İnsanlara hürriyət, millətlərə istiqlal!

Fəzail İbrahimli: “47 siyasi partiyadan 250-dək təklif gəlib”

“Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə sistemli islahatlar həyata keçirilir”.

Musavat.com xəbər verir ki, bunu Milli Məclisdə “Siyasi partiyalar haqqında” qanun layihəsi ilə bağlı dinləmələrdə çıxış edən vitse-spiker Fəzail İbrahimli deyib. 

O bildirib ki, altıncı çağırış Milli Məclisə seçkilərdən sonra parlamentdə hakim partiya üzvləri ilə yanaşı, ayrı-ayrı siyasi partiyaların nümayəndələri də təmsil olunur, bu da islahatlara bariz nümunədir.

Vitse-spiker qeyd edib ki, parlamentdə iştirak edən siyasi partiyalar “Siyasi partiyalar haqqında” qanun layihəsinin hazırlanması xahişi ilə Milli Məclisin sədri Sahibə Qafarovaya müraciət edib:

“Çünki qanunun qəbul olunmasından keçən 30 il ərzində Azərbaycan başdan-başa dəyişib, dünyanın boy sırasında Azərbaycan öz layiqli yerini alıb”.

F.İbrahimli bildirib ki, 1995-ci ildə yeni Konstitusiyanın qəbulundan sonra bütün qanunlar dəyişib: “Odur ki, “Siyasi partiyalar haqqında” qanunun yenidən işlənməsinə zərurət var idi”. 

Fəzail İbrahimli təşəbbüsə müsbət reaksiyasına görə Sahibə Qafarovaya təşəkkür edib. Vitse-spiker bildirib ki, sədrin tapşırığından sonra MM-in üç komitəsi qanun layihəsini yenidən hazırlayaraq ictimai müzakirələrə təqdim edib.

“Bizim ilk söykəndiyimiz mənbə Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyəti ilə bağlı verdiyi tövsiyələrdir. Bundan başqa, ekspert komissiyası 20 ölkənin təcrübəsini öyrəndi və qanun layihəsinin hazırlanması işinə töhfə verdilər. Bundan əlavə, siyasi partiyalardan gələn təkliflər də nəzərə alınıb. Milli Məclisin saytında da bu məsələ ilə bağlı məlumatlar əksini tapıb. Ötən müddət ərzində 47 siyasi partiyadan 250-dək təklif gəlib. Eyni zamanda Sosial Tədqiqatlar Mərkəzi vasitəsilə sorğular həyata keçirilib” - F.İbrahimli əlavə edib.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR