Onlayn ictimai-siyasi qəzet
21 yaşlı isveçli ekofəal gözlənilmədən ortaya atılıb başından böyük bəyanatlar səsləndirir; onun kimlərin “maşa”sı olduğu haqda konkret faktlar var...
Noyabrın 11-25-də Bakıda keçiriləcək COP29 anti-Azərbaycan qüvvələrə fürsət verib. Maraqlıdır ki, daha bir “ekoloq” gözlənilmədən ortaya atılıb. Söhbət 21 yaşlı isveçli ekofəal Qreta Tunberqdən gedir.
Rusiyadan qaz almadığı üçün kömür yandırmağa, AES-ləri yenidən işə salmağa məcbur olan bəzi Avropa ölkələrini nədənsə görməzdən gələn “iqlim dəyişikliyi fəalı” Qreta Tunberq qəfil peyda olaraq Azərbaycanın əleyhinə yaşından və başından böyük bəyanatlar səsləndirib. Erməni mediası yazır ki, Tunberq Azərbaycan hökumətini “avtoritar rejim” adlandırıb, “bütün siyasi məhbusların azad edilməsini” tələb edib.
Qreta Tunberqin ulduzu 2019-cu ildə BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 74-cü sessiyasında çıxışı ilə parlayıb. BMT tribunasından dünya liderlərini “onun uşaqlığını oğurlamaqda ittiham edən” isveçli ətraf mühit fəalının tezliklə kimlərinsə “danışan dili”, “maşası” olması barədə informasiyalar tirajlandı. Bir çoxlarında “Qreta Tunberqin arxasında kim dayanır, kim yönləndirir və bundan kimlər faydalanır” sualı yarandı.
Qretanın özü iddia edirdi ki, o, “yalnız özü üçün danışır” və heç kimin layihəsi deyil. Bütün bu piar işini onun uğursuz opera ifaçısı olan anası Malena Ernmanın düşündüyü də deyilir. O, dəfələrlə populyarlığının olmamasından şikayətlənib. Nəhayət, qadın psixi sağlamlığı yerində olmayan, emosional davranışına görə məktəbdən uzaqlaşan qızında yeni obraz yaradaraq məşhurluğa çatıb.
Qretanı ilk “qazanc mənbəyi” olduğunu duyan 2018-ci ilin avqustunda İsveç parlamentinin divarları qarşısında təkbaşına tətil edən zaman PR mütəxəssisi İnqmar Rentçox olub. Rentçox tezliklə öz eko-layihəsini yaratdı və Qretanın pankartları altında ona bir neçə milyon dollar topladı. Sonradan məlum oldu ki, İnqmar Rentçox ABŞ-ın sabiq vitse-prezidenti Albert Qorun iqlim hərəkatından “qidalanır”. Bir çox mənbələr Qretanın Corc Sorosun “kuklası” olduğunu iddia edir. Bəs Avropadakı hazırkı fəlakətli ekoloji vəziyyəti görməzdən gələn Qreta niyə qəfildən ortaya atıldı və hakimiyyət qarşısında siyasi tələblər səsləndirdi? Aydındır ki, bu, Qretadan istifadə edən qüvvələrin işidir. Bəlkə də Azərbaycanın istiqamətini bilməyən Qreta niyə birdən-birə bu cür tələblərlə ortaya atıldı?
“Qreta Qarabağda ekofəallar aksiya keçirəndə harada idi? Xunta rejimi sərvətlərimizi illərlə talan edəndə, faydalı qazıntı yataqlarının qanunsuz istismarını həyata keçirəndə gənc Qreta niyə səsimizə səs vermirdi? Heç onun adını da Azərbaycanda az eşidiblər. Deməli, hansısa mərkəzlərin əlində olan xidmətçidir və lazım olanda təlimatlandırılır”. Bu fikirləri “Yeni Müsavat”a professor Qabil Hüseynli açıqladı.l
Qabil Hüseynli
Q.Hüseynliyə görə, bundan sonra da təzyiqlərə və hücumlara hazır olmaq lazımdır: “Hələ qarşıda daha çirkin kampaniyalar ola bilər. Azərbaycan mötəbər konfransa ev sahibliyi etdiyi üçün onu qısqanan mərkəzlərin hərəkətə keçəcəyi gözlənilən idi. Qreta kimi öyrədilmiş ekofəallar da kəmfürsətlik edirlər. Azərbaycan Qarabağ münaqişəsinin həllindən sonra sürətli bir tempdə yaşıl enerji siyasətini strateji istiqamətinin vizyonuna daxil edib. Bu amil Azərbaycanın beynəlxalq səviyyədəki yerinə və regional siyasətdəki təhlükəsizlik naminə genişlənmək prioritetlərinə yeni nəfəs verə bilər. Biz məsələlərə daha qlobal səviyyədə yanaşmalıyıq və oradan-buradan eşidilən bəyanatlara "it hürər, karvan keçər" reaksiyası verməliyik. Dünyanın gözü Bakıda olacaq, prezidentlər, hökumət başçıları, minlərlə insan Azərbaycana təşrif buyuracaq, yüksək səviyyədə bir hazırlıq prosesi gedir, bu təşkilatçılıq fonunda hansısa QHT fəalları, yaxud özünə hüquq müdafiəçisi deyən şəxslər peyda olacaqlar, ürəkbulandıran çıxışlar edəcəklər. Fikrimcə, bu məsələlərə xüsusi nəzər yetirmədən işimizi görməliyik".
Q.Hüseynlinin sözlərinə görə, Makron və onun təmsil olunduğu siyasi klub Azərbaycana düşmənçilik edir: “Onlar həzm edə bilmirlər ki, bütün bu hadisələr necə baş verib və bir erməni layihəsi fiaskoya uğrayıb. Azərbaycan qələbədən sonra da Qarabağda təhlükəsizliyi təmin edib, tədbirlər keçirib, xarici qonaqlar dəvət edib, Türk Dövlətləri Təşkilatının sammitini Şuşada reallaşdırıb, indi də COP29 konfransına hazırlaşır. Yəni paxıllıqdan partlayırlar ki, Azərbaycan bu işləri necə həyata keçirir. O səbəbdən də üzərimizə hücumlar olunur, amma heç birinin kəsəri yoxdur”.
Xəzər Teyyublu
Siyasi Hüquqların Müdafiə Mərkəzinin rəhbəri Xəzər Teyyublu isə Qretanın bəyanatlarında ekoloji deyil, siyasi çalarlar olduğunu düşünür: “Əgər ekofəaldırsa, heç olmasa, Azərbaycanda iqlim dəyişikliyi, ekoloji problemlər haqda nəsə çərənləsin. Ekofəal siyasi mövzulardan danışırsa, Azərbaycanı ittiham edirsə, o zaman öz sahəsi ilə məşğul deyil, hansısa fondların tapşırıqlarını yerinə yetirir. Əgər ekoloji sahədə olan qüsurlardan söz açsaydı, yenə də başa düşmək olardı. Amma xanım Qreta yaşından və başından böyük işlərə girib. Onun Azərbaycan ictimai-siyasi vəziyyəti barədə əminəm ki, heç məlumatı yoxdur. Sadəcə, göstəriş verilib ki, bu ritorikada danışsın. Sözsüz ki, burada sistemli bir kampaniya müşahidə olunur. Həm ekofəallar, həm media resursları, ayrı-ayrı anti-Azərbaycan şəbəkələri aktivləşdirilib. Şübhə yoxdur ki, bu cür hücumlar bir neçə mərkəzin birgə, koordinasiyalı addımlarıdır. Yəni onlar sinxron hərəkət edirlər, məqsəd beynəlxalq rəydə Azərbaycan haqda olduqca pis bir təsəvvür formalaşdırmaqdır”. Hüquq müdafiəçisi Qretaya ekoloji yönümlü QHT-lərin də cavab verməli olduğunu düşünür: “Çünki dünya baxır, məlumatsız olanlar onun dediklərinə inanırlar və ictimai rəyə təsir göstərir. Burada qərəz ondan ibarətdir ki, iqlimlə, ekologiya ilə bağlı bir tədbir üzərindən Azərbaycandakı siyasi şərait haqda fikirlər səsləndirilir. Deməli, təzyiq məqsədi daşıyır. Bütün bunlara baxmayaraq, Bakı COP29 tədbirlərini ən yüksək səviyyədə keçirəcək, erməni lobbisinin xərclədiyi pullar bu dəfə də batacaq”.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ