Onlayn ictimai-siyasi qəzet
Tanınmış azərbaycanlı jurnalistdən qaqauzlara sərt tənqidə reaksiya: “Özlərini beynəlxalq qlobalistlərlə eyni cərgədə hiss edənlər...”
“Qardaşlarımız olan qaqauzlar həqiqətən unikal mövqedədirlər. Onlar bəyan edirlər ki, Qaqauziya yalnız Moldova Rumıniyanın tərkibinə daxil olacağı təqdirdə ondan ayrılacaq. Sual yaranır: əgər Qaqauziyanın muxtariyyəti qorunub saxlanacaqsa, onda Moldovanın Rumıniyaya birləşməsi qaqauzların maraqlarına nə ilə ziddir?”
Bu sözləri siyasi şərhçi Rauf Mirqədirov Qaqauziyanın Rusiyaya bu qədər bağlı olmasının səbəbini izah edərkən deyib. O, qaqauzların Moldova və Rumıniya ilə münasibətləri, Avropa İttifaqına inteqrasiya və Rusiya ilə əlaqələri barədə öz mövqeyini açıqlayaraq, qaqauzların Moldova daxilindəki siyasi seçimlərini və Rusiyaya yaxın mövqelərini tənqid edib, onların Aİ-yə inteqrasiyanın üstünlüklərini dəyərləndirməli olduğunu vurğulayıb: “Axı bu halda Moldova sürətləndirilmiş və sadələşdirilmiş qaydada Avropa İttifaqının üzvü olacaq. Yəni Qaqauziyanın bütün sakinləri Avropa İttifaqının vətəndaşı olacaqlar və bu statusun gətirdiyi bütün imkanlardan yararlana biləcəklər. Doğrudanmı, biz türklər hər yerdə və hər zaman ruslara və Rusiyaya dəstək verməliyik? Doğrudanmı, ruslardan qorxumuz o qədər böyükdür ki, ondan xilas olmaq üçün fürsət yarandıqda belə bunu etməyə cəsarətimiz çatmır? Axı qaqauzlar rusiyayönlü partiyalara və onların təyin etdiyi şəxslərə səs verməsəydilər, Maya Sandunun qələbəsi daha inandırıcı olardı... Lakin onlar demək olar ki, hər ay Putinin qonağı olan və ondan Moldovanın parçalanması ilə bağlı təlimatlar alan Yevgeniya Qutsula səs verdilər...”
Siyasi şərhçi Heydər Oğuz isə məsələyə fərqli aspektdən yanaşır. Onun sözlərinə görə, bu gün dünyada qlobalistlərlə milliyyətçilər arasında ciddi mübarizə gedir: “Xüsusilə də Trampın hakimiyyətə gəlməsindən sonra bu mübarizə daha da alovlanıb. Görünür, özlərini beynəlxalq qlobalistlərlə eyni cərgədə hiss edənlər milli məsələlərə tamamilə fərqli aspektdən nəzər salır, qaqauzlar kimi etnik qrupların həssaslıqlarını kənara atırlar”.
Heydər Oğuzun iddiasına görə, Qaqauz türklərinin Moldova ilə münasibətlərində bəzi şərtlər irəli sürməsi onların yüzillər boyu yaşadıqları keşməkeşli təcrübələrindən irəli gəlir: “Qaqauzlar Moldovada yaşayan türk boyudur. Bundan əlavə, onların bir qismi Ukraynada, Bolqarıstanda, Rumıniyada və s. kimi Balkan ölkələrində yaşayırlar. Ümumilikdə Moldovanın "Komrat yeri" adlanan muxtar vilayətində 160 minlik qaqauz əhalisi ilə yanaşı, dünyanın müxtəlif ölkələrində 300-400 min qaqauzun yaşadığı güman olunur. Dərd burasındadır ki, eynilə bizim Şimali Azərbaycan əhalisi kimi, Qaqauz yeri adlanan məmləkətin insanları da özlərindən bir neçə dəfə çox milli kimliklərinin bayraqdarlığını edir, milli dəyərlərini qorumağa çalışırlar. Məhz bu səbəbdən də bəzən rəsmi Kişinyovun yürütdüyü siyasətə tərs düşən mövqe sərgiləyirlər".
Heydər Oğuz qeyd edib ki, qaqauzların bu şəkildə dünyanın müxtəlif ölkələrinə yayılması və onların varlığının Moldovada böyük problem kimi görülməsi təsadüfi deyil: “Tarixi bəlgələrə görə, qaqauzlar 1810-cu ilə qədər əsasən indiki Bolqarıstan ərazisində məskunlaşmışdılar. Fəqət 1787-1792-ci illərdə baş verən Osmanlı-rus savaşı nəticəsində Balkanlar rusların əlinə keçmiş və bölgənin digər xalqları kimi qaqauz yurdu da demoqrafik dəyişikliklərə məruz qalmışdır. Onların böyük qismi müxtəlif zamanlarda indi yaşadıqları Komrat bölgəsinə köçürülüb. Necə ki, qərbi azərbaycanlılar müxtəlif zaman aralıqlarında rus imperializmi tərəfindən öz yurd-yuvalarından didərgin salınaraq Azərbaycan ərazisinə köçürülüb. Qaqauz tarixini dərindən incələsək, görərik ki, onlar da ən böyük faciələrini eynilə bizim kimi Stalin dövründə yaşayıblar. Həmin dövrdə Bessarabiyanın bir qismi Moldovadan qoparılıb ukraynalılara verilmiş, beləcə qaqauzların yeni vətənləri də iki dövlət arasında bölüşdürülmüşdü. Hazırda qaqauzların ən çox yaşadıqları ikinci ölkə olan Ukraynada 31 min qaqauz məskunlaşıb.
Qaqauzların öz tarixi vətənlərindən sürgün olunaraq müxtəlif ölkələrdə məskunlaşdırılmasının məqsədlərindən biri, təbii ki, onları Osmanlı ərazilərindən uzaqlaşdıraraq türklüklərini unutdurmaq və Balkanların yenidən türk hegemoniyasına girməsinin qarşısını almaqdı. Digər məqsəd isə Bessarabiyanın (Türk qaynaqlarında bu ərazilər Bucaq da adlanır) etnik tərkibini müxtəlifləşdirərək, istənilən an konfliktlərə hazır hala gətirməkdi. 200 ildən artıqdır ki, Rusiya eynilə Cənubi Qafqazda olduğu kimi Bessarabiyada da bu kartdan məharətlə istifadə edir. Bu gün belə, Moldovanın ərazi bütövlüyünü təhdid edən faktorlardan biri kimi Dnestyanı ərazində yaşayan ruslardırsa, digəri Qaqauzların milli özünü qoruma hissindən qaynaqlanan qayğılarıdır. Belə ki, qaqauzlar hazırda öz varlıqlarını qorumaq üçün istər-istəməz onların milli kimliklərinə “hörmət göstərən” Moskvaya daha isti yanaşır və bu siyasəti dəstəkləyirlər. Məsələyə bu baxımından yanaşanda qaqauzların Moldova ilə Rumıniyanın birləşməsi ideyasına qarşı çıxması başadüşüləndir. Qaqauzlar ehtiyat edirlər ki, 20 milyonluq Rumıniya ilə 3,5 milyonluq Moldova birləşərsə, onlar özləri ilə müqayisədə xeyli nəhəng toplumun içərisində ümumiyyətlə nəzərəçapmaz hala düşərlər və bu durum qaqauzların tamamilə yoxoluşuna yol aça bilər. İndi Moldova əhalisinin cəmi 5 faizini belə təşkil etməyən qaqauzlar bu ölkənin Rumıniya ilə birləşməsindən sonra ümumiyyətlə 1%-in altına düşə bilərlər. Bu da onların rahatlıqla assimilyasiya olunması anlamına gəlir".
Qaqauzların ən azı 200 ildir ki, bu qorxu ilə yaşadıqlarını qeyd edən Heydər Oğuzun fikrincə, onların xristianlığın Ortodosk məzhəbini seçməsi də bu əndişələrindən doğub: “Bu gün Qaqauz kilsəsində böyük ehtiramla yad edilən keşiş Mixayıl Çakıra duyulan məhəbbət təsadüfi deyil. Qaqauzların assimilyasiya uğramasının qarşısının alınmasında bir dini lider xüsusi rol oynayıb. 19 əsrin sonu, 20-ci əsrin əvvəllərində yaşayan Çakıra təkcə onlara dini lider olmayıb. Həm də qaqauzların etnik kimliyinin də formalaşmasının və indiyədək özlərini qorumalarının əsas səbəbkarına çevrilib. Onun məhz dini əqidə baxımından Xristianlığın Ortodosk məzhəbini seçməsi də və ya bu məzhəbə sədaqəti də, məncə, təsadüfi deyil. Sirr deyil ki, Ortodoksal inancda dini olduğu qədər milli dəyərlərə önəm verilir. Ortodoks kilsələri bəlkə də bu səbəbdən milli xüsusiyyətlərinə görə fərqlənirlər: Yunan Ortodosk Patriarxlığı, Rus Pravoslav kilsəsi, Erməni-Qriqoryan kilsəsi və s. Yəqin ki, Ortodoks xristianlığının milli dəyərlərə verdiyi önəm keşiş Mixayıl Çakırın qaqauz milli ənənələrini yaşatması istiqamətində çalışmalarının stimulverici amilinə çevrilib”.
Qaqauziyanın Moldovanın iqtisadi cəhətdən ən kasıb bölgəsi olduğunu xatırladan Heydər Oğuz bildirib ki, qaqauzlar əsasən kənd təsərrüfatı və şərabçılıqla məşğuldurlar: “Bu da onların iqtisadi cəhətdən də ayrı-seçkiliyə məruz qaldığının ən bariz sübutudur. Sözsüz ki, həm iqtisadi, həm siyasi, həm də mədəni ayrı-seçkiliyə məruz qalan toplumlar yaşadıqları ölkənin siyasi hakimiyyəti ilə dost ola bilməzlər. Qarşılaşdıqları problemlər istər-istəməz onları narazı salır və başqa alternativ axtarmağa vadar edir”.
Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”
08 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ