İnsanlara hürriyət, millətlərə istiqlal!

Güney Azərbaycanda min illik tarixi abidələr məhv olur - Səbəbkar İran rejimi, məqsəd isə...

Sabir Rüstəmxanlı: "İlk növbədə güneyli soydaşlarımız öz varlığını, kimliyini daha yaxşı dərk edib, sərvətlərinə sahib çıxmalıdırlar"

Şərqi Azərbaycan əyalətinin Sarab mahalının Qırxqızlar kəndindəki 3 min illik daş kitabə yox olmaq üzrədir. Axar.az xəbər verir ki, bu barədə yerli sosial media fəalları və sənətçilər paylaşım ediblər.

Yerli mədəniyyət xadimləri Mədəni İrs Təşkilatının qeyd olunan tarixi əsərlərin qorunması üçün tədbirlər görmədiyi üçün onların məhv olmaq üzrə olduqlarını yazıblar.

Qeyd edək ki, Qırxqızlar kəndinin Qarakuh dərəsində 5,4 metr uzunluğunda qaya üzərində 12 sətirdən ibarət yazılar həkk olunub. Urartu dilində və mixi əlifbasında olan daş kitabənin tarixi eramızdan əvvəl VIII əsrə aiddir. Yazılar Urartu hökmdarı Argişti ilə bağlıdır və burada Girdo, Gito Hani, Tovaişdo torpaqlarının tutulmasından bəhs edilir. Daş kitabəyə yaxın ərazidə Urartu krallığına aid 21 qaladan birinin qalıqları da mövcuddur.

Qeyd edək ki, Güney Azərbaycan məhv olmaq təhlükəsi ilə üzləşən təkcə 3 min illik daş kitabə deyil. Bundan əvvəl Mərənd bölgəsində yerləşən Urartu dövrünə aid 6 min illik Yaldur qalasının bu təhlükə ilə üzləşdiyi məlumdur. İran rejimi Azərbaycan türklərinə məxsus bu tarixi abidənin də məhv olmasına çox laqeydliklə yanaşır.

Xatırladaq ki, Mərənd bölgəsi Şərqi Azərbaycan əyalətində yerləşir. Eləcə də 14-cü əsrdə Hülakilərin dövründə tikilmiş, Təbrizin simvolu Ərk qalası da artıq uzun illərdir ki, məhv olmaq təhlükəsi ilə üz- üzədir. İran rejimi bu qalanın ətrafında dini məqsədlə tikinti həyata keçirərək, abidəni gözdən salmağa çalışmışdılar. Aparılan tikinti işləri qala xeyli zərər vurub.

Mövzu ilə bağlı millət vəkili Sabir Rüstəmxanlı Musavat.com-a danışıb:

1688823652_photo_5487.jpg (45 KB)

“İran rejimi, İran deyilən məmləkətdə, hansı ki, əhalinin yarıdan çoxu türklərdir, amma hakimiyyət farsların əlində olduğu üçün, daha doğrusu, rejim fars siyasətinə xidmət etdiyinə görə orada türkün izini itirmək üçün mövcud olan, ağıllarına gələn hər cür imkanlardan, vasitələrdən istifadə edirlər. Güney Azərbaycanda, indiki İranın böyük bir hissəsində türklərin çox qədim, 6-7 min illik mədəniyyətinin izləri var. Bəzi abidələr Qərb alimlərinin iştirakı ilə açılıb, arxeoloji qazıntılar nəticəsində tapılan incilər dünyanın müxtəlif muzeylərinə dağıdılıb, yerdə qalanlarını isə fars rejimi dağıdır, məhv edir. Biz özümüz də millət olaraq öz abidələrimzə sahib çıxmaqda, qorumaqda, onu dəyərləndirməkdə tənbəllik edirik.

Sarab mənim doğulduğum yerə yaxındır, orada olmuşam. O yerlər, əslində, Ərdəbil, Savalan ətrafı, türklərin müqəddəs yerlərindən biridir. Həmin ərazilərdə çox sirlər yatır. Lakin çox təəssüf ki, onların açılması və tariximizin faktına çevrilməsi üçün az iş görülür. İlk növbədə güneyli soydaşlarımız öz varlığını, kimliyini daha yaxşı dərk edib, sərvətlərinə sahib çıxmalıdır.

İkincisi də Quzey Azərbaycan olaraq beynəlxalq təşkilatlarda Güney Azərbaycandakı türk abidələri ilə bağlı məsələlər qaldıra bilərik. Həmçinin dünyanın müxtəlif yerlərinə dağıdılmış, aparılmış abidələrin də siyahısı tutulmalı, araşdırılmalıdır ki, dünya muzeylərində nələr var. Sonra onların heç olmasa müəyyən hissəsinin qaytarılmasına nail olmaq, ya burada onun oxşarını yaradıb, muzeylərdə saxlamaq son dərəcə vacibdir”.

Xalidə Gəray,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR