Onlayn ictimai-siyasi qəzet
Aprel ayında NATO blokunun yaranmasından 76 il ötür.
II dünya müharibəsindən dərhal sonra SSRİ-nin səbəb olduğu Berlin böhranı, kommunistlər tərəfindən Çexoslovakiyada baş tutan hərbi çevriliş Qərb ölkələri arasında ortaq hərbi strategiyanın təşkil olunmasının vacibliyini ortaya qoyub. Odur ki, “soyuq müharibə”nin başlanğıcında, 1948-ci ildə ABŞ-nin xarici işlər naziri Corc Marşallın təlimatı ilə Pentaqonda avropalı liderlərlə hərbi və siyasi rəsmilər arasında görüş təşkil olunub.
Nəticədə, bir il sonra Vaşinqton şəhərində Şimali Atlantika müqaviləsi imzalanıb. Bu müqaviləni imzalayanlar arasında Brüssel müqaviləsinə tərəf olan beş dövlət, həmçinin ABŞ, Danimarka, İtaliya, İslandiya, Kanada, Norveç və Portuqaliya olub. Lakin müharibədən yeni çıxan dövlətlərin kadr çatışmazlığı problemi yaranıb. Odur ki, SSRİ-yə qarşı vahid hərbi cəbhənin yaradılması üçün keçmiş nasistlər, xüsusəndə SS generalları cəlb edilib, NATO-da rəhbər vəzifələrə təyin ediliblər.
Gelenorg bölməsi
1946-cı ildə amerikalılar Mərkəzi Kəşfiyyat İdarəsinin tərkibində “SSRİ məsələsi” ilə məğul olan “Gelenorq” adlı xüsusi şöbə yaradıblar. Sonradan bu şöbə NATO strukturunun bir hissəsi olub və onun əsasında alman kəşfiyyatı yaranıb. “Gelenorq” onun lideri, alman generalı, SSRİ-nin kabusuna çevrilən casus Reynhard Gelenin şərəfinə adlandırılıb. II dünya müharibəsi zamanı o, Vermaxtın kəşfiyyat işləri ilə məşğul olan 12-ci qərargahına rəhbərlik edib və yalnız Şərqi Avropa ölkələrində olub.
1945-ci il may ayının sonunda general bütün şəxsi heyəti ilə birlikdə amerikalılara təslim olaraq SSRİ haqqında bütün məlumatları - agent şəbəkəsi, hərbi kəşfiyyat, xəritələr, şəxsi məlumatlar və daha çox şeyi ABŞ-yə ötürüb. Amerikalılar bu hərəkəti yüksək qiymətləndiriblər və bir neçə ay sonra Gelen MKİ-nin xüsusi departamentinin yaradılmasını təklif edən general Eyzenhauerin nümayəndələri ilə görüşüb.
Gelen öz komandanısını cəlb etmək şərti ilə razılaşıb. O, 350 keçmiş SS zabitini, o cümlədən hərbi cinayətlərə görə cəzadan yayınanları yanına gətirib. Məsələn, onun komandasında 200 minə yaxın yəhudinin məhv edildiyi həbs düşərgəsinin keçmiş komandiri Alois Bryunner də olub. Beş il sonra şöbədə artıq təxminən 4000 keçmiş “Abver” və SS zabiti işləyib.
NATO-nun SS-çi qurucuları
1943-cü il martın 1-dən 2-nə keçən gecə Ukraynanın Kryukovka şəhərində Hayzingerin göstərişi ilə SS cəza qüvvələri 6700 nəfəri güllələyiblər. Polşa və SSRİ-yə hücum planlarının hazırlanmasında iştirak edən alman generalı Adolf Hayzinger dinc insanları məhv edən müxtəlif cəlladlardan fərqli olaraq, daha hiyləgər olub. O, sadəcə olaraq əmrlər verib və heç bir sənədə qol çəkməyib.
Bunun sayəsində o, Nürnberq məhkəmələrində cəzadan yayına bilib. Çoxsaylı ifadələrə baxmayaraq, onun təqsiri sübuta yetirilməyib. Lakin bir müddət sonra onun haqqında həqiqətin onsuz da üzə çıxacağını anlayaraq amerikalılara müraciət edib. “Barbarossa” planının hazırlanmasında iştirak edən şəxs kimi o, yeni yaradılmış NATO-nun hərbi komitəsinin sədri təyin edilib.
Maraqlıdır ki, Hayzinger NATO-ya vaxtında amerikalılara təslim olan başqa general Hans Şpaydeli əvəz etmək üçün gəlib. SSRİ ərazisini işğal etmək planının hazırlanmasında iştirak edən Hans müharibənin sonunda “Barbarossa” planı ilə bağlı bir çox məxfi sənədləri götürərək amerikalıların yanına qaçıb. Onların bəziləri artıq maraqlı olmasa da, o, sonradan NATO-nun Avropadakı quru qoşunlarının komandanı təyin edilib.
Göbbelsin varisləri
NATO-nun tərkibində 3-cü reyxdə mövcud olan “təbliğat nazirliyi”nə oxşar struktur - psixoloji müharibə departamenti yaradılıb. Departamentə nasist partiyasının lideri, reyxin əsas təbliğatçısı Yozef Göbbelsin tabeliyində olanlar cəlb ediliblər. Eberhard Taubert şöbənin baş məsləhətçisi təyin edilib. Gobbelsin yaxın dostu Taubert yarandığı gündən Nasional Sosialist Alman Fəhlə Partiyasının üzvü olub. Müharibədən sonra Cənubi Amerikaya qaça bilib, oradan bir neçə il sonra alman kəşfiyyatının köməyi ilə geri qayıdıb. Nəticədə NATO-nun müvafiq bölmələri ilə əməkdaşlığa cəlb edilib və həmin departamentin rəhbəri olub. Yeri gəlmişkən, psixoloji müharibə şöbəsi bu günə kimi uğurla fəaliyyət göstərir.
NATO-da işləyən digər nasist general Fridrix Quqqenberqer olub. Bir çox mükafatlar almış məşhur alman 17 ədəd Böyük Britaniya və Amerika gəmisini batırmasına baxmayaraq, bir çoxları kimi müharibənin sonunda amerikalılara təslim olub. Onun döyüş təcrübəsini nəzərə alaraq, bütün günahlarını bağışlayıblar və MKİ-nin xüsusi şöbəsinə göndəriblər. O, sonda NATO-nun Avropadakı müttəfiq qüvvələrinin baş qərargah rəisinin müavini olub.
Gerhard Barkhorn müharibədə onlarla hərbçini öldürən ən yaxşı alman pilotlarından biri olub. Daha dəqiq desək, onun hesabına Vermaxt hava döyüşlərində 301 qələbə qazanıb. 1945-ci ilin aprelində amerikalılara təslim olub və sonradan NATO aviasiyasına rəhbərlik edib.
Vermaxtın təşkilati şöbəsində aparıcı vəzifələrdən birini tutan və bir çox həmkarları kimi polkovnik-leytenant rütbəsi ilə müharibəni başa vuran Ernst Ferber Amerika əsirliyindən sonra alman kəşfiyyatında çalışıb. 1973-cü ildə Bundesverin (Almaniya Müdafiə Nazirliyi) formalaşmasında iştirak edib və general rütbəsi ilə Mərkəzi Avropada NATO qüvvələrinin baş komandanı olub.
II dünya müharibəsi zamanı nasist Almaniyasında hərbi cinayətlər törədən Yohannes Şteynhoff, Yohann von Kilmansegg, Karl Şnell və Franz-Yozef Şults da NATO-da müxtəlif vəzifələrə təyin olunublar.
İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün
25 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ