Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Trampın administrasiyası ölkənin miqrasiya siyasətini tamamilə yenidən quraraq ağdərili qaçqınların qəbuluna üstünlük verməyi planlaşdırır.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə The New York Times qəzeti məlumat yayıb.
Qəzetin əldə etdiyi sənədlərə əsasən, indiyədək mövcud olan və “dünyanın ən çox zərər çəkmiş əhalisinə yardım etməyə” yönəlmiş qaçqın qəbul sistemi tamamilə ləğv edilərək yeni proqramla əvəz olunacaq. Bu proqramda əsas diqqət “təqibə məruz qaldığını bildirən ağdərili şəxslərə” yönəldiləcək.
Qəzet yazır ki, söhbət ilk növbədə ağdərili, ingilisdilli Avropa ölkələrinin və Cənubi Afrika Respublikasının (CAR) sakinlərindən gedir.
Yeni plan həmçinin Avropada mövcud miqrasiya siyasətinə qarşı çıxan və populist partiyaları dəstəkləyən şəxsləri də əhatə edə bilər. Bu kateqoriyaya daxil olan şəxslər, məsələn, “öz siyasi baxışlarını dinc şəkildə ifadə etdiklərinə görə, o cümlədən internetdə fikirlərinə görə təqib olunurlarsa”, ABŞ-da qaçqın statusu almaq imkanı qazana bilərlər.
The New York Times ehtimal edir ki, bu proqramdan Almaniyanın “Almaniya üçün Alternativ” (AfD) partiyasının bəzi üzvləri kimi sağ yönümlü siyasi hərəkatların tərəfdarları da yararlana bilərlər.
Qəzetin iddiasına görə, Dövlət Departamenti və Daxili Təhlükəsizlik Nazirliyinin nümayəndələri bu proqramla bağlı təklifləri aprel və iyul aylarında Ağ Evə təqdim ediblər. Lakin plan hələlik tam təsdiq olunmayıb və hökumət daxilində razılaşdırma prosesi davam edir.
Bu məlumat ABŞ ictimaiyyətində və beynəlxalq mediada mübahisəli reaksiya doğurub. Ekspertlər bildirirlər ki, belə bir addım qəbul edilərsə, ABŞ-ın ənənəvi humanitar imicinə və beynəlxalq qaçqın hüquqları sisteminə ciddi zərbə vura bilər.
Musavat.com
16 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ