İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni diasporunun sözçüsü səviyyəsinə düşən Makron

Emanuel Makron iki gün öncə Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qəsd kimi dəyərləndirilə biləcək açıqlaması ilə beynəlxalq hüquqa və BMT nizamnaməsinə açıq hörmətsizlik nümayiş etdirdi.

Ərazilərini 30 illik Ermənistanın işğalından və vandallığından qurtaran, Fransanın səs verdiyi BMT TŞ Qətnamələrinin icrasını təmin edən Azərbaycanı Qarabağa, yəni, öz ərazilərinə hücum etməkdə suçlamaq üçün adam, gərək, ya dünyadan xəbəri olmasın, ya da beynəlxalq dəyərlər sistemini bərabər şəkildə qəbul etməkdə psixoloji sarsıntı və böhran yaşasın.

Əlbəttə, Makronun beynəlxalq dəyər və prinsiplərə bərabər münasibət sərgiləməkdə əqli böhran keçirdiyi yeni hal deyil. Ancaq, bu adam sıradan birisi də deyil, BMT TŞ daimi üzvü olan Fransa kimi bir dövlətin prezidentidi. İlk imkan düşən kimi ağalarını sataraq əl dəyişən Ermənistana görə Azərbaycana qarşı bu qədər qərəzli və düşmən mövqedə olmaq, digər ölkələrin ərazi bütövlüyünü və suverenliyini yüksək səslə müdafiə etdiyi halda, ölkəmizə münasibətdə beynəlxalq hüququn bu, ali prinsiplərinə məhəl qoymamaq, qonşusunun ərazisini 30 il işğal edən Ermənistanı bu qədər can-fəşanlıqla dəstəkləmək Fransa kimi ölkə üçün biabırçılıq və rəzalətdir.

Türkiyə də Azərbaycanı açıq müdafiə edir, lakin, heç vaxt Ermənistanın ərazi bütövlüyünü və suverenliyini şübhə altına alan fikirlərə yol vermir. Baxmayaraq ki, hazırkı qondarma Ermənistanın ərazisi tarixi Azərbaycan torpaqlarıdı və Türkiyə istənilən mərhələdə Ermənistana qarşı torpaq tələbində buluna bilər. Lakin, Türkiyə bunu etmir, çünki köklü dövlət kimi beynəlxalq hüququn norma və prinsiplərinə hörmət edir, BMT-yə üzv olan dövlətlərin sərhədlərinin toxunulmazlığını ayrı-seçkilyə yol vermədən müdafiə edir.

Digər tərəfdən, Praqada oktyabrın 6-da keçirilən dördtərəfli görüşdə Makron Ermənistan-Azərbaycan arasında sülh müqaviləsinin ölkələrin ərazi bütövlüyü və suverenliyi çərçivəsində imzalanamsının vacibliyini qəbul etmişdi və ya qəbul etməyə məcbur edilmişdi. Görəsən, bir həftədən sonra nə dəyişdi? Niyə və nəyn naminə Makron qeyd olunan bədnam müsahibəsində siyasi riyakarlığa yol verdi və Azərbaycanın ərazi bütövlüyünə açıq hörmətsizlik etdi?

Səbəb sadədir:

1) Makronun Azərbaycanafob və Türkiyəfob mahiyyəti bir çoxunun güman etdiyi kimi təkcə seçkilər ərəfəsndə özünü göstərmir, bu, xəstəlik onda xroniki kök salıb.

2) Praqada cənab İlham Əliyevin təkidli tələbi ilə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin Ermənistanla sülh müqaviləsinin imzalanması üçün əsas prinsip kimi yekun bəyanata salınmasını Makron həzm edə bilmir, görünür, onun Paşinyanla birləşərək Ermənistanı müdafiə edə bilməməsi, Azərbaycanın birmənalı qələbəsi və üstünlüyü ilə bitən dördtərəfli görüşdə uğradığı məğlubiyyətin acığını bu yolla çıxmaq istəyir.

Hesab edirəm ki, bundan sonra Makron və onun rəhbərlik etdiyi Fransa heç bir halda iki ölkə arasında normallaşma prosesində iştirak edə, erməni diasporunun sözçüsü səviyyəsinə düşən Makron bölgədə ən çox ehtiyac duyulan sülhə və təhlükəsizliyə töhvə verə bilməz, əksinə, onun kimilərinin fəaliyyəti xalqlararası nifrəti və düşmənçiliyi daha da artırır.

Məhz, Fransa kimi dövlətlərin təlimatı ilə Ermənistan hazırda sürətlə silahlanma kursunu həyata keçirməkdədir. Son aylar Hindistanın forpost ölkəyə milyonlarla dollar dəyərində silah satması, gələn il hərbi xərclərinin 47 faiz artırması Ermənistanın sülhə yox, yeni qarşıdurmaya və hərbi toqquşmaya hazırlaşdığını göstərir.

Əlbəttə, Azərbaycan Ermənistanın bu kimi addımlarını diqqətlə izləyir və gərəkən bütün addımları atır.

Bu baxımdan oktyabrın 13-də Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısı çərçivəsində hörmətli Prezidentimiz cənab İlham Əliyevlə Pakistanın Baş naziri cənab Şahbaz Şərif arasında keçirilən ikitərəfli görüş, Şərifin Bakıya dəvət olunması və bizim strateji tərəfdaşlarımızla hərbi sənayə sahəsində əməkdaşlığımızın gücləndirilməsi istiqamətində atdığımız addımlar çox mühüm əhəmiyyət kəsb edir.

Vətən müharibəsindən sonra Azərbaycan çox həssas və taleyüklü bir mərhələni keçməkdədir. Əminəm ki, bu mərhələnin sonunda bölgənin taleyini və gələcək müqəddaratını təyin edən ölkə Fransa kimi riyakar ölkələr yox, Azərbaycan və Türkiyə kimi sözü və əməli üst-üstə düşən, regionda real gücə və sözə sahib olan ölkələr müəyyənləşdirəcəkdir.

Azay Quliyev,
Millət vəkili

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR