Onlayn ictimai-siyasi qəzet
Bakıda bacısının ərini bıçaqlayan şəxs 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hadisə zamanı hər iki şəxs sərxoş olub. Maraqlıdır ki, hər iki şəxs o dərəcədə sərxoş olub ki, davanın hansı səbəbdən baş verdiyini xatırlamır.
Musavat.com xəbər verir ki, təqsirləndirilən Vüqarla bıçaqlanan Zaur qohum olublar. Həm də Zaur Vüqarın bacısının əridir. Onlar birlikdə usta kimi mənzil təmiri ilə məşğul olublar.
Qohumlar arasındakı dava elə işlədikləri mənzildə baş verib. Onlar işdən sonra ev sahibi ilə süfrə arxasına əyləşiblər. Yeyib-içəndən sonra aralarında mübahisə yaranıb.
Maraqlıdır ki, heç biri hadisənin hansı səbəbə görə baş verdiyini xatırlamır. Çünki həddən çox spirtli içki içiblər və özlərində olmayıblar. Vüqar yalnız bıçağı yerə atdığını xatırlayıb. Zaur isə xəstəxanada gözünü açanda bıçaqlandığını bilib.
Zaur Vüqardan şikayətçi olmayıb. Hər ikisi hadisəyə görə peşman olduqlarını deyiblər.
Qəsdən sağlamlığa ağır zərər vurmaqda ittiham olunan Vüqar 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İ.Muradov
Musavat.com
25 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ