İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanın üstündəki FAŞİST yarlığı – Paşinyanın cırılan demokratiya çuxası

Yaşı Coca-Cola-dan da az olan Ermənistan adlı saxta dövlətin Qərblə Rusiya arasında vurnuxması, lap dəqiqi, özünə yeni ağa axtarması təzə məsələ deyil. Xocalı hərbi canisi, Moskvanın sadiq tulası Serj Sərkisyanın dövründə də belə cəhdlər olmuşdu. Erməni xislətini yəqin ki, tam şəkildə yalnız ermənilər anlar.

7 ildir bu bədnam “missiya”nı “sorosçu” baş nazir Nikol Paşinyan daşıyır. Əsas hədəf isə təbii ki, nə Ermənistanı sivil dünyanın bir parçası eləməkdir, nə də onu qonşular üçün fitnə-fəsad yuvası olmaqdan çıxarıb demokratik və məsuliyyətli ölkəyə çevirmək.

Məqsəd köhnədir: Azərbaycan və Türkiyəyə qarşı xarici güclərin əlində sevimli marionet kimi qalmaq. Yoxsa Paşinyan sələfləri kimi konstitusiyadan Azərbaycan və Türkiyəyə qarşı əsassız ərazi iddialarının saxlanmasına müqavimət göstərməzdi. “Ermənıstan konstitusiyasında heç bir ölkəyə qarşı torpaq iddiası yoxdur” deyib illərdir sırtıqcasına üzümüzə dirənməzdi...

Gəldik mətləbə.

Dünən qonşu ölkənin Xarici Kəşfiyyat Xidmətinin açıqladığı illik hesabatda Qərbi azərbaycanlılar mövzusu “hərbi-siyasi risk” kateqoriyasında verilib. Beləcə, ötən əsrdə 3 dəfə deportasiyaya, yekunda etnik təmizləməyə məruz qalmış soydaşlarımızın beynəlxalq hüquqa uyğun surətdə dinc, təhlükəsiz və ləyaqətli şəkildə öz evlərinə qayıtmaq arzusu kapitulyant ölkəyə təhdid hesab olunub.

Bu, şəkk-şübhəsiz, Ermənistanın on illərdir yürütdüyü irqçi siyasətin davamıdır. Eyni zamanda, təəccüblü də sayılmaz. Acı gerçək belədir ki, nəinki Güney Qafqazda və MDB coğrafiyasında, ümumən Yer kürəsində ikinci belə monoetnik dövlət mövcud deyil...

İstənilən anlaqlı və adekvat millət üçün bu, sözsüz ki, bağışlanmaz nöqsan, rüsvayçılıqdır. Başqa xalqlara qarşı mağara təfəkkürlü yanaşmanın parlaq təcəssümüdür. Hansısa gəlmə, köçmən qəbilənin öz xoşbəxtliyini aborigen xalqın bədbəxtliyi üzərində qurmaq cəhdidir.

Amma Levon Ter-Petrosyan başda olmaqla, Ermənistan rəhbərləri etnik təmizləmə ilə həmişə fəxr ediblər (Məlum videonu yada salın). Ultra-millətçiliyin, faşizmin buynuzu-zadı olmur ki. Prezident İlham Əliyev haqlı olaraq Ermənistanı faşist dövləti adlandırmışdı.

Əgər indi Nikol Paşinyana tabe olan bir qurum – Xarici Kəşfiyyat Xidməti azərbaycanlıların öz yurd yerlərinə dönüşü kimi elementar insan haqlarının təmin edilməsini rədd edirsə, qayıdışı Ermənistan üçün hərbi-siyasi risk sayırsa, deməli, o da Ter-Petrosyanın, Robert Köçəryan və Serj Sərkisyanın bir tayıdır...

Bunun üstündən Nilkolun elə dünən, hesabatın açıqlandığı gün Davosda avropalılara demokratiya nağılları danışması həyasızlığın yeni antirekorddudur.

“Ermənistan demokratik ölkə olduğu üçün istər-istəməz Avropa İttifaqına yaxınlaşacaq. Biz Aİ-yə daha yaxın olmaq istəyirik. Çünki biz demokratiyayıq. Əgər ölkəniz demokratikdirsə, siz Aİ-yə daha yaxın olmalısınız və ya onun bir hissəsi olmalısınız. Əksi, sadəcə, məntiqsiz olar”, - Ermənistanın baş “demokrat”-demaqoqu ənənəvi tərzdə gopa basıb və ardınca bildirib ki, Ermənistan hökuməti ölkənin Aİ-yə daxil olması prosesinin başlanması ilə bağlı qanun layihəsini dəstəkləyib və parlament bu qanunu böyük ehtimalla qəbul edəcək. Paşinyana görə, bu, nəhayət, Ermənistanın Aİ ilə yaxınlaşması prosesinin başlanğıcını hüquqi cəhətdən təmin edəcək.

Avropa İttifaqının yeganə monoetnik üzvü! Təsəvvür elədiniz? Görəsən hansı demokratiyadan dəm vurur demokratiyaya ləkə olan Ermənistanın populist rəhbəri? Ağzının dediyini qulağı eşidirmi? Demokratiya təməl insan haqlarına riayətdən başlayır. Amma Nikol indiyədək azərbaycanlıların öz vətənlərinə qayıtmaq haqqının olduğunu formalizm xətrinə belə, dilinə gətirməyib.

Odur ki, İrəvan kiminlə yaxınlaşır-yaxınlaşsın, Paşinyan kiminlə qucaqlaşır-qucaqlaşsın, Ermənistanın üzərindəki “faşist” yarlığı tezliklə götürülməyəcək. Ta ki, Qərbi azərbaycanlılar öz tarixi vətənlərinə qayıdana və o, normal, polietnik dövlətə çevrilənə kimi. Çünki ədalət onu yalnız özün üçün yox, başqası üçün də istəyəndə ədalət olur, qiymətə-dəyərə minir...

Z.SƏFƏROĞLU

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR