İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan Azərbaycanla simvolik sülh müqaviləsi imzalamaq istəyir -ŞƏRH

Paşinyan Konstitusiyaya dəyişiklik etməmək üçün müxtəlif “arqumentlər” gətirir. Amma qeyd olunmalıdır ki, hər ölkənin qanunvericiliyində olduğu kimi Ermənistan qanunvericiliyində də bu və ya digər beynəlxalq sənədlərin denonsasiyası (qüvvədən salınması) proseduru var. Yəni Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılmaması gələcək hakimiyyətlər üçün buna istinad edərək sülh sazişini denonsasiya etməyə əsas verə bilər.

Ədalət, Hüquq, Demokratiya partiyasının sədr müavini, millət vəkili Elçin Mirzəbəyli Musavat.com-a bildirib ki, Azərbaycana qarşı ərazi iddialarının hüquqi normativ aktlarından çıxarılmasının formasını tapmaq rəsmi İrəvanın problemidir. Millət vəkili qeyd edib ki, prosedur qaydalarını Ermənistan özü müəyyənləşdirməlidir: “Ermənistan Konstitusiyasında birbaşa Azərbaycana qarşı ərazi iddialarının irəli sürüldüyü müddəa yoxdur. Ermənistan Konstitusiyasında Müstəqillik Bəyannaməsinə istinad var. Həmin bəyannamədə yer alan müddəalar isə erməni xalqı və dövləti qarşısında vəzifə kimi qoyulub. Müstəqillik haqqında Bəyannamədə 1989-cu ildə Ermənistan SSRİ Ali Sovetinin və həmin dövrdə Azərbaycan ərazisində qeyri-qanuni olaraq formalaşdırılmış  milli şura adlı təsisatın birgə qəbul etdiyi qərar, yəni Azərbaycan torpaqlarının, Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı birgə qəbul etdikləri qərara istinad var. Bu, açıq-aşkar ilhaq faktorunu nəzərdə tutur. Digər amil Türkiyəyə qarşı ərazi iddiası, nəzərdə tutulan ərazilərin qərbi Ermənistan adlandırılmasıdır. Bundan başqa Ermənistanda Azərbaycana qarşı ərazi iddialarının olduğu bir sıra hüquqi normativ aktlar var, o cümlədən Ermənistanın hərbi doktrinasında və milli təhlükəsizlik konsepsiyasında da bu, mövcuddur. Bütün bunların aradan qaldırılması üçün müxtəlif mexanizmlər var. Hüquqi normativ aktlardan Azərbaycanla bağlı müddəaların çıxarılması üçün Ermənistan parlamentinin sadə səs çoxluğu yetərlidir. “Vətəndaş müqaviləsi” partiyasının üzvlərinin çoxluq təşkil etməsi sözügedən qanunların redaktə olunmasına, əlavə və dəyişikliklər edilməsinə, yaxud denonsasiya edilməsinə imkan yaradır”.

Elçin Mirzəbəyli bu seçki dairəsindən namizəd oldu

E.Mirzəbəyli bildirib ki, Ermənistan mexanizmi özü düşünərək Müstəqillik Bəyannaməsindən Azərbaycan və Türkiyəyə qarşı  ərazi iddialarını çıxara bilər:

“Bunun üçün də parlamentdə səs çoxluğu yetərlidir, çünki Ermənistan Müstəqillik Bəyannaməsi hüquqi qüvvə daşımır. Ermənistan Konstitusiyasında Ermənistan Ali Sovetinin qərarlarına istinad olunduğu üçün indiki parlament Ermənistan SSRİ Ali Sovetinin varisi kimi Müstəqillik Bəyannaməsindən həmin müddəaları  çıxara bilər. Bunun üçün əsas gətiriləcək faktor Azərbaycanla sülh müqaviləsi deyil, eyni zamanda beynəlxalq hüquq normalarıdır. Ermənistan BMT-ə üzv olduğu zaman başqa dövlətlərə qarşı ərazi iddiaları irəli sürməyəcəyi, yaxud başqa dövlətin ərazisini işğal etməyəcəyi ilə bağlı öhdəliklər götürüb. Ermənistanın qoşulduğu digər sənədlərdə də bu qəbildən olan öhdəlikləri var. Lakin Ermənistan nəinki qismən mürəkkəb xarakter daşıyan konstitusiya islahatlarına, Müstəqillik Bəyannaməsi ilə bağlı məqamlara aydınlıq gətirmək və bu problemləri aradan qaldırmaq istəmir, çox sadə mexanizmləri olan baş nazirin, yaxud təhlükəsizlik şurasının bilavasitə qəbul etdiyi sənədləri ləğv etmək niyyətində deyil.

Bu da Ermənistanın simvolik sülh müqaviləsi imzalamaqda maraqlı olduğunu təsdiqləyir. Bütün bu problemlər aradan qaldırılmadan Ermənistanla sülh müqaviləsinin imzalanması mümkün deyil. Ermənistan konstitusiyasında qeyd olunub ki, dövlətlərarası bütün digər sənədlər Ermənistan konstitusiyasından daha aşağı statusa malikdir. Azərbaycana qarşı ərazi iddialarının irəli sürülməsinə, ilhaqa yol açan faktorlara istinad olunduğu üçün gələcəkdə Azərbaycanla imzalanan sülh müqaviləsi Ermənistanın indiki, yaxud sonrakı hakimiyyəti tərəfindən konstitusiyaya zidd olduğu əsas gətirilərək birtərəfli qaydada ləğv oluna bilər. Yaxud Ermənistan iştirakını dayandıra bilər. Bu baxımından tələblər fundamentaldır. Əgər bu tələblər olmasa idi, Azərbaycan ərazilərinin işğal prosesi baş verməyəcəkdi. Azərbaycan və Ermənistan arasında yaranmış vəziyyətin-işğalın, aqressiv separatizmin təməl prinsipi Azərbaycan torpaqlarının Ermənistana birləşdirilməsi ilə bağlı qərarın qəbul edilməsi və bu istiqamətdə hərbi yolla müvafiq addımların atılmasıdır ki, bütün bunlara 30 ildən sonra son qoyuldu. Sülhə mane olan əsas aspekt Azərbaycana qarşı ərazi iddialarının davam etdirilməsidir”.

 

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR