya birliyi üçün elə də uğurlu olmayacaq”. Əslində isə 2024-cü il son 30 ildə Orta Asiya üçün ən uğurlu il olub, Çin, Almaniya, Fransa ilə oturub-dururlar.
Z.R. demişdi: “2024-cü ildə inflyasiya olmayacaq”. Olmadımı?
Z.R. demişdi: “Bu hərbi qarşıdurmada Rusiya qalib gələcək”. Qalib gəldimi? Ara yerdə Kursk dönüb Ukrsk oldu.
Z.R. demişdi: “2024-cü ildə qida çatışmazlığı olacaq”. Yüz tonlarla qida məhsulu zibilxanalara töküldü bu il.
Z.R. demişdi: “2024-26-cı illərdə bizə qonşu olan iki ölkənin prezidentlərinin səhhətlərində ciddi problem olacaq”. Bax, bircə bu proqnoz düz çıxdı. Paşinyan qrip tutmuşdu, “Qripxot”içirdi, düzəlmirdi, axırda Anna yıxıb bankalayıb, saqqalı da həmin vaxt ütülüb, ona görə qırxıb.
Əslində adam hər şeyi gördüyünü deyərək özünü zibilə salır. Stalinin vaxtı olsa, onun yaxasından yapışar, çəkərdilər zirzəmiyə, deyərdilər, İsraildə, İranda olan haqq-hesabları görən oğlan, “Krokus”dakı terror aktını niyə görmürdün, görürdünsə, orqanlara niyə demirdin? Nə cavab verər?
Ona görə də gərək vətəndaş Rzayev ehtiyatlı olsun, hər şeyi görməsin.
Biz uzun illərdir bu psevdoekstrasensləri görə-görə gəlirik. Kremlin strateqləri nəyi görürdülərsə, bunlar da onu görürdülər. Məsələn, bir ara SSRİ-nin bərpasını görən ekstrasenslər vardı, sonra siyasətin daşını atdılar, qarımış qızların bəxtlərini açmaq, evindən perik düşən kişiləri geri qaytarmaq üzrə işləyirlər. Salamatı budur.
04 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ