Onlayn ictimai-siyasi qəzet
SSRİ rəhbərləri dünya kommunizmini və xalqların bərabərliyini elan etsələr də, dəbdəbəni də seviblər. Lenin və bolşeviklər 1918-ci ildən Kremldə nəhəng mənzillərdə yaşadığı halda, qulluqçular və işçilər palçıqlı evlərdə şam işığında yatıb. Stalin və Xruşov isə yalnız xalq qarşısında adi yeməklər yeyiblər. Sovet rəhbərləri yemək qoxusunu sevməyiblər. Odur ki, mətbəxlər onların iqamətgahından uzaqda yerləşib.
“Əsl kommunist”
Karl Marksın ideyası birliyin kommunistləri tərəfindən özünəməxsus şəkildə həyata keçirilib - “Hər kəsdən qabiliyyətinə görə, hər kəsə ehtiyacına görə”.
Partiya üzvləri üçün gizli dükanlar yaradılıb. Orada fəhlə və kəndlilərdən gizli təamlar mövcud olub. Kremldə isə ciddi bir sistem yaradılıb. Vəzifə nə qədər yüksəkdirsə, sosial paket də bir o qədər yaxşı olub. Marşallar, mərkəzi komitənin katibləri, nazirlər lüks həyat yaşayıblar.
Xruşov Moskvanın keçmiş çar qubernatorunun sarayında yaşayıb. Onun Vorobyov təpəsindəki ikinci sarayında üzgüçülük hovuzu və idman meydançası fəaliyyət göstərib. Xüsusi inək naxırı onu südlə təmin edib və şəxsən 7 otaqlı mənzilə sahib olub.
Stalin Rusiyada və Qafqazda vaxtilə çar oliqarxlarına və knyazlara mənsub olan 20 bağ evində və sarayda yaşayıb. Bütün bu əmlaklar dövlət mülkiyyəti olub.
Gözəl yemək və içki
Stalin “Sağlam və dadlı yeməklər haqqında” kitabına görə qida qəbul edib, yəni adi insanların görmədiyini yeyib. Gürcüstandan çaxoxbili və kabab, Rusiyadan isə donuz, paştet, nərə balığı “Xalqların atası”nın masasında olub. Yeri gəlmişkən, Stalin bananı da çox sevdiyi üçün ona Ekvadordan bu məhsulu tədarük etməyə başlayıblar.
Stalinlə müqayisədə Xruşov daha təvazökar yeməklər yeyib və restoranlara elə də çox getməyib. Şorba və sadə kənd yeməkləri ona yetərli olub. Onun yeganə zəif nöqtəsi ekzotik meyvələr olub. Hətta Fidel Kastro Xruşova xüsusi reyslə ekzotik meyvələr göndərib. Gündə iki dəfə Nikitaya təzə sıxılmış ekzotik meyvə şirəsi verilib.
Hər iki lider çoxlu içki içib. Stalin gürcü şərablarını, Xruşov arağı, qalanlar isə onların məclisində qədəhə nə süzülsə, onu içib. Beriya çox danışmamaq üçün Stalinin yanında içməyib. Lakin bir dəfə Stalin ona qəzəblənib və masanın üstünə yumruqla vuraraq qışqırıb: “Kim içmirsə, əclafdır!”.
Xalqın necə yaşadığını bilmirdilər
Kreml şənlikləri haqqında əfsanələr yaranıb. Ölkə üçün ən çətin illərdə belə sovet rəhbərlərinin verdiyi qəbullar qonaqları heyrətə gətirib. Hər iki lider əmin idi ki, xalq da onlar kimi yeyib-içir. Axı SSRİ rəhbərləri dünyaya limuzinin və ya təyyarənin pəncərəsindən baxıblar. Onların görüşdüyü xalqın nümayəndələri isə xüsusi seçlmiş şəxslər, yeyib-doymuş insanlar olub.
Rəhbərlərin hər gün ünsiyyətdə olduğu bütün mühafizəçilər və qulluqçular heç də zəif həyat yaşayan insanlar olmayıb. Məqsəd onları “bəd xəbərlərlə” incitməmək olub. Üstəlik, SSRİ lideləri ilə təmasda olan hər kəs, hətta təmizlikçi xanımlar SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin ən azı çavuş rütbəsini daşıyıb.
Liderlərlə işləmək şansı olan bir çox adi insanlar müdiri məmnun etdikləri üçün başgicəlləndirici bir karyera qurublar. Stalin kababı gözəl bişirən aşpaza general-leytenant rütbəsi, mənzil, maşın verib, xüsusi pensiya ayırıb. Xruşovun inəyini bəsləyib sağan malabaxan general vəzifəsinə qədər yüksəlib.
Bir müddət sonra Nikita Xruşov yüksək səviyyəli kommunistlərin şişirdilmiş dəbdəbəsi ilə bağlı islahat aparıb, regional komitə katibləri mühafizəçilərdən, şəxsi təyyarələrdən, qatarlarda şəxsi dəbdəbəli vaqonlardan məhrum edilib, onlara 6 deyil, 2 şəxsi avtomobil saxlamaq icazəsi verilib.
Nikita Sergeyebiç vəzifəli şəxslər üçün yaş məhdudiyyət tətbiq edib. Bu, hətta partiyadakı fəaliyyətə də tətbiq edilib. Yaşlıları əbədi nemətlərdən məhrum etmək cəhdi Xruşşova baha başa gəlib. Şimal qütbünə qədər qarğıdalı əkmək və ət kvotasını ödəmək üçün bütün inəkləri kəsmək ideyası 1964-cü ildə Xruşovun saray çevrilişi nəticəsində devrilməsinə səbəb olub.
Onların xələfi Leonid Brejnev də özünə korluq verənlərdən olmayıb. O da delikates təamları, içkiləri çox sevib. Ayrıca, Brejnev xaricdə istehsal olunmuş lüks avtomobllərə xüsusi aludəçiliyi ilə fərqlənib.
İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün
22 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ