İnsanlara hürriyət, millətlərə istiqlal!

Ər-Riyadda ikinci Rusiya-ABŞ görüşü, diplomatik təmaslarda yeni mərhələ - ŞƏRH

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ötən gün Türkiyənin xarici işlər naziri Hakan Fidanla danışıqların yekunlarına dair mətbuat konfransında bildirib ki, Moskva və Vaşinqton bu həftə səfirliklərin işinin normallaşdırılması ilə bağlı məsləhətləşmələr aparacaqlar.

“Bu məqsədlə ötən həftə artıq iki ilkin təmas baş tutub. Bu həftə tam tərkibli məsləhətləşmələr baş tutacaq ki, bu da, ümid edirəm ki, ABŞ-ın demokratik administrasiyaları tərəfindən son illərdə qalaqlanan süni maneələri aradan qaldıracaq”, - o deyib.

Xatırladaq ki, fevralın 18-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Rusiya-ABŞ danışıqları baş tutub. Görüşdə Rusiyanı xarici işlər naziri Sergey Lavrov, prezidentin köməkçisi Yuri Uşakov və Rusiya Birbaşa İnvestisiyalar Fondunun rəhbəri Kirill Dmitriyev, ABŞ nümayəndə heyətini isə dövlət katibi Marko Rubio, milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts və ABŞ liderinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff təmsil edib. 4,5 saat davam edən müzakirələrdən sonra Rusiya nümayəndə heyətinin üzvü, RF prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov jurnalistərə açıqlamasında bildirib ki, ABŞ tərəfi ilə dialoq pis keçməyib.

Nümayəndə heyətləri bir çox məsələ, o cümlədən Rusiya Federasiyası ilə ABŞ-nin mövqelərinin yaxınlaşması və Ukrayna ilə bağlı təmaslar ətrafında ciddi müzakirələr aparıblar. Lavrov Vaşinqton nümayəndələri ilə söhbəti çox faydalı adlandırıb və bildirib ki, Rusiya və ABŞ mümkün qədər tez zamanda səfirlərin təyin olunmasını təmin etmək barədə razılığa gəliblər.

Onu da vurğulamaq yerinə düşər ki, danışıqlardan sonra Rubio bildirib ki, Rusiya və ABŞ Moskva və Vaşinqtondakı səfirliklərdəki diplomatik personalın əvvəlki sayını bərpa etmək barədə razılığa gəliblər.

Qeyd edək ki, hər iki ölkədə səfirlik işçilərinin sayının azaldılması 2014-cü ildən başlayıb.

328867_lb393ubyn1.jpg (37 KB)

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin baş məsləhətçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru Mətin Məmmədli Musavat.com-a şərhində xatırladıb ki, bir neçə gün öncə Ər-Riyadda keçirilən görüşdə həm ikitərəfli münasibətlər, həm Rusiya-Ukrayna müharibəsi ilə bağlı müzakirələr keçirilib.

Görüşdən sonra verilən açıqlamalara diqqət çəkən siyasi şərhçi qeyd edib ki, tərəflər hələ ki, yalnız bir məsələdə razılıq əldə ediblər:

“ABŞ və Rusiya həm Vaşinqtonda, həm də Moskvada diplomatik missiyaların fəaliyyətinin bərpa olunması barədə razılıq əldə ediblər. Düşünürəm ki, bu məsələ artıq tam həllini tapıb. Yaxın günlərdə keçiriləcək görüşdən sonra da diplomatik missiyaların tam tərkibdə fəaliyyətə başlayacağını düşünürəm. Bununla yanaşı, iki ölkə arasında çox ciddi problemlər var. Ər-Riyadda keçirilən görüşdən sonra da aydın oldu ki, müsbət mesajlara baxmayaraq, bu problemlərin həlli ilə bağlı ciddi fikir ayrılıqları qalmaqdadır. Tramp administrasiyasının baxış bucağına, Rusiya, Avropa, Çin ilə münasibətlərə baxsaq, Rusiya-ABŞ arasındakı diplomatik təmaslar iki ölkə arasındakı münasibətlər baxımından müəyyən müsbət perspektiv vəd edir, münasibətlərdə yeni mərhələ başlayıb. Diplomatik təmasların müsbət nəticələr verəcəyi ehtimalı kifayət qədər yüksəkdir”.

Qeyd edək ki, bu gün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Rusiya və ABŞ nümayəndə heyətləri Rusiya-Ukrayna münaqişəsinin nizamlanmasıını müzakirə etmək üçün ikinci görüş keçirəcək.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR