İnsanlara hürriyət, millətlərə istiqlal!

Həkim çatışmazlığı mövzusu mübahisəyə səbəb oldu

Milli Məclisin iclasında “Əhalinin sağlamlığının qorunması haqqında” və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.

Musavat.com-un xəbərinə görə, layihə barədə Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov məlumat verib.

Deputat Səyyad Salahlı (Aran) çıxışında bildirib ki, Azərbaycanda həkimlərin əməkhaqqı az olduğu üçün onlar xaricə üz tuturlar və belə bir durumda regionlarda kadr çatışmazlığı yaranır:

“1200-1300 manat məvacib həkimin ehtiyaclarını ödəmir. Məndə olan məlumata görə, məsələn, İmişli Rayon Mərkəzi Xəstəxanasında cəmi 30 həkim işləyir. Onkologiya və bu kimi ixtisaslarda həkim yoxdur. O boyda rayonda sadəcə bir psixiatr var. Bəs camaat kimin üstünə getməlidir?! Halbuki xətəxanaya cəmi 1000 müraciət olur. Saatlıda da eyni vəziyyətdir. Bir çox ixtisaslarda həkim yoxdur. Bu məsələnin üzərində ciddi nəzarət olmalıdır”.

S. Salahlı qeyd edib ki, müəllim pensiya yaşına çatan kimi işdən çıxarıb, yerinə yenisini gətirirlər. Lakin pensiya yaşı çatmış həkimlərlə müqavilənin vaxtını uzadaraq işləyirlər. Çünki həkim çatışmır.

Deputat Aqil Abbas isə çıxışında xatırladıb ki, vaxtilə ali təhsilini başa vuran gənclərin təyinatla regionlara işləməyə göndərilməsi ənənəsi var idi və onun özü də rayonda təyinatla işləyib. Bu gün bölgələrdəki xəstəxanalarda həkim çatışmazlığının hökm sürdüyünü deyən deputat təyinat məsələsinə qayıtmağı zəruri sayıb.

Spiker Sahibə Qafarova isə çıxışlara reaksiya verib:

“Həkim çatışmazlığını nəyə əsaslanaraq deyirsiniz? Azərbaycanda həkim çatışmazlığı varsa, bununla bağlı rəsmi məlumat verin. Bugünkü iclasda deputat Aqil Abbas və siz ölkədə həkim çatışmazlığı olduğunu iddia etdiniz. Bununla bağlı statistika təqdim edin!”

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR