Onlayn ictimai-siyasi qəzet
"Uşaqlarda sümük sınıqlarının diaqnozu nə qədər erkən qoyularsa, müalicənin effekti o qədər yaxşı olur".
Musavat.com xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun uşaq travmatoloq-ortopedi Xəyal Dostuyev müsahibəsində deyib.
Müsahibəni təqdim edir:
- Xəyal müəllim, ilk öncə bilmək istərdik ki, uşaqların sümüklərində sınıqların və çıxıqların səbəbləri nədir?
- Sümüklərin böyüməsi təqribən 20 yaşa qədər davam edir. Sınıqlar statistik olaraq oğlan uşaqlarında qızlara nisbətən daha çox olur və ən çox 9-10 yaş arası müşahidə edilir.
Sümüklər qaldıra biləcəyindən daha böyük bir çəki ilə üzləşdiyi təqdirdə qırılır. Yıxılmaq, bir cismə çarpılmaq kimi hallar da sümük qırılmasına səbəb ola bilər. Mil sümüyünün başının yarımçıxığı kimi hallar uşaqların qolunun azca dartılması ilə yaranır.
- Doktor, ümumi uşaqlıq sınıqları haqqında məlumat verərdiniz...
- Ümumi uşaq sümüyünun sınıqları arasında ilk öncə torus sınığını qeyd etmək olar. Bu, sümük membranının (periosteum) qalınlığına görə meydana gələn bir vəziyyətdir. Bu hal adətən sümük sıxıcı yüklərə məruz qaldıqda baş verir və oynaqlara yaxın yerlərdə görünür. Onun müalicəsi asandır və adətən problemsiz sağalır.
Yaşıl ağac sınığı sümük əyilmə qüvvələrinə məruz qaldıqdan sonra inkişaf edə bilən natamam bir qırıqdır. Sümüyün əyriliyi kənardan görünə bilər və adətən yalnız yaxından izlənilir. Lakin bəzən əyriliyin düzəldilməsi tələb oluna bilər.
Böyümə zonasını əhatə edən sınıqlar sümüyün uzununa böyüməsində rol oynayan qığırdağın travmasıdır. Bu sınıqda böyümə qığırdaqları zədələnə və qismən funksiyasının itirmə ehtimalı var. Gələcəkdə isə, deformasiya və ya qısalıq kimi problemlərə səbəb ola bilər.
Bəzi hallarda uşaqlıq dövründə boyunla baş-bədən nisbətinin böyüklərdən daha fərqli olması səbəbindən ağır təzyiqə məruz qala bilər. Nəzərə almaq lazımdır ki, travmadan sonra yarana biləcək boyun sınıqları ətrafdakı sinir strukturlarına da təsir göstərə bilər.
Həmçinin, dirsək sınıqlarını qeyd etmək olar. Onlar adətən ilk dəfə əl və ya dirsək üzərinə düşdükdən sonra dirsəkdə geniş yayılmış şişlik ilə müşahidə olunur. Dirsək bölgəsi əsas damar və sinir strukturlarının ələ çatması üçün əhəmiyyətli bir qovşaq nöqtəsidir. Sınığın şiddətindən asılı olaraq yalnız sarğı/gipslə müalicə oluna bilər. Bəzi hallarda təcili əməliyyat tələb edən vəziyyətlərin yaranma ehtimalı da var.
Uşaqlarda bilək sınıqları adətən sarğı/gips müalicəsi ilə sağalır. Lakin çox nadir hallarda əməliyyata ehtiyac duyulur.
- Uşaq və böyüklərdə sınıqların sağalması arasında nə kimi fərqlər var?
- Yetkinlik yaşına çatmayan uşaqlarda sümük böyüklərin sümüyü ilə müqayisədə daha sıxdır. Uşaqlarda “periosteum” böyüklərdən daha qalındır və sınıq hematomasını örtərək, yeni sümük əmələ gəlməsini daha sürətləndirir.
Uşaq sümüklərin damar və osteoblastik fəaliyyəti daha güclü olduğundan, iltihablı reaksiya onu sürətli və güclü edir. Bununla da, sümüklərin inkişafına kömək edir və böyüməyə səbəb ola biləcək şəkildə stimullaşdırılır.
- Uşaqlarda sınıqların və çıxıqların diaqnostikası necə aparılır?
- Uşaqların sümükləri orqanik maddələrin miqdarının meniral maddələrdən çox olduğu üçün daha elastikdir. Bəzən yan qüvvələrin təsirindən sınıq yaranmadan deformasiyalar müşahidə oluna bilər. Sınıqların və çıxıqların diaqnozunu qoymaq üçün bir çox klinik, instrumental və manual müayinələrdən istifadə olunur. Əsas diaqnostika üsulu klinik əlamətlərin müşahidə olunduğu nahiyyənin rentgenoqrafiya müayinəsi üsuludur. Sinir və damar zədələnməsini klinik yolla yoxlamaq ən vacib müayinələrdən biridir. Ətrafın klinik baxımdan soyuq və solğun rəngdə olması hər bir ortopedin diqqət etməsi gərəkən əsas amillərdən biridir. Bəzən maqnit rezonans, kompyüter tomoqrafiyası kimi müayinə üsullarından da istifadə edilir. Hər bir instrumental müayinə həkim göstərişi ilə aparılır.
- Sınıq və çıxıqlar zamanı erkən diaqnozun qoyulmasnın əhəmiyyəti barədə məlumat bilmək istərdik...
- Sınıq zamanı erkən diaqnoz qoyulması önəmli məsələdir. Belə ki, diaqnoz nə qədər erkən dönəmdə qoyularsa, müalicənin effekti o qədər yaxşı olur. Sınıqların rentgenografik görüntüsünün düzgün dəyərləndirilməsi sınığın klassifikasiyasında və proqnoz haqqında fikir yaradır.
Erkən diaqnoz qoyulan uşaqlarda sadə müalicə üsulları ilə sınıqları və çıxıqları tam sağaltmaq mümkündür. Bu halda gecikən ağırlaşmalara az rast gəlinir və anatomik bərpa üçün ağır ortopedik əməliyyatlara ehtiyac qalmır. Bəzən mil sümüyünün başının çıxıqda qalması kimi hallarına ciddi yanaşmaması nəticəsində sonradan açıq yolla reduksiyanın belə tək çıxış yolu olduğu hallar olur.
- Uşaqlarda sınıq və çıxıqların müalicəsi necə aparılır?
- Müalicə uşağın yaşından və sınığın anatomik lokalizasiyasından asılı olaraq, müxtəlif üsullarla aparılır. Əsasən uşaq yaşlarında anatomik reduksiya və gips fiksasiyası yetərli olur. Cərrahi əməliyyatın belə mütləq olduğu sınıqlarda ilkin reduksiya və gips ilə immobilizasiya vacibdir. Əks halda bazu sümüyünün suprakondilar sınığı kimi bəzi sınıqlarda yuxarı ətrafın damar və sinir zədələnmələri kimi ağırlaşmalara gətirib çıxara bilər. Uşaqlarda sınıqların əsas hissəsini təşkil edən yaşıl budaq adlandırılan və yerdəyişməyən sınıqlarda konservativ gips müalicəsi aparılır.
Yerdəyişən sınıqlarda ilk olaraq qapalı reduksiya və gips ilə immobilizasiyadan sonra rentgenografiya ilə reduksiyanın nəticəsi dəyərləndirilir. Nəticə qənaətbəxşdirsə, 1 həftə aralıqlarla rentgenografik müayinə təkrarlanır. Bu zaman nəticə norma göstəriciləri daxilindədirsə, müalicə gips immobilizasiya ilə sona çatdırılır. Körpücük sümüyü kimi asan bitişən sınıqlarda sümük kontaktının və kobud deformasiyanın olmamamsı sarğı ilə müalicənin davam etməsi üçün kifayətdir. Kondiluslardan keçən bazu sınıqlarında isə anatomik reduksiyanın ideal olması şərtdir. Əks halda dirsək oynağında hərəkət məhdudluğu ilə nəticələnən ağırlaşmalara səbəb ola bilər. Reduksiya sonrası və ya kontrol rentgenografik müayinə zamanı yerdəyişmə müşahidə olunan sınıqlar, həmçinin açıq sınıqlar Kompartman sindromuna apara biləcək ətrafın yüksək dərəcədə şişkinliyi olan sınıqlarda cərrahi müalicə taktikası seçilir.
Müalicənin effektivliyində sağalma sonrası aparılan fiziki bərpa və reabilitasiyanın da rolunun çox olduğunu bilmək lazımdır.
03 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ