İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransanın siyasi əxlaqsızlığı - Parisin şantajları əndazəni aşır!

Makron və komandası Paşinyandan betər ermənilik edir; Fransadan göndərilən TIR-lar Laçın yolundan buraxılmadı!

Bütün dünya Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini tanıyıb. Bu birmənalıdır. Postmüharibə dövründə qalib Azərbaycan öz sərhədləri daxilində bütün lazımi işləri, konstitusion vəzifələrini yerinə yetirməkdə davam edir. Laçın yolunda sərhəd-buraxılış məntəqəsi yaradılması tam doğal haqqımızdır, eyni zamanda Xankəndidə, sülhməramlıların müvəqqəti nəzarətində olan digər ərazilərdə də Azərbaycanın idarəetməsi gec-tez bərpa olunmalıdır və olunacaq. Bunu hər kəs qəbul edir və Azərbaycan erməni vətəndaşların reinteqrasiyası istiqamətində gərəkən addımları da atmaqdadır. Belə bir mühüm mərhələdə ermənilərə guya canı yanan bəziləri prosesə dəstək vermək əvəzinə, onları daha da çıxılmaz vəziyyətə salmağa çalışırlar. Əlbəttə, onlar Azərbaycana qarşı çirkin niyyətlərini gerçəkləşdirmək məqsədi güdürlər, ancaq anlamalıdırlar ki, nəticədə ölkəmizə heç bir təsir göstərə bilməyəcəklər. 

Bu cür təxribatçı davranışlar edən ölkələr sırasında Fransa başda gəlir və faktiki olaraq rəsmi Parisin son mövqeyi siyasi əxlaqsızlıq kimi qiymətləndirilməlidir. Fransanın Avropa və xarici işlər naziri Katrin Kolona avqustun 29-da siyasi, diplomatik etikaya sığışmayan bir açıqlama verib. O, “Bakının Xankəndi üzərindəki hərəkətləri əxlaqsızlıqdır”, - deyə sarsaq mövqe sərgiləyib. “Fransanın Avropa və xarici işlər naziri Katrin Kolonanın bölgədə sülh və sabitliyə xidmət etməyən, birtərəfli ermənipərəst mövqe sərgiləyən bu kimi açıqlamaları qəbuledilməzdir”. Bunu isə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Fransanın Avropa və xarici işlər naziri Katrin Kolonanın səfirlər konfransında çıxışı zamanı səsləndirdiyi fikirlərə dair suala cavab olaraq deyib: “Ermənistanın 30 ilə yaxın müddətdə Azərbaycan torpaqlarının işğalına, Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinə, soyqırımı və kütləvi qırğınların həyata keçirilməsinə, 1 milyona yaxın azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsinə və hüquqlarının tapdanılmasına, Azərbaycanın şəhər və kəndlərinin viran qoyulması və talan edilməsinə, Azərbaycana məxsus mədəniyyətin və tarixi abidələrin dağıdılmasına, 2020-ci il müharibəsindən sonra isə Ermənistanın həyata keçirdiyi hərbi-siyasi təxribatlara son qoymaması, Azərbaycan ərazilərindən silahlı qüvvələrinin hələ də tam çıxarılmaması kimi faktlara göz yumulması qanunsuz və qeyri-əxlaqi yanaşmanın nümunələridir. Azərbaycan Respublikası milli qanunvericiliyi çərçivəsində Qarabağ bölgəsində yaşayan erməni sakinlərin ölkəmizin siyasi, sosial və iqtisadi sferalarına reinteqrasiyası istiqamətində səy göstərir və bu səylərə qarşı maneçilik törədilməsi, guya erməni sakinlərin bölgədən qovulması istiqamətində siyasət həyata keçirildiyi barədə iddialar səsləndirilməsi tamamilə yanlışdır. Bir daha, Fransa tərəfini bu kimi təhrikçi və təxribatçı fikirlərə son qoymağa çağırırıq”.

Anne HIDALGO - Ville de Paris

Özü də fransalı nazir bu nadan bəyanatı Parisin meri Ann İdalqonun başçılığı altında Fransadan Xankəndinə humanitar yardım karvanı göndərdiyi bir ərəfədə deyib. Qeyd edək ki, Parisin yardım karvanı 30 avqustda İrəvana gəlib. Buradan Fransa karvanı Laçın yoluna doğru yola düşüb. Əslində bununla Fransa beynəlxalq hüququn bütün prinsiplərini ayaq altına alıb. Faktiki olaraq Fransa Bakıya qarşı açıq şantaja keçib və belə demək mümkünsə, əsəb savaşı açıb. Nə edək, Fransaya hansı şəkildə cavab verək? Bu ölkə ilə diplomatik münasibətlərə yenidən baxıla bilərmi? Faktiki olaraq Paris bölgədə sülhün baş tutmaması üçün əlindən gələni edir. Paris niyə belə edir, dərdi ermənidir, yoxsa başqa niyyətlərinə çatmaq üçün şantajçı mövqedədir?

Onu da deyək ki, Paşinyanın Makrona telefon zəngindən sonra Fransa lideri Azərbaycan Prezidenti İlham Əliyevlə əlaqə saxlayıb. Telefon danışığı əsnasında regiondakı vəziyyət, Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarının açılması məsələsi müzakirə olunub. Dövlət başçısı qeyd edib ki, Ermənistan və qondarma rejim Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə Ağdam-Xankəndi yolu ilə yüklərin daşınması barədə əldə olunmuş ilkin razılaşmadan imtina edib. Prezident Azərbaycanın Qarabağın erməni əhalisinin təmsilçilərinin reinteqrasiya məsələlərini müzakirə etmək üçün paytaxt Bakıya və Azərbaycanın digər şəhərlərinə dəvət etdiyini, ancaq onların bundan da imtina etdiklərini və məqsədyönlü şəkildə vəziyyətin guya humanitar gərginlik xarakteri daşıdığını təqdim etməyə çalışdıqlarını bildirib. İ.Əliyev qeyd edib ki, Ağdam-Xankəndi yolu açıldıqdan sonra Azərbaycanın gömrük və sərhəd rejimi qaydalarına riayət etməklə Laçın-Xankəndi yolundan istifadə edilə bilər. Eyni zamanda Prezident İlham Əliyev avqustun 30-da Azərbaycan Qızıl Aypara Cəmiyyətinin xətti ilə həmin əraziyə ərzaq yüklərinin çatdırılması üçün avtomobil karvanının yola düşdüyünü qeyd edib. Makron vəziyyətin sabitləşdirilməsi və mövcud gərginliyin aradan qaldırılması üçün Fransanın da öz tərəfindən töhfə verməyə hazır olduğunu bildirib, Fransanın və Azərbaycanın aidiyyəti qurumlarının təmaslarının davam etdirilməsini təklif edib.

Siyasi ekspert Azad Məsiyev “Yeni Müsavat”a bildirdi ki, Fransa deyəndə Avropa Birliyini nəzərdə tutmalıyıq. Onun sözlərinə görə, Avropa Birliyi isə Birləşmiş Ştatların de-fakto “ştatı”dır. Ekspert hesab edir ki, Ukrayna müharibəsində Amerikanın oyunçuları Böyük Britaniya və Polşadırsa, Cənubi Qafqazdakı proseslərdə iştirakçıları Fransa və Avropa Birliyidir: “Son vaxtlar Kanada kimi dövlətlər bu prosesə fəal qoşulublar və Azərbaycana qarşı qərəzli açıqlamalar verirlər. Sadəcə, Fransa daha qabarıq şəkildə görünməkdədir. Bütün bunlarla yanaşı, Azərbaycan öz suverenliyini qorumaqdadır. Mən hesab edirəm ki, Fransanın düşmənçiliyini əsas gətirərək, onun Bakıdakı səfirinin ölkədən çıxıb getməsini tələb etməliyik. Nə qədər desək də, iki üstəgəl iki dörd edir, yenə onlar əksini söyləyəcəklər. Fransa ilə iqtisadi əməkdaşlığı da məhdudlaşdırmalıyıq. Digər tərəfdən, Fransa təkcə bizə yox, Türkiyə əleyhinə də addımlar atır”.

Günaydın Azərbaycan : Azad Məsiyevin ABŞ-ın son qətnaməsi ilə bağlı  fikirləri

Azad Məsiyev

Təhlükəsizlik mütəxəssisi İlham İsmayılın sözlərinə görə, Parisdən gələnlər Laçına uzaqdan binoklla baxacaqlar və dünyaya mesaj verəcəklər ki, Azərbaycan “humanitar fəlakət” yaşadır: “Məqsəd bizi dünyanın qınaq və təzyiq hədəfinə çevirməkdir. Laçın yolu Parisdən gələn madam İdalqonun üzünə daha sərt şəkildə bağlanmalıdır. Olduqca prinsipial situasiya yaranıb. Bütün erməni mediası Makronun zəngindən sonra Azərbaycanın geri addım atacağından, Parisdən gələn yükün Laçın yolundan keçəcəyindən və bu faktın "Artsaxın müstəqillik yolu"nda uğurlu mübarizəsinə töhfə verəcəyindən yazır. Parisin ermənilərlə birgə bu siyasi manipulyasiyası keçəsi deyil və Laçın yoluna təşrif gətirəcək mer İdalqoya bəri başdan “xudahafiz, madam, yolu səhv salmısınız” deyirik".

İ.İsmayıl hesab edir ki, Parisin meri Ann İdalqo, Strasburqun milliyyətcə erməni olan meri Barseqyan Laçın yoluna gələcəklərini və humanitar yükü müşayiət edəcəklərini elan edib: “Paşinyandan narazı olan və narazılığını dilə gətirən Makron Paris merini təsadüfi olaraq İrəvana göndərməyib. 2 sentyabrda İrəvan və Xankəndidə hakimiyyət çevrilişlərinə hazırlıq gedir. Vardanyan həmin gün Araiki yola salmağı planlaşdırır. Paris merinin gətirdiyi yükü Laçın yolundan keçirməklə Fransa, konkret olaraq Makron bölgədə nüfuz nümayiş etdirmək niyyətindədir...”

Qərb ölkələri Priqojinin hərbi qiyamını dəstəkləmədi”- » Missiya.az - Xəbər  portalı

Məhəmməd Əsədullazadə

Siyasi şərhçi Məhəmməd Əsədullazadənin fikrincə, Fransa Ermənistan vasitəsilə Cənubi Qafqazda geosiyasi mövqeyini möhkəmlətməyə çalışır. Rəsmi Parisin Ermənistana siyasi və hərbi dəstəyini artırması da həmin məqsədə xidmət edir. Təhlilçi hesab edir ki, Fransa Cənubi Qafqazda Azərbaycan-Türkiyə tandeminə qarşı növbəti siyasi şou qurur: “Humanitar yardım adı altında Fransa hakimiyyəti bölgədə təxribata əl atır. Makronun da çıxışından aydın görünür ki, Fransa diplomatiya deyil, təzyiq yolunu seçib. Amma Azərbaycanın ərazi bütövlüyünə, sərhədlərinə qarşı güc tətbiq olunarsa, eyni üsulla buna cavab veriləcək. Heç bir qüvvə Azərbaycanın sərhəd-buraxılış məntəqəsini güc tətbiq etməklə keçə bilməz. Ermənistan buna cəhd etsə, cavabını alacaq. Makron unudur ki, Afrikada və Aralıq dənizi hövzəsində Fransa özünün geosiyasi mövqelərini itirib. Əgər Fransa Cənubi Qafqazda da təhdid və təzyiq yolu ilə öz mövqelərini gücləndirməyə çalışarsa, bu, Parisin xarici siyasətinin iflası olacaq”.

Sonda qeyd edək ki, Fransanın təxribatı, gözlənildiyi kimi, baş tutmayıb. Azərbaycan Fransadan göndərilən “humanitar yükü” Qarabağa buraxmayıb.

APA xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb. Yayılan fotolardan da görünür ki, Fransadan göndərilən “humanitar yüklü” 10 avtomobil iyulun 26-da sərhəddə gözləyən “Spayka” avtomobillərinin sırasına düzülüb.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR