İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransa Brüssel formatını Ermənistanın maraqlarının himayə olunduğu platformaya çevirmək istəyir - ŞƏRH

"Fransanın nəyin bahasına olursa-olsun Azərbaycanla Ermənistan arasında vasitəçiliyə can atması həm də Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin yaxından iştirakı və ciddi cəhdləri nəticəsində baş tutan Brüssel formatı çərçivəsində atılan önəmli addımlara qarşı yönəlib. Bu, həm də Fransanın üzvü olduğu Avropa İttifaqına münasibətdə də qeyri-səmimi davranışlarının, pozucu fəaliyyətinin, eləcə də öz maraqlarını İttifaqın mənafeyindən üstün tutmasının nümunəsi kimi də dəyərləndirilə bilər".

Bunu Trend-ə siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

Onun sözlərinə görə, şübhəsiz ki, bu xüsusda rəsmi Parisin beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən, BMT Nizamnaməsinin və Avropa İttifaqı haqqında Müqavilənin müvafiq müddəlarına, sülhü təşviq edən dəyərlərə zidd fəaliyyəti haqqında söz açmağa belə dəyməz.

"Çünki “insan hüquq və azadlıqları”ndan, “demokratiya”dan, “xalqların öz müqəddəratlarını təyinetmə hüququ”ndan dəm vuran Fransa hələ də müstəmləkəçi ölkədir. Müasir Fransanın az qala bütün dünya okeanlarına “səpələnmiş” de-fakto müstəmləkələrinin ərazisi 560 min kv. kilometr təşkil edir və müstəmləkələrdə müasir Ermənistanın əhalisindən daha çox insan – 3 milyon nəfər yaşayır. Karib dənizindəki Qvadelupa və Martinika adalar silsiləsi, Atlantik okeanının Cənubi Amerikaya yaxın ərazisində yerləşən Qviana, Sen-Marten, Sen-Bartelemi, Sen-Pyer və Mikelon, Hind okeanındakı Renyunon və Mayotta, Sakit okeandakı 130 kiçik adadan ibarət Fransuz Polinzeyası, eləcə də Uollis və Futuna, Yeni Kalledoniya hələ də “sivil”, “demokratik” Fransanın müstəmləkələri sayılırlar və məsələnin maraqlı tərəfi həm də buradadır ki, sözügedən ərazilər Avropa İttifaqına daxil deyillər və Fransa Aİ-nin hüquqi sisteminə zidd bütün oyunlarını bu müstəmləkə-adaların üzərindən həyata keçirir.

Digər tərəfdən, maraqlıdır, hazırda Rusiya sülhməramlılarının müvəqqəti səlahiyyət zonasına daxil olan Azərbaycan ərazisində yaşayan bir ovuc erməninin hansısa müstəsna “hüquqlarından” dəm vuran Fransa nədən bu hüququ əhalisinin sayı 800 min nəfərdən çox olan Renyunona və 500 min nəfərə yaxın əhalisi olan Qvadelupa sakinlərinə tanımır və ya 400 minlik Martinka adasına müstəqillik vermir? Nəzərə alsaq ki, sözügedən ərazilər fransızlar tərəfindən qəsb edilib və coğrafi mövqe baxımından bu adaların Fransaya heç bir aidiyyəti yoxdur, o zaman fransız müstəmləkəçiliyinin nə qədər ədalətsiz və amansız olduğunu müəyyənləşdirə bilərik. İndi bu ölkə yenə də burnunu ona heç bir aidiyyəti olmayan, başqa xalqlara və dövlətlərə məxsus ərazilərə soxub, ona yaxından uzağa heç bir dəxli olmayan Cənubi Qafqazda mövqe savaşına çıxmağa çalışır, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsi ilə nəticələnən 44 günlük müharibənin və diplimatik səylərin gündəmdən çıxardığı məsələləri yenidən qabartmağa cəhd göstərir və sülh prosesinə açıq-aşkar mane olmaq istəyir. Halbuki, Fransanın Azərbaycanla Ermənistan arasındakı vasitəçiliyi, bu ölkənin indiki rəhbərliyinin və müvafiq təsisatlarının sərgilədikləri beynəlxalq hüquqa və sülh prosesinə zidd davranışlarından sonra, ümumiyyətlə mümkün deyil. Fransa tərəfdir və qatı ermənipərəst siyasət yürüdən erməni lobbisinin maraqlarından çıxış edir və istisnasız olaraq, bütün məsələlərdə Ermənsitanın yanındadır", - E.Mirzəbəyli qeyd edib.

O əlavə edib ki, Fransanın 30 ilə yaxın zaman kəsiyində ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri kimi neqativ və ikrah doğuran fəaliyyətini bu gün Azərbaycanda heç kim unutmayıb və unutmayacaq da. Azərbaycan vətəndaşları üçün Fransanın Ermənistandan bir fərqi var, bu da sözügedən ölkənin Azərbaycandan 4632 kilometr məsafədə yerləşməsidir: "İndiki şəraitdə Fransanın Brüssel formatına müdaxilə etmək cəhdləri isə şübhəsiz ki, rəsmi Parisin Avropa İttifaqını ayrıca bir təsisat kimi prosesdən kənarlaşdırmaq və ATƏT-in Minsk Qrupunun həmsədrlik insitutunda olduğu kimi, Avropa İttifaqının adından çıxış etmək niyyəti ilə bağlıdır. Fransa Brüssel formatını mənimsəmək və Ermənistanın maraqlarının himayə olunduğu platformaya çevirmək istəyir. Bu baxımdan, Azərbaycan heç bir halda nəinki nəticəsi, hətta gedişatı indidən bəlli olan prosesə qatılmamalı və Fransanın iştirakı ilə keçirilən bütün görüşlərdən imtina etməlidir. Dünyanın müxtəlif ölkələrində, o cümlədən, Ruanda və Əlcəzairdə soyqırımı törədən, həmçinin, qondarma iddialar üzərindən başqalarını soyqırımı törətməkdə günahlandıran bir ölkə heç bir halda Ermənsitanın 30 ilə yaxın bir müddət ərzində azərbaycanlılara qarşı həyata keçiridiyi soyqırımı cinayətlərinə, işğala, terrora, vandalizmə münasibətdə ədalətli mövqe sərgiləyə bilməz. Azərbaycan xalqının zərrə qədər də etimadı yoxdur və heç Azərbaycan-Ermənistan münasibətləri kontekstində də bu ölkənin adını belə eşitmək istəmir".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR