Onlayn ictimai-siyasi qəzet
Fətəli xanın baş daşı bərpa edilir.
Musavat.com xəbər verir ki, bu barədə Milli Azərbaycan Tarixi Muzeyi məlumat yayıb.
Bildirilib ki, muzeyin Arxeologiya fondunda qorunan, XVIII əsrin sonlarına aid qubalı Fətəli xana məxsus qəbir daşının bərpaya ehtiyacı olduğu üçün muzeyin Bərpa laboratoriyasına yönləndirilib.
Qeyd edək ki, 1789-cu ilin mart ayının 22-də 54 yaşında vəfat edən Fətəli xan Bakıda Bibiheybət məscidinin həyətində dəfn olunub. XX əsrin 30-cu illərində isə Fətəli xanın baş daşı Azərbaycan Tarix Muzeyinə təqdim edilib. Oniks daşından hazırlanmış sözügedən qəbir daşı üzərində hazırda bərpa-konservasiya işləri aparılır. Bərpadan öncə üzərindəki boya qalıqları polaroid maddə vasitəsi ilə konservasiya edilmiş və daşın üzərindəki firuzəyi, bənövşəyi, qızılı boya qalıqları daha aydın formada üzə çıxmışdır. Eksponatın üzərindəki ləkələr xüsusi maddələrlə-kimyəvi və mexaniki üsulla təmizlənərək, daşın təbii rəngi geri qaytarılıb.
Eksponatın konservasiya və bərpa işləri muzeyin bərpaçı-rəssamı İbrahim Hacıyev tərəfindən icra olunur.
Sözügedən eksponat bərpa prosesindən sonra muzeyin yeni qurulan ekspozisiyasında nümayiş olunacaq.
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ