Onlayn ictimai-siyasi qəzet
Bakı metrosunda qatar növbəti dəfə tuneldə qalıb, qrafik alt-üst olub, tıxac, basabas... Hər gün şəhərimizin sakinləri və nəğməli qonaqları bu xəbərlərlə yaşayır. İdarənin izahatı isə anekdotdur. Deyir, “Nizami” metrosu ilə “İnşaatçılar” arasında yol mailidir, gərək gözləyək bir qatar stansiyanı tərk eləsin, o biri girsin. Həmçinin camaat qapını tutub saxlayırmış.
Az qalıb, deyəcəklər, metronun problemləri yerin altında olmağına görədir - maşinistlər qabağı yaxş görmür. Əgər metronu üstə çıxartsaq, hər şey düzələcək.
Zarafat eləmirəm. Keçən ay gedişhaqqı 10 qəpik də qaldırılanda bunu “xalqa daha yaxşı xidmət-zad”la əsaslandırmamışdılarmı? Əsaslandırmışdılar. Ancaq, üzr istəyirəm, bu “mışlar”ın nəticəsi niyə olmadı? Çünki qiymət az qalxdı! Bəli. 10 qəpiklik artımın basabasa təsiri elə 10 qəpiklik olmalıdır. Əgər gedişhaqqı 10 manat qalxsa, hamı məcbur olub taksiyə minər, metroda basabas azalar. Ümidvaram əlaqədar məmurlar bu fısqırıq elmi təklifimi oxuyacaqdır.
Ucuz ətin şorbası olmur. Ramiz müəllimin dövlətə xəyanətini niyə ancaq 87 yaşında aşkara çıxara bildik? Çünki ustalıqla maskalanmışdı. Yalnız 8 milyona villa satmağı ortaya çıxanda xalq oyandı.
Sözgəlişi, Ramiz Mehdiyev dövlət çevrilişində suçlanırsa, görəsən, o bu əməli təklikdə həyata keçirəcəkdimi? Niyə onun əlaltıları haqda uca millətə məlumat verilmir? Nigarançılıqla gözləyirik. Təcrübəyə əsasən, osminoqun barmaqlarının çox olduğu güman edilir. Onu ev dustağı kimi saxlayırlar, həmin evdən dövlət çevrilişi etmək imkanları qalırmı, bu da düşündürücü məsələdir. Hər ehtimala qarşı evin işıq və qazını kəsmək məsləhətdir. Metro idarəmiz demişkən, çox maili adamdır, təhlükəsi hər yerdə qalır. Bəlkə bu dəqiqə evdən “İnşaatçılar”a lağım atır.
Ramiz müəllim epoxamızın ən məhşur quyu qazanlarından idi və onun bu maili quyularında neçə nəsillər it-bata düşmüşdü. İndi o öz qazdığı quyuya düşüb. Maraqlı dövrdə yaşayırıq. Şairin dediyi “gözəl günlər görəcəyiz, cocuqlar, motorları maviliklərə sürəcəyiz” epoxasına tam girmişik. O şeirdə “Hani şimdi bizim soframıza Haftada bir et gelir Ve Çocuklarımız işten eve Sapsarı iskelet gelir” misraları da var idi, ümid edək, Ramiz müəllimin dövlət çevrilişinin qarşısı alındığı kimi, əlaqədar orqanlar ət çevrilişini də önləyəcəklər. Yoxsa dana-duna özünü qaldırıb qoyub dağın başına. Qoyunlar özünü elə aparır, sanki akademikdirlər.
Ümumiyyətlə, cəmiyyətimizdə ciddi davranış problemi var. Adamlar özünü aparmaqda çətinlik çəkir. Hamı istəyir ki, onu hökumət aparsın. Ya metro, ya motorla. Hətta müstəqil şəkildə ölə də bilmirik.
Bugünlərdə Fransada maraqlı bir dəfn prosesi keçirildi. Parisdə ünlü şəxsiyyətləri panteonda dəfn edirlər. Bizim Fəxri Xiyaban tipində yerdir. Keçən əsrdə Fransada ölüm cəzasını aradan qaldıran hüquqşünas, ədliyyə naziri Rober Badinter varmış, indi Makron qərar çıxarıb, həmin hüquqşünasın cəsədini gətirib orada basdırmalı idilər. Amma dövlət bunu edə bilmədi, hətta məcburən panteonda Badinterin paltarını və 3 kitabını tabutda “dəfn etdilər”. Səbəbi isə bu idi: Badinterin arvadı icazə verməyib! Deyib, ərim keçən il basdırıldığı Banye şəhər qəbiristanlığında qalacaq, mən də öləndə onun yanında dəfn edilməliyəm. Bizdə isə camaat titullu məzarlıqlarda basdırılmaq üçün ölür. Sözün hər mənasında. Hətta bəzi xalq artistləri “qəbirlər kateqoriya üzrə olmalıdır” kimi çirkin açıqlamalar verirlər.
Mövzu açılmışkən, artist Ənvər Həsənovun qəbrinin üstü götürülməyibmiş. Mədəniyyət Nazirliyi “biz yalnız Fəxri Xiyabanda dəfn edilənlərin məzarını düzəldirik” tipində tragikomik izahat gətirib. Əlbəttə, Gəray bəy sağ və iş başındadırsa, komsomol Cəlalın qəbrini kim düzəldəcək?
Amma vəsait tapmaq problem deyildi axı. Azca baş işlətsən, pul çoxdur. Elə o nazirliyin keçmiş başçıları, işçiləri arasında korrupsiyada ittiham edilən, həbsə düşən nə qədər adam var. Biri hətta Moskvada balıq alveri edir. Onların oğurladığının onda birini cəlb eləsək, artistlər nədir, hətta rejissorlar və ssenaristlərin də qəbrinin üstünü götürmək olar.
17 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ