Onlayn ictimai-siyasi qəzet
Bakıda “Qayıdış hüququ - Ermənistandan zorla çıxarılan azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda beynəlxalq konfrans keçirilib
Dekabrın 5-də Bakıda Qərbi Azərbaycan İcmasının “Qayıdış hüququ - Ermənistandan zorla çıxarılan azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda ikigünlük beynəlxalq konfrans başlayıb. Konfransda 51 ölkədən 100-dən çox nümayəndə iştirak edir.
Konfransın açılışında Qərbi Azərbaycan İcması haqqında qısametrajlı film nümayiş olunub.
Sonra Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Azərbaycan Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına müraciətini oxuyub.
Müraciətdə bildirilir ki, Azərbaycan xalqı da ötən əsrin əvvəllərindən başlayaraq köçkünlük problemi ilə üzləşib. Qərbi Azərbaycanda - indiki Ermənistan ərazisində yaşayan azərbaycanlılar etnik təmizləməyə məruz qalaraq, tarixi vətənlərindən mərhələli şəkildə zorla çıxarılıblar. “1918-1921, 1948-1953 və 1987-1991-ci illərdə daha dəhşətli xarakter almış köçürmələr nəticəsində yüz minlərlə azərbaycanlı dədə-baba yurdunu tərk edərək Azərbaycana sığınmışdır. Bu dəhşətli deportasiyalardan sonra Ermənistanda bir nəfər belə azərbaycanlı qalmamış və Ermənistan monoetnik dövlətə çevrilmişdir”, - deyə müraciətdə bildirilir.
“Ermənistan bununla da kifayətlənməyib, Azərbaycana qarşı hərbi təcavüzə əl ataraq onun ərazilərini işğal edib, etnik təmizləmə törədib, şəhər və kəndləri dağıdıb talan edib, torpaqlarımızı saysız-hesabsız minalarla çirkləndirib. Azərbaycan xalqı heç vaxt bu ədalətsizliklə barışmayıb, haqq səsini dünyaya çatdırmağa çalışıb. 2020-ci ildə Azərbaycanın şanlı qələbəsi ilə bitən Vətən müharibəsi Qarabağdan və Şərqi Zəngəzurdan qovulmuş soydaşlarımızın doğma yurdlarına qayıdışına imkan yaratdı. Azərbaycanın bu ədalətli savaşı beynəlxalq hüququn aliliyinin təntənəsi və qlobal miqyasda məcburi köçürülmə probleminin həllinə verilmiş böyük bir töhfədir”, - deyə müraciətdə vurğulanır.
Prezidentin müraciətində təəssüflə qeyd edilir ki, Ermənistan cəmiyyətində Azərbaycan xalqına qarşı dərin kök salmış nifrət hissi, mifik “böyük Ermənistan” xülyası, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiasının hələ də qalması, bu ölkənin sürətlə silahlanması iki ölkə arasında dayanıqlı sülhün əldə olunmasını əngəlləyir: “Ermənistan Qərbi Azərbaycan İcmasının fəaliyyətini qəsdən öz ərazi bütövlüyünə təhdid kimi təqdim etməyə çalışır. Lakin İcmanın məqsədi Qərbi Azərbaycandan didərgin salınmış soydaşlarımızın dinc və təhlükəsiz şəraitdə, ləyaqətlə öz dədə-baba yurdlarına qayıdışının təmin olunmasından ibarətdir. Bu, sırf insan haqları məsələsidir. Ermənistanın İcmanın fəaliyyətini təhdid kimi qələmə verməsi məsələnin əsl mahiyyətini təhrif etmək və beynəlxalq hüquqa əsaslanan qayıdış hüququnu inkar etmək cəhdidir.
Qərbi Azərbaycan İcması dəfələrlə Ermənistan hökumətini dialoqa çağırıb, lakin qarşı tərəf bundan imtina edib. Ermənistan icma ilə danışıqlara başlamalı və qərbi azərbaycanlıların fundamental hüquqlarının bərpa edilməsi istiqamətində praktiki addımlar atmalıdır. Bundan əlavə, Ermənistan xalqımıza məxsus tarixi-mədəni irsin dağıdılması, təhrif edilməsi ilə bağlı vəziyyətin monitorinqi məqsədilə UNESCO-nun faktların araşdırılması missiyasının səfərinə icazə verməli və bu sahədə əməkdaşlıq etməlidir".
O da vurğulanır ki, qərbi azərbaycanlıların doğma torpaqlarına qayıdış hüququnu təmin etmək məqsədilə beynəlxalq hüquqa uyğun dinc təşəbbüslərin dünya ictimaiyyət tərəfindən dəstəklənməsi olduqca əhəmiyyətlidir: “Əminəm ki, Azərbaycan xalqının zaman-zaman məruz qaldığı deportasiyalar barədə həqiqətləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdıran bu beynəlxalq konfrans yaxın gələcəkdə qayıdış hüququ və dünyada köçkünlük problemi ilə bağlı fikir mübadiləsi aparılacaq önəmli beynəlxalq dialoq platformasına çevriləcəkdir”.
Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun rəhbəri, Milli Məclisin deputatı Əziz Ələkbərli deyib ki, Qərbi Azərbaycan İcması olaraq doğma yurdlarına qayıtmaq istəyən yüz minlərlə azərbaycanlının qayıdış hüququ uğrunda mübarizə aparır: “Təşkilatımız 1989-cu ildən bəri fəaliyyət göstərir. Bu istiqamətdə gördüyümüz işlər Azərbaycan dövlətinin prinsipial və davamlı dəstəyi ilə həyata keçirilir. Xüsusilə 2022-ci ilin dekabr ayında icmamızı ziyarət edən Prezident İlham Əliyevin icmanın fəaliyyətinə göstərdiyi diqqət səylərimizi daha da gücləndirmək üçün bizi ruhlandırıb”.
O bildirib ki, Ermənistan qəbiristanlıqları, mədəni və dini abidələri məqsədyönlü şəkildə məhv edərək, maddi və qeyri-maddi mədəni irsimizə ciddi zərbə vurub: “Adət-ənənələrimiz, sosial bağlarımız və həyat tərzimiz böyük ziyan görüb. Ermənistan ölkə ərazisindəki Azərbaycan mədəni irsinin vəziyyətinin araşdırılması üçün UNESCO-nun missiya göndərməsinə icazə vermir. Ermənistanın monoetnik cəmiyyət yaratmaq siyasəti bölgənin zəngin etnik və dini müxtəliflik ənənələri və tarixi ilə ziddiyyət təşkil edir”.
Türkiyənin sabiq xarici işlər naziri, Türkiyə Böyük Millət Məclisinin NATO PA-da nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu çıxışında Ermənistanın bölgədə davamlı sülh üçün Azərbaycanın xoşniyyətli addımlarına müsbət cavab verməli olduğunu bildirərək deyib: “Cənubi Qafqazı sülh bölgəsinə çevirə bilərik. Silah alıb təkrar hazırlıq işləri görməyin, qonşu dövlətin torpaqlarına təkrar göz dikməyin bir faydası olmadığını hər kəs bilməlidir. 30 illik ədalətsizliyin ardından davamlı sülhün qurulmasının çətin olacağını bilirik. Ancaq Türkiyə olaraq, bölgədə sülh üçün bundan sonra da əlimizdən gələni edəcəyik. Türkiyə olaraq Azərbaycanın həmişə yanında olduq. Azərbaycan təkcə qardaşımız olduğu üçün yox, həm də haqlı olduğu üçün yanındayıq”.
O diqqətə çatdırıb ki, Qərbi Azərbaycan İcmasının fəaliyyəti beynəlxalq hüquqa tam uyğundur, bu, torpaq deyil, insan haqları məsələsidir: “Ermənistanın ərazi bütövlüyünə tam hörmətlə yanaşılsa da, rəsmi İrəvan səmimi müraciətlərə hələ də cavab vermir. Ermənistanın Qarabağı işğal etməsi böyük ağrılara səbəb olub. Bir milyondan çox azərbaycanlı yurd-yuvalarından edilib, onların doğma torpaqlarına qayıtması təmin olunmalıdır. Həmçinin Ermənistanın UNESCO-nun missiyasına icazə verməməsi təəssüf doğurur. Biz həmişə ədalətin qalib gələcəyinə inandıq, nəticədə Azərbaycan suverenliyini tam təmin etdi. Ermənistanın minalarla çirkləndirdiyi ərazilərdə bu gün ciddi təmizləmə işləri və bərpa-quruculuq fəaliyyətləri həyata keçirilir”.
“Qərbi azərbaycanlıların öz torpaqlarından didərgin salınması insan hüquqlarının pozulmasıdır”. Bunu Pakistanın Hüquq və Ədalət Komissiyasının katibi Riffat İnam Butt çıxışında deyib: “Bu məsələlərlə bağlı beynəlxalq komissiya yaradılmalıdır. Həqiqət komissiyasının yaradılması insanların kollektiv yaddaşının saxlanılması üçün mühüm rol oynaya bilər. Eyni zamanda biz deportasiya proqramları da yaratmalıyıq. Bununla da insanlara kömək edilməlidir ki, öz ata-baba yurdlarına qayıda bilsinlər”.
Çıxışlardan sonra Qərbi Azərbaycan İcmasının Fəxri üzvlük sertifikatları təqdim edilib. Sertifikatlar 10 ölkəni təmsil edən 16 nəfərə verilib.
Konfrans öz işini panel müzakirələrlə davam etdirib.
Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”
04 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ