İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan və havadarlarından ölkəmizə qarşı TIR təxribatı

“Oyun bitdi!” deyən Bakını şantaj etmək istəyənlərin əsl hədəfi; “humanitar yardım” şousu ilə suverenliyimiz əleyhinə cəhdlər baş tutmayacaq!

Ermənistan Azərbaycanın suveren ərazisində növbəti qanunsuzluq etməyə cəhd edir. İrəvandan göndərilən və srağagün axşam saatlarında sərhədimizə çatan 19 yük maşını “Laçın” postunda gözlədilir.

Bildirilir ki, 400 tonluq “humanitar yardım” Xankəndinə göndərilməlidir. Azərbaycanla razılaşdırılmadan bu mümkünmü? Əlbəttə ki, yox. Bəllidir ki, bu, Ermənistanın diqqətini Qarabağa cəlb etmək, “baxın, bizə normal şərait yaratmırlar” deyərək əlaqədar qurumları “yardım”a çağırmaq üçün növbəti cəhddir. Avropalı missionerlər isə TIR-ları dağ başından seyr edirlər. Bizə gələndə gözlərini qapayan avropalıların müşahidəçilik missiyası erməniləri görəndə yadlarına düşür. Azərbaycanın sualları cavabsız qalır...

Madam ki, o TIR-larda qanunsuz heç nə daşınmır, nəyə görə qanuni yollarla razılaşdırılıb daşınmır? Üstəlik, Azərbaycan yüklərin Ağdam-Xankəndi yolu ilə daşınması barədə təklif verib. Aydındır ki, məqsəd başqadır. 

Hikmət Hacıyev Paşinyana CAVAB VERDİ

 Hikmət Hacıyev

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev baş verənlərə sərt reaksiya verib. Tvitterdə paylaşım edən H.Hacıyev yazıb ki, Ermənistan Azərbaycana qarşı ərazi iddialarına son qoymalı, qüvvələrini Azərbaycanın Qarabağ bölgəsindən çıxarmalı və qanunsuz marionet rejimi maliyyələşdirməyi dayandırmalıdır: “Ermənistan tibbi evakuasiya və çatdırılma üçün istifadə edilən Laçın yolu məsələsində siyasi manipulyasiya və spekulyasiya ilə məşğuldur. Xankəndidəki separatçıların marionet "liderləri" yerli əhalini öz siyasi ambisiyalarının girovu kimi saxlayırlar. Brüsseldə Ağdam-Xankəndi yolunun daha böyük həcmdə çatdırılma üçün istifadə edilməsi barədə razılıq əldə olunub. Bu, BQXK-nın bəyanatında da təsdiqlənib. Təkcə Laçın yolundan istifadə etməkdə israrlı olmaq, amma Ağdam yolundan imtina etmək, yolu bağlamaq, siyasiləşdirmək yolverilməzdir. Beynəlxalq ictimaiyyət Ağdam-Xankəndi yolundan istifadə edilməsi və Qarabağın erməni əhalisinin Azərbaycana reinteqrasiyası ilə bağlı aydın ismarış verməlidir. Başqa yol yoxdur! Oyun bitdi"!

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə isə Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrelin bölgədə vəziyyət barədə bəyanatını şərh edərkən deyib ki, Azərbaycan beynəlxalq öhdəliklərinə sadiq olmaqla yanaşı, öz ərazisində qeyri-qanuni fəaliyyətlərə legitimlik qazandırılması cəhdlərinin qarşısını qətiyyətlə alacaq. O vurğulayıb ki, Azərbaycan Ermənistandan irəli gələn təhdidlər nəzərə alınmaqla, “Ağdam-Xankəndi” və digər alternativ yollardan istifadə edilməsi təklifi ilə çıxış edib: “Bu təklifin Avropa İttifaqı, BQXK daxil, beynəlxalq tərəfdaşlar tərəfindən müsbət qarşılanmasına baxmayaraq, Ermənistan tərəfinin və özlərini yerli erməni sakinlərin nümayəndələri kimi təqdim edən şəxslərin buna mane olması, yolları bağlayaraq yüklərin daşınmasının qarşısını alması, "gərgin humanitar vəziyyət" barədə spekulyasiyaların siyasi manipulyasiyadan başqa bir şey olmadığını sübut edir!", - XİN rəsmisi əlavə edib.

Prezidentin yasil enerji istehsaliyla bagli verdiyi proqnoz ozunu  dogruldacaq" - Sahib Alıyev

Sahib Alıyev

Millət vəkili Sahib Alıyev situasiyanı belə şərh etdi: “Azərbaycan Ermənistanın Fransa ilə birgə planlaşdırdığı və məqsədi aydın olan, Rusiyaya da bəlli səbəblərdən məmnunluq bəxş edən "humanitar yardım" şousunu cavabsız qoymamalıdır, məncə, qoymayacaq da. Hiss olunur ki, cavab yumşaq və sərt tədbirlər görülməklə gerçəkləşdiriləcək, yəni hibrid xarakter daşıyacaq. Hər halda, Hindistandan alınan hərbi texnikanın İran üzərindən (yenə də!) Ermənistana necə ötürüldüyünün çəkilərək yayılması elə-belə deyildi. Mümkündür ki, bunun ardınca Rusiyanın Qarabağdakı hərbi kontingentinin Ermənistan ordusunun oradakı özləri kimi müvəqqəti tör-töküntüsü ilə sıx əməkdaşlıqlarını əks etdirən növbəti kadrlar da paylaşılsın.

Bu isə o deməkdir ki, hərəkətlərindən də göründüyü kimi, bizə qarşı düşmənçilik hissləri azalmaq əvəzinə daha da güclənən, revanşizmə can atan qövmə yenidən indi ötən əsrin axırları olmadığını xatırlatmaq lazım gələcək. Qarşı tərəfin dünənki (srağagünkü-red.) təxribat şousuna simmetrik cavab verilməsi də mümkündür. Belə görünür ki, Qarabağdakı haylarla haydillilərə, ilk növbədə də sonunculara ərzaq, humanitar xarakterli digər malların Ağdam üzərindən çatdırılacağını deməklə yanaşı, onun sərgilənməsinə də ehtiyac var.

Eyni zamanda sual yaranır: Ermənistanın dünənki təxribat şousunun oyunçuları kimi çıxış edən Avropa Birliyinin guya mülki missiyası ilə Rusiyanın Qarabağdakı müvəqqəti hərbi kontingentinin bizim suverenliyimizə yanaşmaları bir-birindən çoxmu fərqlənir? Azərbaycanla Ermənistan arasında vasitəçi rolunda çıxış edən, yaxud özlərini bu cür göstərməyə çalışanlardan kimə üstünlük vermək lazım gədiyini cəmiyyət olaraq da tam yəqinləşdirməliyik. Bizim üçün vasitəçilərin kimliyi yox, atdıqları addımların maraqlarımıza cavab verib-vermədiyi və qarşı tərəf üzərində təsirlilik dərəcəsi önəmlidir. Açıq deyək ki, bu baxımdan Rusiyanın önə çıxması üçün Paris Moskvadan daha böyük səy göstərir və düzü, mən buna təəssüflənsəm də, təəccüblənmirəm".

Erməni mediasının yaydığı son xəbərdə bildirilir ki, Aİ nümayəndələri məsələ hər hansı yolla həll olunana qədər ərazini tərk  etməyəcəklər.

Qərbi Azərbaycan İcması da Xankəndidəki qeyri-qanuni rejimin Azərbaycanın Qarabağ bölgəsində yaşayan əhaliyə Azərbaycanın digər bölgələrindən çatdırılan yüklərin qarşısını alması nəticəsində yaranan vəziyyətə münasibət bildirib. İcmanın bununla bağlı yaydığı açıqlamada deyilir: “Qərbi Azərbaycan İcması Ermənistanın və Xankəndidəki qeyri-qanuni rejimin Azərbaycanın digər bölgələrindən Qarabağ ermənilərinə təchizatı əngəlləməklə və heç bir sərhəd və gömrük nəzarəti olmadan Xankəndinə eksklüziv təchizat marşrutları tələb etməklə süni humanitar böhran yaratmaq cəhdlərindən ciddi narahatlığını bildirir. İcma barışıq prosesinə mane olan, həmçinin sakinlərin həqiqi ehtiyaclarının siyasi məqsədlər üçün sui-istifadə olunduğu bu manipulyasiya xarakterli taktikaları qətiyyətlə pisləyir. Bundan əlavə, biz Avropa İttifaqının (Aİ) bu məsələyə qarışmasına dərin təəssüfümüzü və qəti şəkildə narazılığımızı bildiririk. Aİ missiyasının Azərbaycan hökumətinin razılığı olmadan Azərbaycana daxil olmağa cəhd edən konvoyla yanaşı olması suverenlik və ərazi bütövlüyü prinsiplərinə xələl gətirir və Ermənistana yanlış siqnal ötürür.

Xatırlatmaq istərdik ki, Aİ-nin Ermənistandakı missiyasının mandatına Ermənistanın Azərbaycanın suverenliyini pozmağa yönəlmiş hərəkətlərində iştirak etmək daxil deyil. Vaxtilə azərbaycanlıların məskunlaşdıqları ərazilərdə yerləşdirilmiş missiyanın mandatı münaqişənin Ermənistandan zorla qovulmuş azərbaycanlılara təsirini qiymətləndirmək, onların təhlükəsiz və ləyaqətlə öz evlərinə qayıtmasına imkan yaradan etimad tədbirlərini dəstəkləməkdən ibarətdir. Əgər Aİ həqiqətən də insan haqlarını müdafiə edirsə, onda o, Ermənistanın şantaj taktikasına ortaq olmaq əvəzinə bizim geri qayıtmaq hüququmuzu dəstəkləməlidir. Biz Ermənistan hökumətindən Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı təcavüzünü dərhal dayandırmasını tələb edirik. Ermənistan Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyasının qarşısını almaq məqsədi daşıyan bədxah fəaliyyətinə son qoymalıdır. Biz həmçinin Ermənistan hökumətinə insan hüquqlarına hörmət etmək, bizim təhlükəsiz və ləyaqətli qayıdışımıza imkan yaratmaq və bu məqsədlə bizimlə dialoq aparmaq çağırışımızı təkrarlayırıq".

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR