Onlayn ictimai-siyasi qəzet
Elə bir gün olmaz ki, ölkəmizin yollarından qara xəbərlər gəlməsin. İllərdir belədir. Ölkə mediası səhəri qəza xəbərləri ilə açır, gecəni qəza olaylarına dair statistik məlumatlarla qapayır.
Azərbaycan boyda (əhalisi və avtomobil sayı baxımından) olan ölkələrin mütləq əksəriyyətində belə deyil. İllər öncə araşdırmışdıq, əhaisi 10 milyonun bir az altında, bir az üstündə olan Avropa ölkələri ilə Azərbaycanın arasında yol qəzası göstəricilərinə görə olan fərq ortalama 10 dəfəydi. Bizdə qəzada ölənlərin sayı 1000 nəfəri keçdiyi halda, onlarda qəzada ölənlərin sayı 100-ə çatmırdı.
Hazırda durumu yaxşılığa doğru bir az dəyişmiş saymaq olar. Çünki il ərzində qəzada ölənlərin sayı 1000-dən aşağı düşüb. 2024-cü ilin 11 ayı ərzində respublika yollarında ölüm və xəsarətlə nəticələnan 1316 yol qəzası baş verib və 695 nəfər həlak olub.
Ancaq bu statistikanın görünməyən tərəfi də var. Bu da odur ki, iki bu qədər insan da ölümdən son saniyədə, bəxti gətirdiyi, özünüqoruma instinkti işə düşdüyü üçün qurtulub.
Bu xüsusilə də avtomobillə vurulan piyadalara aiddir. Ölümdən qurtulan insanlar çox vaxt bunu “son anda Allah saxladı”, “maşın böyrümü yalayıb keçdi”, “özümü səkiyə atmasaydım, cip məni xurd-xəşil edəcəkdi” kimi sözlərlə ifadə edirlər və bu cür hallar qəza hadisələrinin ən azı 3 qatı qədərdir.
Elə bu yazının yazılmasından bir gün əvvəl bir yaxın adam danışır ki, onun həyat yoldaşını və körpəsini işıqforun qırmızı işığından şütüyüb keçən avtomobil az qala vuracaqmış, hətta maşının güzgüsü uşaq arabasına toxunub keçib. DYP-yə müraciət edəndən sonra kameralara baxış keçirilib, qəza şəraiti yaratmış avtomobilin sürücüsü tapılıb, yol verdiyi xətanın videosu özünə də göstərilib və o, səhvini etiraf edib, şikayətçini göstərərək yol polisinə deyib: “Bu qardaş məni öldürsə, haqlıdır”.
Qəza törənəndən, faciə baş verəndən sonra, üstəlik də başqasının əzişdirilməsi, hətta öldürülməsi vəziyyəti dəyişə bilərmi? Əsla.
İmişlidə baş verən və 3 şagirdin ölümünə səbəb olan ağır qəzadan sonrakı olaylar problem həll etmədi, insanlara əlavə problemlər və başağrısı yaratdı. Hamısı da iki nəfərin - avtomobili sürətlə idarə edən yol polisi əməkdaşının və heç bir sürücülük bacarığı və hüququ olmadan yola çıxan gəncin məsuliyyətsizliyi üzündən oldu.
Yuxarıda şəkilə diqqətlə baxın. Bahalı və lüks avtomobilin sürücüsü boynu buruq halda durub, məruz qalacağı cəzanı gözləyir. Bəri başdan deyək ki, onun sürücülük hüququ altı aylığına məhdudlaşdırılıb.
Bu şəxs şəhərin mərkəzində, Qız qalası tərəfdən “Azneft” meydanına gedən yolda nümayişkaranə şəkildə qarşı yola çıxıb, üzbəüz gələn avtomobilləri kənara sıxışdırb, xuliqanlıq edib, qəza şəraiti, başqa yol hərəkəti iştirakçılarının həyatına təhlükə yaradıb. Onun bu cinayətə bərabər qəbahəti az olub, etdiyi hərəkəti böyük “qəhrəmanlıq” örnəyi imiş kimi, sosial şəbəkədə paylaşıb, istifadəçilərə özünün, necə deyərlər, “bomba oğlan” olduğunu, loru ifadə ilə desək, “qanun-qayda hərləmədiyini” göstərib. Nəticəsi də budur: ağır inzibati cəza və boynubürüq poza.
Belələri paytaxtda bir deyil, beş deyil. Heç 500, 1000 də deyil. Lüks avtomobilə minən minlərlə yarıpsixopat, tam cahil, yol qaydalarını bilməyən, bilsə də, məhəl qoymayan sürücü var. MİNLƏRLƏ. Onlara yollarda hər addımbaşı rast gəlmək mümkündür. Əksər sürücülər belə dəlisovları dərhal tanıyır, öz yollarından çıxır, onlara yol verir, yola verir, canlarını qurtarırlar. Yoxsa qəza statistikası indikinin iki misli qədər olar.
Belə xuliqanlar, potensial qatillər üçün nəsə çox effektiv tədbirlər görülməlidir. Sürücülük hüququndan məhrum etmək onlar üçün yumşaq cəza olar. Çünki vəzifəli və varlı qohumlarının hesabına onlar sürücülük vəsiqələri olmadan da avtomobil idarə edəcəklər.
Piyadaların vurulması ilə nəticələnən ağır qəzaları törədənlər və “tapılmayan”lar məhz bunlardır. Paytaxtda radarlar və müşahidə kameraları o qədər çoxdur ki, heç bir qəza onların “göz”ündən qıraqda baş verə bilməz. Kimlər “tapılmır”sa, o demək deyil ki, doğrudan da tapılmayıb, o deməkdir ki, adam öz imkanlarından yararlanaraq, cinayətini ört-basdır etdirib.
Bir sözlə, yollarda ciddi nəzarətə ehtiyac var. Avtoxuliqanları və cürbəcür psixopatları özbaşına qoymaq olmaz.
24 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ