İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinin “rəqəmsal miqrant” planı: nəzarət, məhdudiyyət və ideoloji filtrasiya

Rusiya prezidenti Vladimir Putin 2026–2030-cu illəri əhatə edən yeni miqrasiya siyasəti konsepsiyasını təsdiqləyib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, sənədin ilk hissəsində 2019–2025-ci illərdə həyata keçirilən miqrasiya tədbirləri xatırladılır. Buraya miqrantların ölkədən çıxarılması rejiminin tətbiqi, biometrik məlumatların toplanması, rus dili və tarix biliklərinə dair tələblərin sərtləşdirilməsi kimi qaydalar daxildir.

Konsepsiyada vurğulanır ki, “yeni çağırışlar və təhdidlər” miqrasiya siyasətinin təkmilləşdirilməsini tələb edir. Dövlət orqanlarının səyləri xarici işçilərin hədəfli və təşkilatlanmış şəkildə cəlb edilməsini sürətləndirməyə, həmçinin miqrantların sosial və tibbi sistemə düşən yükünü azaltmağa yönəldiləcək.

Yeni siyasətin əsas məqsədləri bunlardır:

  • Xaricdə yaşayan russoyluların və soydaşların Rusiyaya köçürülməsi;
  • Ukraynanın işğal altındakı Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərindən olan sakinlərin, müharibə zamanı ölkəni tərk etmiş şəxslərin geri qaytarılması;
  • Rusiyaya investisiyaları, bilikləri və bacarıqları ilə iqtisadiyyata və elmə töhfə verən, həmçinin “ənənəvi rus mənəvi-əxlaqi dəyərlərini bölüşən” şəxslərin qəbul edilməsi və vətəndaşlığa alınması;
  • Rusiyada işləməyən və təhsil almayan miqrant ailə üzvlərinin qalma müddətinin məhdudlaşdırılması;
  • Xarici vətəndaşların Rusiyanın hüquqi, sosial, iqtisadi və mədəni mühitinə uyğunlaşması üçün şərait yaradılması;
  • Rus dilinin və mədəniyyətinin, iş məqsədilə Rusiyaya gələn ölkələrdə təbliğinə dəstək verilməsi;
  • Rusiyada işləmək üçün gələn hər bir xarici vətəndaş üçün “rəqəmsal profilin” yaradılması;
  • Xarici işçi qüvvəsinin cəlb edilməsinin kvota mexanizminin, rəqəmsallaşdırılmasının və işəgötürənlərin bu istiqamətdə təşviq olunmasının təkmilləşdirilməsi.

Rusiya mediası bildirir ki, bu konsepsiya miqrasiya üzərində dövlət nəzarətini gücləndirir və ideoloji səviyyədə “ənənəvi dəyərlər”i əsas seçim meyarına çevirir.

Sənədin bəzi müddəaları, xüsusilə “rəqəmsal profil” və ailə məhdudiyyətləri bəndləri, insan haqları üzrə ekspertlər tərəfindən “müasir nəzarət və sosial filtrasiya mexanizmi” kimi qiymətləndirilir.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR