İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan Ermənistana, Paşinyan Türkiyəyə... - “Futbol diplomatiyası” qayıdır?

Ermənilər üçün sonuncu şans, bu dəfə də imtina etsələr...

Türkiyə və Ermənistan arasında 30 ilə yaxındır kəsilən əlaqələrin bərpası istiqamətində kövrək addımlar atılmaqdadır. Təbii ki, rəsmi Ankara bu istiqamətdə atdığı addımlarda daim bəyan etdiyi kimi, Azərbaycanın dövlət maraqlarını həssaslıqla nəzərə alır, bu da iki qardaş ölkənin vahid siyasətinin bariz nümunəsidir.

“Ankara ilə İrəvan arasında ikitərəfli münasibətlərin normallaşdırılması üzrə danışıqlar bundan sonra üçüncü ölkələrin ərazisində deyil, Türkiyə və Ermənistanda davam etdiriləcək”. Bunu ötən həftəsonu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib. “Biz münasibətlərin normallaşması üçün görülməli olan tədbirləri müzakirə edirik və müəyyən addımlar atırıq. Növbəti danışıqlar Türkiyə və Ermənistanda aparılacaq. Biz Ermənistanla normallaşma məsələsində səmimiyik və bu məsələni Azərbaycanla koordinasiya edirik”, - Çavuşoğlu vurğulayıb. Qeyd edək ki, indiyədək xüsusi nümayəndələr - Sərdar Kılıc və Ruben Rubinyan arasında 4 görüş keçirilib (Moskva və Vyanada). Türkiyə baş diplomatı həmçinin deyib ki, prezident Rəcəb Tayyib Ərdoğan Ermənistanın baş naziri Nikol Paşinyanla Türkiyə və Ermənistanda ölkələri arasında münasibətlərin normallaşdırılması üçün görüşlər keçirmək barədə razılığa gəliblər. Onun sözlərinə görə, bu mövzuda görüşlərdən dördü üçüncü ölkələrdə baş tutub. “Praqada cənab prezidentimizin Paşinyanla görüşündə Türkiyə və Ermənistan ərazilərində görüşlərin keçirilməsi ilə bağlı razılıq əldə olundu”, - deyə qardaş ölkənin baş diplomatı bildirib. Hər iki gəlişmə iki ölkə arasında barışığa yönəlik danışıqlara və Azərbaycan-Ermənistan sülh danışıqlarına nə dərəcədə təkan verə bilər? Bugünlərdə o da məlum oldu ki, “Avro-24" seçmə mərhələsində Türkiyə və Ermənistanın futbol milliləri eyni qrupa düşüblər. İki ölkənin komandaları Ermənistan və Türkiyədə matçlar keçirməli olacaq. Bu "futbol diplomatiyası" üçün bərpası şansını açır. Hər halda, hər iki oyunu qarşılıqlı etimadı artırmaq naminə Ərdoğan və Paşinyan birgə izləyə bilərlər.

Yada salaq ki, tərəflər arasında ilk “futbol diplomatiyası” 2008-2009-cu illərdə sabiq prezidentlər Abdulla Gül və Serj Sərkisyanın dövrünə təsadüf edib. 2008-ci ilin sentyabrında Türkiyənin eks-prezidenti Abdulla Gül Ermənistanın ovaxtkı prezidenti Serj Sərkisyanın dəvəti ilə Ermənistan və Türkiyə milli komandaları arasında dünya çempionatının seçmə oyununa baxmaq üçün İrəvana getmişdi. Sərkisyan Gülün təklifi ilə 2009-cu ilin oktyabrında Bursa şəhərində keçirilən Türkiyə-Ermənistan cavab oyununu canlı izləmişdi. Orada həm də Ermənistan və Türkiyə nümayəndə heyətləri arasında danışıqlar aparılmış, ardınca prezidentlərin görüşü keçirilmiş, sonradan Qarabağ münaqişəsinə görə kəsilən münasibətlərin normallaşması prosesi “futbol diplomatiyası” adlandırılmışdı. İki qonşu ölkə arasında sərhədlərin açılması cəhdlərinə xidmət etmiş həmin təmaslara rəsmi Bakı çox soyuq yanaşmışdı. Çünki Azərbaycanın 20% ərazisi o vaxt erməni işğalı altında idi. İndi isə vəziyyət diametral fərqlidir. Çünki Ermənistan kapitulyant ölkədir və reallıqları nəzərə almaqdan başqa çarəsi yoxdur.

Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici Əlaqələr Komissiyasının sədri Akif Çağatay Kılıç da bildirib ki, Türkiyə Ermənistanla münasibətlərin normallaşması prosesində növbəti dəfə “futbol diplomatiyası”na əl ata bilər. (Modern.az) Onun sözlərinə görə, gələn il iki ölkənin milli futbol komandaları arasında keçiriləcək oyunlar münasibətlərin normallaşdırılmasında mühüm rol oynaya bilər. “Gələn il martın 25-də Ermənistanda, sentyabrda isə Türkiyədə (Avro-2024-ün seçmə mərhələsi çərçivəsində - red.) iki ölkənin milli komandaları arasında futbol oyunları keçiriləcək. Komandamız Ermənistana gedəcək, ola bilsin biz də getdik. Türkiyə ilə Ermənistan atrasında normallaşma prosesi müsbət gedir. Ermənistanla Azərbaycan arasındakı münasibətlərdə də müsbət dinamika müşahidə olunur. Bu, təxribatlara əl atmadan edilməlidir”, - deyə Türkiyənin Ermənistanla münasibətlərin normallaşma prosesi üzrə xüsusi nümayəndəsi Serdar Kılıç bildirib.

Türkiyə ilə Ermənistan arasında diplomatik əlaqələr yoxdur, iki ölkə arasında sərhəd 1993-cü ildən Ankaranın təşəbbüsü ilə bağlıdır. Ölkələr arasında münasibətlərin pisləşməsinə bir sıra hallar, xüsusən də Ankaranın Qarabağ problemində Azərbaycanın mövqeyini dəstəkləməsi və qondarma “erməni soyqırımı”nın beynəlxalq aləmdə tanınması prosesinə Türkiyənin kəskin reaksiyası səbəb olur.

Bu il yanvarın 14-də Moskvada Ermənistan və Türkiyə arasında normallaşma prosesi üzrə xüsusi nümayəndələrin - Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan və Türkiyənin ABŞ-dakı keçmiş səfiri Serdar Kılıçın ilk görüşü keçirilib. Rəsmi  məlumata görə, danışıqlar zamanı tərəflər konstruktiv, siyasiləşdirilməmiş şəkildə dialoq aparmağa hazır olduqlarını nümayiş etdiriblər. Sonra Vyanada daha üç görüş keçirilib.

Bundan əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu üçüncü ölkələrdə münasibətlərin normallaşdırılması üçün xüsusi nümayəndələrin dörd görüşünün keçirildiyini, lakin Praqada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Türkiyə və Ermənistan ərazilərində görüşlərin keçirilməsi barədə razılığa gəlindiyini bildirmişdi. Ermənistandakı revanşist qüvvələr və onların xaricdəki havadarları Türkiyə-Ermənistan münasibətlərinin əvvəlki kimi gərgin fazada qalması üçün əllərindən gələni edir, hətta bir sıra hallarda loyal mövqe sərgiləyən N.Paşinyan “Türk agenti” olaraq çağırılır. Xatırladaq ki, ABŞ diplomatı Con Bolton 2018-ci ilin dekabrında İrəvanda olarkən Ermənistanı qonşulara qarşı şablonlardan imtina etməyə çağırmışdı. Amma o zaman Ermənistan hakimiyyətinin aqressiv davranışları onu fəlakətli vəziyyətlə üz-üzə qoydu. Bu dəfə Türkiyə və Azərbaycan Ermənistana növbəti dəfə şans verib. Elə R.T.Ərdoğanın Paşinyana əl uzatması da bir ilk oldu, yetər ki, ermənilər onlara uzanan bu əli, diplomat Hulusi Kılıç demişkən, öpüb, göz üstə qoysunlar. Eyni zamanda Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı təklifləri də dalan dövlətinə çevrilmiş Ermənistanın xilasına xidmət edir. Amma Makron kimi, özlərini ermənilərin dostu-bacısı-adlandıran liderlər katalizator funksiyasını icra etməklə vəziyyəti daha da dramatikləşdirmək xətti götürüblər. 

“Məlumdur ki, Türkiyə-Ermənistan münasibəti  Azərbaycan-Ermənistan münasibəti ilə tənzimlənirdi. Belə ki, Ermənistan məhz Dağlıq Qarabağı, həmçinin ətraf əraziləri işğal etdiyi üçün bütün diplomatik münasibətlər kəsilmişdi və əsas şərt də torpaqların azad edilməsi idi”.

Arzu Nağıyev: “Suriyada ən əhəmiyyətli ölkə Rusiya olacaq”

Arzu Nağıyev: “Azərbaycanın mövqeyi istənilən danışıqlarda tam dəstəklənəcək və buna əminlik var”

Deputat, Milli Məclisin Təhlükəsizlik, müdafiə və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Arzu Nağıyev bu fikirləri “Yeni Müsavat”a açıqlamasında söylədi. Millət vəkili qeyd etdi ki, bu gün artıq Azərbaycan öz torpaqlarını azad edib və Cənubi Qafqazda başqa bir siyasi düzən yaranıb: “Müharibə bitdikdən dərhal sonra Türkiyə 6-lıq platformanın yaradılması və region dövlətlərinin bu platformada birləşməsi təklifi ilə çıxış etdi. Təəssüflər olsun ki, münasibətlərdə problem olması buna imkan verməyən ən ciddi maneə idi. Əsas məsələlərdən biri də Türkiyə-Ermənistan münasibətləri idi. Bunun əleyhinə tək daxili proseslər yönəlməmişdi, Fransa və digər dövlətlər də məsələyə öz prizmalarından yanaşdılar. Çünki söhbət regional nüfuzdan gedirdi. Türkiyə və Ermənistan xüsusi nümayəndələr təyin etdi və xüsusi nümayəndələr - Sərdar Kılıç və Ruben Rubinyan arasında 4 görüş keçirilib. Bundan başqa, bir sıra beynəlxalq tədbirlərdə dövlət başçıları səviyyəsində də görüşlər baş tutdu. Ən son görüşdə, yəni Praqada cənab Ərdoğan-Paşinyan görüşündə Türkiyə və Ermənistan ərazilərində görüşlərin keçirilməsi ilə bağlı razılıq əldə olundu. Təbii ki, rəsmi görüşlərlə yanaşı, işçi və qeyr-rəsmi görüşlərin keçirilməsi də gündəmdədir, bunlardan biri də futbolla bağlıdır. Belə ki, "Avro-24" seçmə mərhələsində Türkiyə və Ermənistanın futbol milliləri eyni qrupa düşüblər və matçların izlənməsində rəhbərlər də iştirak edə bilər".

A.Nağıyev dedi ki, belə bir format əvvəllər də olub, lakin ciddi bir effekt verməyib:  “Çünki Azərbaycanın 20% ərazisi o vaxt erməni işğalı altında idi və Azərbaycan da bu məsələyə müsbət reaksiya vermədi. Hazırda isə artıq geosiyasi reallıq dəyişib və sülhün bərqərər olması üçün bütün nüanslar nəzərə alınmalı və istifadə edilməlidir və zənnimcə, belə addımlar Azərbaycan-Ermənistan sülh danışıqlarına da müsbət təkan verə bilər. Türkiyə-Azərbaycan münasibətlərinin ən yüksək səviyyədə olduğunu da nəzərə alsaq, deyə bilərik ki, Azərbaycanın mövqeyi istənilən danışıqlarda tam dəstəklənəcək və buna əminlik var”.

Elçin Mirzəbəyli: Öz gücümüzə, potensialımıza, mütəxəssislərimizin  peşəkarlığına inamımız “Qarabağ” yatağına qayıdışımızı təmin etdi - AZƏRTAC

Elçin Mirzəbəyli: “Sülh müqaviləsi olmadan Türkiyənin Ermənistanla əlaqələrinin indiki səviyyədən uzağa gedəcəyini gözləmirəm”

Siyasi şərhçi Elçin Mirzəbəyli isə əməkdaşımızla söhbətində bildirdi ki, Türkiyə ilə Ermənistan arasında normallaşma prosesinin uğurla nəticələnməsi “futbol diplomatiyası”ndan çox Azərbaycanla münasibətlərin tənzimlənməsindən asılıdır: “Sülh müqaviləsi olmadan Türkiyənin Ermənistanla əlaqələrinin indiki səviyyədən uzağa gedəcəyini gözləmirəm”. E.Mirzəbəyli qeyd etdi ki, Praqa görüşündən sonra Fransanın bütün “qırmızı xətləri” keçən davranışları təkcə Azərbaycanla Ermənistanın deyil, həm də Türkiyə ilə Ermənistanın münasibətlərinin tənzimlənməsinə mane olmaq niyyəti daşıyır: “Emmanuel Makronun aqressiyasının əhəmiyyətli hissəsi Azərbaycan-Türkiyə ittifaqına və Türk Dövlətlərinin Birliyinə qarşıdır. Bu baxımdan, "futbol diplomatiyası"nın effektivliyinə inanmıram. İndiki şəraitdə Türkiyənin 44 günlük müharibə dövründə olduğu kimi, regionda diplomatik səylərinin gücləndirilməsinə, o cümlədən Rusiya ilə daha fəal iş aparmasına ehtiyac var".

Gözləyək, görək Ermənistan bu dəfə necə davranacaq. Əgər bu ölkənin rəhbərliyi erməni xalqını xilas layihəsindən növbəti dəfə imtina etsə, onların bölgədə mövcudluğu belə sual altına düşə bilər...

E.PAŞASOY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR