İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanı məğlub etməklə İrana qalib gəlməyin düsturu və ya erməniliyi tutan İranın sər - həddini necə tanıtdıq?

İl 1993...

Yer Haramı düzü.

Xüsusi amansızlıqla davam edən işğal illərinin beşinci rəqəmi. Hələ atəşkəsə daha bir bir il var.

Mərhum prezident Heydər Əliyev Bakıdan qatarla birbaşa  bölgəyə yollanır, Füzuli istiqamətinə, Haramı düzünə – Azərbaycan Ordusunun döyüş mövqelərinə səfər edir.

O əsgərlərlə dialoq qurur, mənəvi -psixoloji durumlarını öyrənir və bir anda başlarının üzərindən  top mərmisi süzərək keçir,  15-20 metr kənara düşür. Amma partlamır. Ümummilli Lider dərhal göstəriş verir: “mərmini götürün və partlayıcı hissəsini çıxarın, harada istehsal olunduğunu müəyyənləşdirin”.

Müəyyən zamandan sonra zərərsizləşdirilən mərminin üzərində “Made in Iran” yazıldığı aşkara çıxır.

Haramı düzündən qayıtdıqdan az sonra sonra İrana səfərə gedən Əliyev mərmini özü ilə Tehrana aparır, Tehranda keçmiş İran prezidenti Rəfsancani ilə danışıqlarda  Heydər Əliyev mərminin gətirilməsi və açılması göstərişini verir.

Mərhum Prezident danışıqlar zamanı çəkinmədən iranlı həmkarına bildirir ki, siz Ermənistanı dəstəkləyirsiniz, bu hərəkətlər müsəlman həmrəyliyinə, islam qardaşlığına uyğun gəlmir.

Rəfsancani bu fikirləri qəbul etmədiyini vurğulayaraq, ört-basdır etməyə çalışır.  Bütün bunlara baxmayaraq, Heydər Əliyev çox qətiyyətli formada Rəfsancanini pərt edərək deyir: “Sizin verdiyiniz artilleriya mərmiləri ilə Azərbaycan Prezidenti atəşə tutulur”. Bundan sonra Rəfsancaninin Azərbaycan Prezidentinə deməyə sözü qalmır. (Xatirələrin sahibi keçmiş dövlət katibi Qabil Hüseynlidir)

Yəqin yaşlı nəslin əksəriyyəti Prezident Əliyevlə İranın dini rəhbəri Xameneinin məşhur “Mazandaran gölü” dialoqunu da bilir.

Bir əli ilə ölkəsinin darmadağın edilmiş sərhədlərini nizama salmağa çalışan millenniumun son siyasi mogikanı, digər əli ilə sayı bir milyon nəfərə çatan qaçqın və məcburi köçkün ordusunun içərisinə sözlə silahlanaraq daxil olur, onların ayağınının altında vətən torpaqlarının olduğuna diqqət çəkir, həyatda qalmaq naminə, bu kiçik coğrafiyada – dörd tərəfdən duman sardığı ölkənin yaralı halda, yarımcan olmasına baxmayaraq, yaşamağa davam etməyə tətikləyir.

Müharibə - oğulların şəhadəti, fikirlərin dəfni, arzuların ölümü, torpaqların işğalı, insanlığın tənəzzülü ilə bitir.

Amma kiçik bir ümid, tarixin ən keşməkeşli dövründə - tunelin ucundakı işıq kimi görünür.

Çünki ata Əliyev həm torpağa, həm də beyinlərə azadlıq, mübarizə, qisas toxumlarını əkə bilir – Mənim ən böyük arzum Şuşanın azad olunmasıdır-  illər sonra Şəhidlər Xiyabanında kövrələrək, soyuq bir payız günündə məzarıstanda uyuyan minlərlə vətən şəhidinin hüzurunda ata vəsiyyətinin yerinə yetirildiyi dünayay bəyan edir.

Əziz Şuşa, sən azadsan!

Bu azadlıq üçün minlərə can qurban olmaqla qalmadı, müharibə öz sərədləri ilə ölkə hüdudlarını çoxdan aşmış oldu.

 

Xuda afərin -  Arazı ayıra bilmədilər

Araz üzərində Xudafərin körpüsü salınanda çayın hər iki sahili bir ölkənin ərzisi imiş.

Böyük İpək Yolu - ucsuz – bucaqsız çöllərlə davam edərək, Azərbaycana yetişəndə, Araz çayı üzərində məşhur körpü salınır.

Bu körpülərin Azərbaycanın Hindistandan başlayaraq Yaxın və Orta Şərq ölkələri, Rusiya və Qərbi Avropa ölkələri ilə iqtisadi və mədəni əlaqələrinin inkişafında böyük rol oynadığı barədə fikirlər söylənilir.

Yəni taleyin kitabında günümüzdə Araz ayrılıq çayı kimi anılsa da, deyil, çünki Xudafərin körpüləri Arazın nadinc sahillərini əsrlər boyu bir-birinə möhkəm formada bənd edərək, heç bir zaman ayrılmağına  imkan verməyib.

Gün batmağa doğru gedir – amma üfüqdə itməmişdən qabaq, əsrin ən böyük qalibiyyətinə şahid olmaqdan da imtina etmir, məhrəm işığını Arazın şimalı ilə irəliləyən Azərbaycan əsgərinin yollarını aydınlaşdırır.

Arazın güneyində isə sanki 85 min azarkeş Səhənd stadionunda “Traktor”un oyununa yığışıb, nidalar havada partlayır:

“Azərbaycan var olsun”.

Şimaldan Azərbaycan əsgəri onlara cavab verir:

“istəməyən kor olsun!”.

Azərbaycan şüarları yüksəldikcə Araz çayının qarşısında açılan panoramda şanlı əsgərimiz hücuma keçir, düşmən Arazboyunca qaçır -  dünyada belə tarix yoxdur – başqa bir dövlətin əhalisi öz torpağını azad edən başqa bir dövlətin əsgərinə dua edir, qələbəyə səsləyir, Xudafərinin digər ucunda öz dilində danışan soydaşlarını görənlər əsrlərin ayrılığına gözyaşları boğulur, azadlıq günəşinin istiliyi hər iki sahili bayram əhvalına qərq edir.

Artıq uzaq və dumanlı 1991-ci ilin 18 oktyabrında müstəqilliyinə qovuşan Azərbaycan düz 29 il sonra bütövlüyünə doğru ən mühüm addımı məhz həmin gün – Xudafərinin azad edilməsi ilə atdı.

Füzuli cəbhəsi Ermənistan üçün hansı aqibət doğumuşdusa, Xudafərinin azadlığı gələcəyin Azərbaycanın inşası üçün həmin anlam daşıyır, eyni zamanda gələcək hədəflərin də miqyasını müəyyən edirdi – Kiçik Ermənistandan – Böyük Azərbaycana doğru.

Tarixi vərəqləmək kifayətdir ki, Azərbaycanın torpaqlarını tanımaq mümkün olsun.

Mən səndən ayrılmazdım...

 

Ağır nidadır. Sözün enerjisi çox güclüdür, cümlənin semantikası isə özündə məcburi ayrılığı daşıyır.

Zəfərdən keçən bir ayda Araz da başqa cür axmağa başladı. Azərbaycan da dikləməyə davam etdi. İranda seçimlər oldu. Güney Azərbaycanda keçirilən seçkilərdə - bir çox məntəqələrdə nə qədər qəribə olsa da, səsverilən namizədlərin sırasına “İlham Əliyev” adını adi qələmlə əlavə edənlərin sayı artaraq, göz oxşamağa başlamışdı.

Çünki 18 oktyabr günü Xudafərini azad edən Azərbaycan əsgəri güneydəki soydaşının altşüurunun sinirlərinə toxunub, oyatmış, quzeyin qalibiyyəti Əliyev fenomeninin türk dünyasının liderliyinə daşımış, azadlığa tamarzı milyonlar üçün ümid işığı olmuşdu.

Çox müddət deyil, amma bir ayda Azərbaycan  həddini tamamilə daşaraq aşmış, bütün dünyada adı yüksək ehtiramla anılacaq, V nəsil savaş ölkəsinə çevrilmiş, işğalda olan torpaqlarını azad etməklə özünə bütün dövlətləri hörmət etməyə məcbur etmişdi.

Qarabağın hər qarışı üçün canını fəda edən müzəffər ordunun indi paytaxt Bakıda zəfər paradının zamanı idi.

 Əlbəttə, artıq bir ay idi silahlar susmuş, qanayan yaralar sarılmış, 3 min şəhid üçün yasa bürünən qalib ölkə hüznqarışıq bir aurada həyata davam edir, lakin savaş özünün yeni mərhələsinə qədəm qoymuşdu – İnformasiya müharibəsi.

Bakının qonağı qalib ölkənin qalib müttəfiqi Türkiyə prezidenti Ərdoğan idi.

Kürsüyə çıxdı, Xəzər dənizinin fonunda düzülən qalib ordunu süzdü, gözlərinin önündə iki ölkənin yeni vizionu canlandı, Zəngəzurdan Qızıl Almaya qədər  - gülümsər siması ilə bütün cahana səsləndi:

Arazı ayırdılar,

Qəm ilə doyurdular,

Mən səndən ayrılmazdım,

Zülm ilə ayırdılar.

Amma bu, əlbəttə ki, artıq yazıqlıq, zəiflik nidası deyildi, Laçın mahnısının sədalarından qopan, şərqinin keçmiş, acı xatirəsinin yenidən canlandırılması idi. İş hətta o yerə çatmışdı ki, keçmiş xarici işlər naziri Cavad Zərifi

öz Tvitter hesabında bu məsələyə kəskin reaksiya bildirirərək yazırdı, Cənubi Azərbaycan İranındır, kimsə o barədə danışa bilməz.

 

“Ərdoğana deməyiblər ki, Bakıda səhvən dediyi şeir Arazın şimal hissəsinin zorla doğma İrandan ayrılmasına aiddir. O başa düşürmü ki, bu şeiri deməklə Azərbaycanın suverenliyinə qarşı çıxış edib? Heç kim əziz Azərbaycanımız (Güney Azərbaycan - red.) barədə danışa bilməz"- deyə yazmışdı.

Bu, artıq böyüklüyün ilk real sınağı idi. Azərbaycan adının çoxdan dünyaya yayılmasının ideoloji-rəsmi, siyasi etirafı və reallığı idi. Bir mahnı ilə qos-qoca ölkə yerindən oynamışdı.

Ötən ilin 4 oktyabrında Prezident Əliyev sözlə ölkəsinin hədəflərini çəkərək, İran ittihamlarına geopolitik cavab vermişdi: "Araz çayının kənarında deyirəm, bizə qarşı əsassız ittihamlar cavabsız qalmayacaq".

Ölkə başçısının Araz hədəfi, Araz sahilində səsləndirdiyi fikrin əks-sədası çoxdan Kəngər Körfəzinə qədər yayılmışdı.

Çünki qəflətən cəmiyyətə ötürülən xəbərin yükü necə də dəhştəli idi.

İran hərbçiləri Vətən müharibəsi zamanı Azərbaycan ərazisinə daxil olubmuş.

Bunun necə baş verdiyinə gəlincə, Azərbaycan ordusu Zəngilanı işğaldan azad etməyə doğru hərəkət edən vaxt bu istiqamətdə İran hərbi bölmələri ilə qarşılaşıb. Müəyyən olunub ki, cənub qonşumuz Azərbaycanın ərazi bütövlüyünə məhəl qoymadan ölkəmizin suveren ərazisinə kobud şəkildə daxil olub. 

Məlumata görə, kiçik çaplı silahlarla özlərini qoruyan və bir neçə pikap sürən İran hərbçiləri, əvvəlcədən Azərbaycan hərbçilərinin yoluna beton sədlər qoyaraq, onların qarşısını kəsiblər. İranlıların izahı belə olub ki, guya beton səddi qoruyurlar. Bütün bunlar Azərbaycanın suveren ərazisində baş verib! 

Bu zaman Azərbaycan və İran komandirləri arasında yerdəki danışıqlar nəticəsiz başa çatıb və vəziyyət qızışıb. 

Bu səbəbdən ordumuzun Zəngilana istiqamətlənməsi bir neçə gün gecikib, hərbçilərimiz İran qüvvələri ilə toqquşmamaq üçün 14 km geri, Soltanlı kəndində qayıdıb və daha 20 km əlavə məsafə qət etdikdən sonra təyin olunan məntəqəyə çatıb. Aparılan gərgin danışıqlardan sonra İran hərbçiləri Azərbaycan ərazisini tərk edib.

Eyni ilin sentyabrında yaşanan - avqustun 11-dən sentyabrın 11-nə qədər yenə də İrandan gələn 60-a yaxın tır qanunsuz olaraq Qarabağa hərəkət etməsi fonunda Azərbaycanın Gorus – Qafan yolunu bağlamağı İranla münasibətlərdə ilk demarş kimi tarixə düşdü və Azərbayca bu addımını İrana nota verməklə də müşayiət etdi. Bu, vəzifənin sona qədər icra edilməsi İranın sərhədimizdə hərbi təlimlər keçirməsinə səbəb oldu.

İran ordusu sabah Zəngilan, Cəbrayıl və Mehri rayonları ilə sərhəddə "Xeybərin Fatehləri" adlı genişmiqyaslı hərbi təlimlərə başladı. (Məlumat üçün bildirək ki, "Xeybər döyüşü" Məhəmməd peyğəmbərin hicrətin 7-cı ilində (628) yəhudilərlə etdiyi və qalib gəldiyi döyüşdür).

Təlimlərdən geridə isə türk əsgərlərinin tutduğu bol-bol bozqurd işarələri yadda qaldı.

İran Azərbaycanın üzərinə Azərbaycanlılardan təşkil edilmiş ordu ilə gəlibmiş.

Xudafərindən Azərbaycana – Zəngəzurdan Türkiyəyə böyüyən Azərbaycan

Bu gün şanlı ordumuzun Xudafərini düşmən işğalından azad etməsindən iki il ötür.

İki il bizim və bölgənin taleyi üçün çox şeyi dəyişdirib.

Dünyada da iki il əvvəlki siyasi konfiqurasiya yoxdur, beynəlxalq sistem dağılıb, ölkələrdə təlatümlər, çalxalanmlar yaşanır, inqilablar baş verir, müharibələr günbəgün daha qorxunc səviyyəyə qədəm qoyur. Dünya heç vaxt olmadığı qədər öz sonuna – nüvəsi ilə daha da yaxınlaşmaqdadır.

Marksın "Kommunist Partiyasının Manifesti"ndə, hələ 1848-ci ildə yazdığı sözlər yenidən aktuallaşır: “Avropada bir kabus dolaşmaqdadır – kommunizm kabusu. Köhnə Avropanın bütün qüvvələri: papa və çar, Metternix və Gizo, fransız radikalları və alman polisləri bu kabusa qarşı müqəddəs bir təqib üçün birləşmişlər”.

Doğrudur, indi Avropada nə kommunizm var, nə də Metternbix və Gizo.

Amma Avropa səmsında yağış əvəzinə mərmilər uçuşur, günün simasını buludlar deyil, qəlpələr, raketlər bürüyür, görünməz edir.

Dünya hiss ediləcək qədər bütün ölkələrin iştirak edəcəyi müharibəyə çox yaxındır, sivilizasiya böhran içərisində çabalamaqda, insanlıq tənəzzülə uğramaqdadır.

Amma bu qlobal çöküşə qarşı dayanan bir Azərbaycan modeli var – Bakı özünü xilas etməyə  çalışan ölkələr üçün, mərkəzlər üçün, dünyanın siyasi maqnit qütbülərində yer alan güclər üçün müqəddəs kilsə - Vatikan rolunu oynamaqdadır.

Bakının siyasi kuluarlarında Avropa baronlarından tutmuş  Şərq şahzadələrinə qədər hər kəsi görmək mümkündür, qalaq-qalaq sənədlər arasında bütöv xaqların, dövlətlərin təhlükəsizliyi, gələcəyi həll edilməkdədir.

Abşeron yarımdasının siyasi gücü -  Xəzərdən diqtə edilən siyasi iradənin saldığı nüfuz, güc yolları Türk dünyasını bir-birinə, Avropanı Asiyaya, Türkiyəni – Türküstana, Pekini – Londona, Kiyevi – Moskvaya, Ankaranı -Təl-əvivə, bir sözlə, bütün narazı gücləri bir- birinə dialoq üçün birləşdirməkdədir.

Bu gün dünyada btün güc mərkəzlərinin təmsilçiləri silah dili ilə danışır, hədələyir, əzələ göstərir, amma hələ ki, XXI əsrdə v nəsil savaşlarında qalib olan yeganə ölkənin rəhbəri yeganə dialoq nümunəsi kimi sülh axtarışı üçün həvəsdən düşmür, xilas yolları üçün qlobal reseptlər və resetlə axtarır, Bloklara Qoşulmama Hərəkatının sədri kimi dünya ölkələrinin böyük əksəriyyətini – bir çörəyə möhtac xalqları xilas etməyə çalışır.

Amma bölgənin siyasi sularına zəhər qatan, Arazı qan gölünə çevirməyə çalışan güclər, bölgənin xilas yolu olan Xudafərinin panton surətini çıxarmaqla taktiki hücum təlimləri ilə Azərbaycana qarşı hansısa niyyətlərini uğursuzcasına icra etməyə girişirlər.

Bu yerdə ritorik bir sual və ya cavab doğur:

Azərbaycan müharibədə Ermənistana qalib gəlib, amma İran özünü məğlub hiss edir.

Bölgəmizə 50 min əsgəri səfərbər edərək, Zəngəzurun azad edildiyi gün Azərbaycana qarşı hesablanmış təlimlər keçirən ölkənin nə siyasi rəhbərliyinin, nə də ideoloji texnoloqların düşüncəsi dərin ola bilməz.

Burda görüntü odur ki, Azərbaycan qalib gəlməkdə davam edir və qlobal oyunun mahir iştirakçısı olan prezident Əliyev qonşu ölkənin sasani ruhunu çoxdan çözərək, həmlələri ilə bütün münasibətlərə körpü salmaqdadır.

İndi qalır seçim etmək: o körpüdən zəfər tağının atından keçər kimi davam etmək, yoxsa, məğlub kimimi.

Əziz Əlibəyli

Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinə rəhbəri

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR