Onlayn ictimai-siyasi qəzet
Sabah -17 oktyabr Ağ Evdə ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Volodimir Zelenskini qəbul edəcək. Bu, 8 ay ərzində Zelenskinin Ağ Evdə sayca üçüncü görüşü olacaq. Doğrudur, müxtəlif platformalarda, məkanlarda hər iki dövlət başçısı görüşlər keçiriblər, telefon danışıqları olub, müzakirələr aparıblar, amma , sabahkı görüş Ukrayna müharibəsi üçün taleyüklü ola bilər.
Söhbət, Amerikanın “Tomoqavk” raketlərinin Ukraynaya verilib-verilməməsindən gedir. Hər zaman olduğu kimi, ABŞ prezidenti Tramp “Tomoqavk” raketlərini verəcəyi barədə bu dəfə də əvvəldən qəti söz söyləməyib. “Rusiya Ukraynaya qarşı müharibəni sülh yolu ilə nizamlamaqdan imtina edərsə”, Kiyevin raketlər ala biləcəyi barədə Trampın fikri tam qətiyyəti ifadə etməsə də, olması da mümkündür. "Bəlkə mən ruslarla “Tomaqavk” haqqında danışmalıyam. Onlar “Tomaqavk”ların onlara tərəf uçmasını istəyirlər? Mən belə düşünmürəm", - Tramp deyib.
O əlavə edib ki, bu ehtimalla bağlı Rusiya prezidenti Vladimir Putinə xəbərdarlıq etməyi planlaşdırır. “Mən deyə bilərəm ki, bax, əgər bu müharibə nizamlanmasa, mən onlara “Tomaqavk” göndərəcəm”, – Tramp bildirib. O, izah edib ki, qərar qəbul olunarsa, “ABŞ raketləri birbaşa Ukraynaya deyil, onları Kiyevə ötürə biləcək NATO ölkələrinə satacaq. Biz bunu etməyə bilərik, amma edə də bilərik”.
Açığı, bu deyimlər konkretlikdən çox, xəbərdarlıqla zəngindir və “dağıdıcı sanksiyalar tətbiq edəcəyəm” deyib, hələ də Rusiyaya qarşı heç bir ciddi sanksiya tətbiq edilmədiyi faktını xatırladır və bu səbəbdən raketlərin Ukraynaya verilməsi bir az şübhəli görünür. Amma, ABŞ prezidentinin bu müddətdə Putinə qarşı göstərdiyi xüsusi münasibətə, qırmızı xalıda qarşılamağına baxmayaraq, Kreml liderinin Trampı minimum qane edə biləcək heç bir müsbət addım atmaması Ağ Ev sahibinə pis təsir etməyə bilməz və son açıqlamalarında bu narazılıq hiss olunur. Yaxın Şərqdə sülhə nail olandan sonra hədəfinin Rusiya-Ukrayna müharibəsi olacağını bildirməsi, Nobel sülh mükafatının ona verilməməsinin məhz Ukrayna müharibəsini dayandıra bilməməsi ilə bağlı olması və digər səbəblər üzündən Trampın Putinə “Tomoqavk”la cavab verəcəyi inandırıcı görünür. Hazırda Trampın indiki özünəinamından istifadə edərək Rusiyaya təzyiq etmək və onu danışıqlar masasına oturtmaq şansı yüksəkdir.
Son iki gündə ABŞ prezidentinin Ukrayna müharibəsinə baxışında yeni yanaşmalar yalnız “Tomoqavk” raketləri ilə bağlı deyil, eyni zamanda anti Rusiya ritorikasının artması ilə də müşahidə olunur. Əvvəllər Zelenskinin hərbi qələbə üçün “kartlarının olmadığını” iddia edən Tramp Kreml sahibi Vladimir Putinə qarşı getdikcə səbrini itirir və onun Ukraynadakı müharibəyə yanaşmasında əhəmiyyətli dəyişikliyə səbəb olub. Üstəlik, Trampın Ukrayna Qələbə Fondunun yaradılması barədə maliyyə naziri Skott Bessent-ə Volodimir Zelenskinin oktyabrın 17-də Vaşinqtona səfərindən əvvəl avropalı həmkarları ilə bu planı müzakirə etməyi tapşırması.., Rusiyaya ciddi xəbərdarlıqdır. Burada “Ukraynanın qələbəsi” ifadəsinin işlədilməsi məntiqlə Rusiyanın məğlub olacağına işarədir.
Bu ritorika Trampın komanda üzvlərinə də təsir edib və müdafiə naziri Pit Heqset NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin görüşündə bəyan edib ki, Rusiya sülh danışıqlarından yayınmağa davam edərsə, ABŞ Kiyevi “yalnız Birləşmiş Ştatların edə biləcəyi şəkildə” dəstəkləməyə hazırdır. Birləşmiş Ştatların isə “edə biləcəyi” çox variantlar var və əgər Tramp səlahiyyətlərinin icrasına başladığı gündən indiki mövqeyində olsaydı, bəlkə də Ukraynada müharibə dayanar və danışıqlar müstəvisinə keçmiş olardı.
“ Tomoqavk” raketlərinin Kiyevə verilməsi gündəmə daxil olandan müxtəlif səviyyələrdə Rusiyanın kəskin reaksiyasına səbəb olub.
Hətta, adətən sakit mövqeyi ilə seçilən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov həyəcanla bildirdi ki, Ukraynaya uzaqmənzilli raketlərin tədarükü ciddi eskalasiyadır, çünki “Tomaqavk” raketləri nüvə başlığı daşımağa qadirdir. Öz növbəsində Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, Trampın Ukraynanı uzaqmənzilli raketlərlə təchiz etmək haqqında mümkün qərarı “bizim münasibətlərimizin və ya ən azı bu münasibətlərdə yaranan müsbət tendensiyanın dağılmasına gətirib çıxaracaq”. Bu cür reaksiyalar nəyin göstəricisidir? Müharibə Rusiyanı da ağır böhrana salıb və Ukraynanın “Tomoqavk” raketini alacağı təqdirdə daha ağır nəticələrlə üzləşəcəyinin fərqindədir. Bu səbəbdən Amerika raketlərinin verilməsinə Putin səviyyəsində də, inamsız və çəkingən reaksiyaların verilməsi Rusiyada vəziyyətin mürəkkəbliyindən xəbər verir.
Əlbəttə, ABŞ-nin təzyiqi ilə Rusiyanın və Vladimir Putinin tezliklə atəşkəsə razılaşması və şərt irəli sürmədən danışıqlara başlaması inandırıcı deyil. İmperiya ambissiyası və Putinin şəxsi eqosu buna imkan verməyəcək və çox ehtimal ki, Ukraynaya daha ağır, dağıdıcı hücumlar ediləcək. Amma, iqtisadi böhran içərisində olan Rusiyanın sonsuzadək müharibəni davam etdirməsi də mümkün deyil. Sadəcə, Putin danışıqlara təzyiqin nəticəsi kimi deyil, guya “Xüsusi Hərbi Əməliyyat” nəticəsində qarşıya qoylan planların yerinə yetirilməsi kimi süni qələbə donu geyindirməklə gedə bilər. Hansı pərdə altında olursa olsun, təki dünyanın bütün nizamını pozmuş bu müharibəyə son verilsin.
Sabah Ağ Evdən dünyaya, konkret olaraq Rusiyaya ciddi xəbərdarlıqların veriləcəyinin şahidi ola bilərik.
P.S. “Tomoqavk” Amerika hindularının istifadə etdiyi əl baltasının adıdır və onların dilindən tərcümədə “ zərbə endir” mənasını verir. Tramp sabah baltanın adına uyğun söz zərbəsini endirə bilər.
17 Oktyabr 2025
02:59 “Atletik Bilbao”dan “Qarabağ”a qarşı 9 qol hədəfi – Valverdenin iddialı, amma təhlükəli arzusu
16 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ