İnsanlara hürriyət, millətlərə istiqlal!

Hakimiyyətin “kadr bankı”na yeni seçimlər - 10 mindən çox namizəd...

“Yüksəliş” müsabiqəsi dövlətin “kadr bankı”nın formalaşmasında rol oynayır

Azərbaycanda bu il üçüncü dəfə keçiriləcək “Yüksəliş”  müsabiqəsinə qeydiyyat başlayıb. Təxminən üç həftə ərzində müsabiqədə iştirak etmək üçün 10 000-dən çox namizəd qeydiyyatdan keçib ki, onlardan 7 835-i kişi, 2 000-dən çoxu qadındır. Ötən il 5000-dən çox iştirakçı var ki, bu da müsabiqəyə inamı göstərir.

Qeyd edək ki, müsabiqə Azərbaycan Prezidenti İlham Əliyevin 26 iyul 2019-cu il tarixli sərəncamı ilə ölkədə həm də kadr potensialının formalaşdırılması məqsədilə təsis edilib. Müsabiqə iştirakçıları 5 mərhələdən keçməlidir - qeydiyyat, onlayn seçim, üz-üzə mərhələ, yarımfinal və final. Xatırladaq ki, müsabiqənin onlayn seçim və əyani mərhələlərində müsabiqə iştirakçıları qiymətləndirilərkən ən qabaqcıl beynəlxalq imtahan sistemlərində (TOEFL, GMAT, SAT) tətbiq edilən T-score qiymətləndirmə üsulundan istifadə olunur. Azərbaycanda bu imtahan qiymətləndirmə sistemi ilk dəfə “Yüksəliş” yarışmasında tətbiq edilib. Nəticələrin hesablanmasında istifadə edilən bu üsul bu gün dünyada ən qabaqcıl və ədalətli hesab olunur.

Müsabiqənin yarımfinal və final mərhələsində namizədlərin bilik və bacarıqlarını qiymətləndirən ekspertlərlə ayrıca iş aparılır. Mütəxəssislərin seçimi ən vacib və həlledici məqamlardan biridir. Bu səbəbdən ekspertlər seçilərkən, təcrübəli kadr zabitləri və psixoloqlar müsabiqəyə cəlb olunur, müsahibələr keçirilir, nəticədə kadrların idarə edilməsi sahəsində ən peşəkar mütəxəssislər seçilir.

İştirakçılar yarımfinala çıxmazdan əvvəl ekspertlər aparıcı beynəlxalq şirkətlərin nümayəndələrindən 3 günlük intensiv təlim keçirlər. Qiymətləndirmənin subyektivliyini minimuma endirmək və onu ən yüksək səviyyəyə çatdırmaq üçün təlim zamanı müvafiq simulyasiyalar və tapşırıqlar yerinə yetirilir.

Yarımfinal və finalda iştirakçılar strateji düşüncə, nəticələrə diqqət, komanda işi, ünsiyyət bacarıqları, böhran dəyişikliklərinin idarə edilməsi, sosial məsuliyyət, liderlik, performansın idarə edilməsi kimi 8 əsas kompetensiya üzrə qiymətləndirilir.

Müsabiqənin sonunda özünü bütün digərlərindən daha yaxşı göstərən 20 qalib seçiləcək. Onların hər birinə 20 min manat qrant veriləcək.

Həmçinin müsabiqənin qaliblərinə il boyu iri şirkətlərin top-menecerləri və dövlət qurumlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı veriləcək, onlar onların mentoru olacaqlar. Bundan əlavə, qaliblərin adları kadrların ehtiyat bankına əlavə olunacaq.

Məlumat üçün deyək ki, birinci “Yüksəliş” yarışmasının qalibi Ziya Mürsəlzadə SOCAR-ın vitse-prezidentinin müavini vəzifəsinə təyin edilib. İkinci “Yüksəliş” müsabiqəsinin finalçısı Elnur Məmmədli İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin şöbə müdiri təyin edilib. “Yüksəliş” müsabiqəsinin finalçısı Elçin Niyazov isə “Aztelekom” MMC-nin baş direktoru təyin edilib. “Yüksəliş” müsabiqəsinin daha bir qalibi  Tural Feyzullayev Azərbaycan Prezidenti Administrasiyasının sektor müdiri təyin edilib. İkinci “Yüksəliş” müsabiqənin qalibi Nərgiz İsmayılova Təhsilin İnkişafı Fondunda Layihələrin idarə olunması və biznesin inkişafı şöbəsinin müdiri vəzifəsinə təyin olunub. Finalçılar arasında isə belə misallar çoxdur.

Bu, hakimiyyətin kadr bankının formalaşdırılması baxımından əhəmiyyətlidirmi?

Aydın Hüseynov: Heydər Əliyevin fəaliyyətinin zirvəsi müstəqil Azərbaycan  dövlətini qurmasıdır | 1news.az | Xəbərlər

Aydın Hüseynov 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov “Yeni Müsavat”a bildirdi ki, “Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 26 iyul 2019-cu ildə imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub: ““Yüksəliş” müsabiqəsi 21-51 yaş aralığında, 2 illik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikasının vətəndaşlarını əhatə edir. Müsabiqə 5 mərhələdən - qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. “Yüksəliş” müsabiqələrinin keçirilməsi Azərbaycanda bütün sahələri əhatə edən islahatların uğurla həyata keçirilməsinə öz töhfələrini verir. Bu müsabiqələrin qalibləri, finalçıları müasir elmi biliklərə, ixtisaslara, idarəetmə bacarıqlarına sahib vətəndaşlarımız, gənclərimiz sıralarından seçilirlər. Onlar müasir tələblərə cavab verən, potensialı olan kadrlar kimi müxtəlif dövlət, hökumət sturukturlarında işlə, vəzifələrlə təmin olunurlar. Dövlətimizin kadr bankının formalaşmasında “Yüksəliş” müsabiqəsinin əhəmiyyəti get-gedə artır. Cənab Prezident İlham Əliyevin bütün qərar və sərəncamları kimi “Yüksəliş” müsabiqəsinin təsis olunması barədə 2019-cu ildə imzaladığı sərəncam qısa müddət keçməsinə baxmayaraq çox gözəl nəticələrini verib və verməkdə davam edir. Artıq bu müsabiqədə iştirak edən vətəndaşlarımızın sayı 10 mindən yuxarı rəqəmlə ifadə olunur. Bu, çox böyük nəticədir və uğurdur". 

Etibar SEYİDAĞA
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR