Onlayn ictimai-siyasi qəzet
Prezident İlham Əliyevin Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına verdiyi müsahibəsində 1920-ci ilin aprel ayında Azərbaycanın bolşevik Rusiyası tərəfindən işğal olunması ilə bağlı fikrinə Rusiyanın bəzi media və sosial şəbəkələrindəki münasibət və diskussiya təəccüb doğurur. Onlar sanki paralel dünyada yaşayır və real tarixi təhrif etmək istəyirlər.
Prezident İlham Əliyevin işğal ilə bağlı söylədiyi bu fikir həm də bütövlükdə Azərbaycan xalqının fikridir. Çünki bu fikir 1991-ci il 18 oktyabr dövlət müstəqilliyi haqqında Konstitusiya Aktında da əks olunmuşdur.
Bu tarixi həqiqəti Heydər Əliyev hələ daha öncə də söyləmişdi. 30 avqust 1991-ci ildə Ali Sovetdə Azərbaycanın Dövlət Müstəqilliyi haqqında Bəyannamə müzakirə edilərkən deputat Heydər Əliyev qətiyyətlə demişdir: “bu bəyanatın mətninə... mütləq əlavə olunmalıdır ki, 1920-ci ildə Azərbaycan işğal olunub, 28 apreldə. Mən Azərbaycan Kommunist Partiyasına 14 ilə yaxın rəhbərlik etmişəm, 28 inqilabını ömrüm boyu tərənnüm etmişəm, mən tam qətiyyətlə deyirəm, Azərbaycan 27-28 apreldə işğal olunub. Azərbaycan Demokratik Respublikası ləğv olunub, əgər biz bunu burda qeyd etməsək, onda biz yenə də xalqın yanında ikiüzlü olarıq”.
Təəssüf ki, o zaman Azərbaycan hakimiyyətində olan Kremlin marionetləri bu vacib fikri Bəyannamədə əks etdirmədilər və ancaq sonra gec də olsa 18 oktyabr Konstitusiya Aktında Heydər Əliyevin bu fikri öz əksini tapdı. 1995-ci ildə ümumxalq referendumunda qəbul edilmiş Azərbaycan Konstitusiyasının preambulasında 1991-ci il 18 oktyabr Konstitusiya Aktında əks olunmuş prinsiplərin əsas götürülməsi qeyd olunmuşdur.
Bununla yanaşı Azərbaycan dövləti və xalqı sovetlər dövründə, xüsusən də 70-80-ci illərdə Heydər Əliyevin rəhbərliyi ilə əldə olunmuş sosial-iqtisadi mədəni nailiyyətlərə hər zaman böyük ehtiramla yanaşıb. İndiki dövrdə də müstəqil dövlətçilik prinsiplərinə zidd olmayan o dövrün bir çox ənənələri və dəyərləri də qorunub saxlanmaqdadır. Amma bu heç bir halda 20-ci əsrin əvvəlində baş vermiş real tarixi hadisələr, o cümlədən işğal faktlarını təhrif etmək üçün əsas ola bilməz. O dövrdə Sentro Kaspiy diktaturası onu müdafiə edən Britaniya ekspeditor korpusunun da, bolşevik Rusiyasının da davranışları Azərbaycan xalqının həyatına müdaxilə və işğaldır.
Görünür ki, müasir dövrdə Rusiya-Ukrayna müharibəsi fonunda Rusiya tarixinin keçmişindəki işğal faktları belə Rusiya cəmiyyətini narahat edir. Daha yaxşı olar ki, onlar öz tarixlərindəki vətəndaş müharibələrinin və indi özləri dedikləri kimi “qardaş rus-ukrayna” xalqlarının arasındakı müharibənin əsl səbəblərini araşdırsınlar.
Əli Hüseynli,
Milli Məclisin deputatı
04 Sentyabr 2025
03 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ