İnsanlara hürriyət, millətlərə istiqlal!

“Embraer 190”-a yox, 22 fevral Bəyannaməsinə açılan atəş və “Qara qutu”ya şər atanlar...

Söz vaxtına çəkər: 17 yanvar 2017-ci ili xatırladım. Həmin gün 2016-cı ilin yekunlarında dair Moskvada brifinq keçirən Rusiya xarici işlər naziri Sergey Lavrov jurnalistin “Dağlıq Qarabağ işğalçı qüvvələrdən və digər kriminal elementlərdən təmizlənməyə başlanılsa, Rusiya buna necə baxacaq, Azərbaycanın daxili işinə müdaxilə edəcəkmi” - sualına belə cavab vermişdi: “Bu, mücərrəd bir məsələ və Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar sırf Azərbaycanın daxili işlərinə aid bir mövzu deyil”.

Rusiyanın baş diplomatı çox ciddi səhvə yol verdiyini və beynəlxalq hüquqa, həmçinin Azərbaycanın suverenliyinə qəsd sayılacaq mövqe sərgilədiyini bildiyi halda, nümayişkəranə şəkildə Qarabağın Azərbaycanın daxili işi olmadığını (!!!) iddia etmişdi. Nikol Paşinyana “Qarabağ Ermənistandır. Nöqtə”, cəsarətini verən də məhz “damarlarında erməni qanı axmasından şərəf duyan” diplomat idi…

Prezident İlham Əliyev Soçidə "Valday" Beynəlxalq Diskussiya Klubunun XVI  illik iclasının plenar sessiyasında iştirak edib

Çox çəkmədi ki, Azərbaycan Prezidenti və Silahlı Qüvvələrin Ali Baş Komandanı “Valday” Diskussiya Klubunda, məhz Vladimir Putinin iştirakı etdiyi tədbirdə Qarabağın məhz Azərbaycana məxsus olduğunu nidalı şəkildə bəyan etməklə həm Paşinyanın, həm Lavrovun, həm də digərlərinin cavabını verdi. 44 günlük Vətən Müharibəsində Azərbaycan ordusu işğalçıların belini qırdıqdan sonra isə Rusiya prezidenti “beynəlxalq hüquqa əsasən, Dağlıq Qarabağ və ətraf ərazilər Azərbaycanın ayrılmaz tərkib hissəsidir”, həqiqətini dilə gətirdi. Lavrovdan səs-səmir çıxmadı o zaman. Hər halda “nə oldu, Paşinyan”-sualını Lavrova da ünvanlamaq olardı…

Düşünürdük ki, oldu, keçdi, keçənə də güzəşt dediyimiz çox olub. Həm də axı, 2022-ci ilin 22 fevralında Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” imzaladı. 43 bəndlik müqavilə hər iki tərəfin dövlət və milli maraqlarına əsaslanırdı.

Xüsusilə də 6-cı maddədə bildirilir: “Rusiya Federasiyası və Azərbaycan Respublikası Tərəflərdən birinin fikrincə sülhə təhlükə yarada bilən, sülhü pozan və ya Tərəflərdən birinin təhlükəsizlik maraqlarına təsir edən vəziyyət yarandığı, eləcə də bu cür vəziyyətin yaranması təhdidi olduğu təqdirdə onun nizamlanması məqsədilə təxirəsalınmaz məsləhətləşmələrin aparılmasına hazırlıqlarını ifadə edirlər”. 7-ci maddə isə bildirilir: “Rusiya Federasiyası və Azərbaycan Respublikası Tərəflərdən birinin fikrincə iki dövlətin strateji tərəfdaşlığına və müttəfiqlik münasibətlərinə xələl gətirən hər hansı hərəkətlərdən çəkinirlər. Bu məqsədlə onlar iki ölkənin xarici işlər nazirlikləri xətti ilə daimi fəaliyyət göstərən məsləhətləşmələr mexanizmini yaradırlar”.

AZAL-ın sərnişin təyyarəsi qəzaya düşdü — Yenilənib - Video

Amma 25 dekabr 2024-cü ildə “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) təyyarəsinin Rusiya ərazisində vurulması müttəfiqlik münasibətlərinə ciddi zərbə oldu. Əslində mülki təyyarəyə açılan atəş həm də Rusiya ilə Azərbaycan arasındakı müttəfiqlik münasibətlərinə açılmışdı. O zaman bir çoxları bu hadisədən heyrətlənərək Rusiyanın məhz indiki vaxtda, Ukrayna ilə müharibə fonunda üzləşdiyi sanksiyaların davamı halında, onsuz da müttəfiqlərini sürətlə itirdiyi zamanda Azərbaycanla körpüləri yandırmasını ağlasığmaz hesab edirdilər. Normal halda Rusiya bu faktın obyektiv araşdırılmasında maraqlı olmalı və hətta Qərb dövlətlərinin təzyiqlərinə rəğmən, onunla normal qonşuluq münasibətlərini saxlayan Azərbaycanın mülki təyyarəsinə qəsd edənləri son nəfərinədək cəzalandırmaqda maraqlı olmalı idi. Bir neçə günlük sükutdan sonra prezident Putinin Azərbaycan Prezidentindən üzr istəməsi buna müəyyən qədər ümid yaradırdı. Həmçinin “qara qutu”ların Braziliyada araşdırılması faktı…

Amma Sergey Lavrov yenə də ortaya çıxdı və iddia etdi ki, “qara qutularının dekodlanması mediada verilən bəzi ilkin qənaətləri təsdiqləmir”. 

Russia's Foreign Minister Lavrov holds annual press conference in Moscow

Diqqət edin, “tam hüquqlu araşdırmanı gözləmək lazımdır”, deyən də Lavrovdur, mütəxəssislər “qara qutu”nun yaddaşını ictimailəşdirmədiyi halda, “yaddaş” haqqında hökm verən də. Üstəlik, İkinci Qarabağ müharibəsində səhvən Rusiya helikopterinin vurulmasını yada salır. Rusiya helikopterinin qəfildən, heç bir xəbərdarlıq etmədən Naxçıvan istiqamətindən sərhədimizi pozmağa cəhd göstərməsi faktı ilə Azərbaycanın sərnişin təyyarəsinin qrafik əsasında Rusiya ərazisinə uçuş icra edərkən vurulmasını eyniləşdirmək də əlavə “hünər” istər. Üstəlik, təyyarənin vurulduğunu da boynuna almamağa çalışır.  

AZAL təyyarəsinin Aktauda qəzaya uğraması ilə bağlı Rusiya Federal Hava Nəqliyyatı Agentliyi Rosaviasiyanın “isti-isti” yaydığı rəsmi məlumatı da unutmamışıq: “Bu gün Moskva vaxtı ilə saat 09:30 radələrində Xəzər dənizinin şərq sahili ərazisində Qazaxıstanın Aktau hava limanına eniş edərkən Azərbaycanın AZAL aviaşirkətinə məxsus “Embraer 190” təyyarəsi yerə çırpılıb. Təyyarə Bakıdan Qroznıya reys həyata keçirib”. İlkin versiya olaraq iddia olunurdu ki, “quş sürüsü ilə toqquşmadan sonra, təyyarənin göyərtəsində fövqəladə vəziyyətə görə, nəqliyyat gəmisinin kapitanı alternativ aerodroma “getmək” qərarına gəlib. Alternativ aerodrom Aktau seçilib”.

Rosaviasiya üçün pilotların dispetçerlərlə danışığını araşdırmaq “su içimi” məsələ idi. Həmçinin AZAL təyyarəsi hətta nəzəri cəhətdən quşla toqquşsa belə, ona Qroznı, Mahaçqala və digər hava limanlarına enməyə icazə verilməməsinin səbəbləri açıqlanmalı idi. İndi Rusiyada davamlı təbliğat aparılır ki, Aktauya enmək qərarını pilotlar özləri veriblər. Bu qədər əclaflıq olmaz! Bu iddia bir daha sübut edir ki, təyyarə ekipajının və sərnişinlərin son nəfərinədək yanıb kül olması, yaxud Xəzərdə batırılması planlaşdırılıbmış, sonda “əl-ayağa dolaşan” şahidlər olmasın. Amma qəhrəman pilotlarımızın sayəsində hazırlanmış plan suya düşdü. “Qara qutu” danışmasa belə, 29 şahid, həmçinin təyyarənin mərmi qəlpələrinə tuş gəlmiş “yaraları” dil açıb danışdı. “Qara qutu”ya şər atan şarlatanlar imkan vermirlər ki, “qara qutu” başımıza gətirilənləri olduğu kimi danışsın...

 Песков назвал нежелание руководства НАТО учитывать заявления Путина опасным  шагом

Kremlin sözçüsü Dmitri Peskov “araşdırma yekunlaşmamışdan əvvəl hər hansı fərziyyə irəli sürmək yanlış olardı. Əlbəttə, biz bunu etməyəcəyik və heç kəs bunu etməməlidir. Araşdırma bitənədək gözləməliyik”-demişdi. Amma nə araşdırmanın nəticələrini gözlədilər, nə də obyektiv şahid ifadələrinə diqqət etdilər. Bütün bunlardan sonra faktı danmağa, üstəlik, həlak olmuş pilotların özlərini günahlandırmağa çalışırlar. Təyyarənin GPS naviqasiya sistemi bloklanması, bir neçə dəfə atəşə (Qroznıdan Pantsir-S hava müdafiə sistemi tərəfindən hücuma məruz qaldığı bildirilir) tutulması, hətta sərnişinlər arasında qəlpə yarası alanların olması, laynerin hava limanına enməsinə icazə verilməməsi faktları qalıb bir kənara, onun Aktau limanına endirilməsinə qərar verilməsi istiqamətində manipulyasiyalar mövcuddur. Rusiyanın elektron hərb sisteminin müdaxiləsi nəticəsində Azərbaycan təyyarəsinin kommunikasiya sistemi tamamilə iflic vəziyyətə salınmasının səbəbini izah etsinlər, biz də bilək! Bəlkə “Embraer 190” sərnişin təyyarəsi Çeçenistanın Qroznı hava limanına “kamikadze hücumu” planlaşdırmışdımı ki, onu enməyə qoymadılar?! Sağ qalmış sərnişinlərdən biri bildirib ki, pilot havanın qatı dumanlı olmasına baxmayaraq, iki dəfə Qroznıya enməyə cəhd edib, “üçüncü cəhddə isə nəsə partladı… təyyarə səthinin bəzi hissəsi havaya uçdu”. Bu ifadə bəs idi obyektiv qiymətləndirmə, Azərbaycan dövlətindən və xalqından üzrxahlıq, həmçinin kompensasiya ödənilməsi, cinayətkarların cəzalandırılması üçün. Amma yox, Rusiya hesab edir ki, o həmişə haqlıdır, fərqi yoxdur, quzu sayın hansı hissəsindədir, istənilən halda suyu bulandıran qurd deyil, Krılovun dili ilə desək…

Rusiyanın hakimiyyət dairələri ilə işləyən bəzi simasızların, media təmsilçilərinin Azərbaycan düşmənlərinin dövlətimizin və xalqımızın ünvanına təhqir yağdırması qırmızı xəttin keçilməsidir. Rusiya hakimiyyəti iddia etməsin ki, bu, onun iradəsindən kənarda baş verir. Ukrayna ilə müharibəyə qarşı çıxan hər kəsin başına oyunlar açılır, Azərbaycanı haqsız yerə hədəfə alanlara isə “yaşıl işıq” yandırılır”. Federal Təhlükəsizlik Xidməti əlindən gələni edir ki, Rusiyada anti-Azərbaycan ritorika güclənsin. Azərbaycanın neonasistlərin dili ilə hədələnməsi, “Komsomolskaya pravda” kimi media orqanlarında sifarişli yazıların dərci, faktiki olaraq president Putinin iradəsinə və 2022-ci ilin 22 fevralında imzalanmış sazişə ziddir. Hətta bu saziş imzalandıqdan sonra belə, Ruben Vardanyanın (bu gün məhkəmə istintaqı başladılan Azərbaycan düşməninin) Qarabağa xüsusi missiya ilə göndərilməsindən sonra da ölkəmiz təmkinli davrandı, münasibətlərə xələl gəlməməsi üçün…

Azərbaycan bir sıra Qərb ölkələrinin təzyiqlərinə rəğmən Rusiya ilə ikitərəfli əlaqələrə sadiqlik nümayiş etdirir hər zaman, hətta Rusiya sanksiyalar səbəbindən ölkəmizin kənd təsərrüfatı məhsullarına ehtiyac duyanda da yardım əlimizi uzatmışıq. Amma işlərini səhmana salan kimi, pomidorumuzdan “gənə tapıb”, yaxud azərbaycanlı miqrantlara qarşı düşməncəsinə davranılıb, hətta onlar beynəlxalq qanunlara zidd olaraq məcburən Ukrayna ilə müharibəyə göndərilib!

Prezident İlham Əliyev 28 dekabrda şəxsən rusiyalı həmkarına “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Rusiyasının hava məkanında olan zaman kənar fiziki-texniki müdaxiləyə məruz qaldığını deyib. Prezident İlham Əliyev “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Rusiyasının hava məkanında olan zaman kənar fiziki-texniki müdaxiləyə məruz qaldığını və idarəetməsini tam itirdiyini, Qazaxıstanın Aktau şəhərinə doğru yönləndirildiyini və yalnız pilotların şücaəti və peşəkarlığı sayəsində qəza enişi edə bildiyini qeyd edib. Dövlət başçısı təyyarənin gövdəsində çoxsaylı dəliklərin olmasının, hələ havada olarkən sərnişin və heyət üzvlərinin təyyarənin göyərtəsini dəlib içəri daxil olan yad hissəciklərlə yaralanmasının və bu xüsusda sağ qalan təyyarə bələdçiləri və sərnişinlərin ifadələrinin kənar fiziki-texniki müdaxilə faktını təsbit etdiyini vurğulayıb.

İlham Əliyev təyyarə qəzasında həlak olan ekipaj heyətinin ailə üzvləri və sağ qalan təyyarə bələdçiləri ilə görüşüb - FOTO - YENİLƏNİB

Bu ilin 6 yanvarında ekipaj heyətinin ailə üzvləri və sağ qalan təyyarə bələdçiləri ilə görüşündə də dövlət başçısı “Əminliklə deyə bilərəm ki, Azərbaycan vətəndaşlarının bu qəzada (Aktaudakı təyyarə qəzasında – red.) həlak olmasının günahı Rusiya Federasiyası nümayəndələrinin üzərindədir. Biz ədalət tələb edirik, günahkarların cəzalandırılmasını tələb edirik, tam şəffaflıq və insani davranış tələb edirik”-söyləyib. Azərbaycan Prezidenti təsadüfən heç nə demir, bunu Rusiyada da yaxşı bilirlər!

Bütün bunlardan sonra münasibətlərdəki gərginliyi aradan qaldırmaq üçün Bakının tələblərini yerinə yetirmək əvəzinə, üstümüzə gəlmələri…Bax, bu, qəbulolunmazdır! Normal halda Rusiya bu faktın obyektiv araşdırılmasında və hətta Qərb dövlətlərinin təzyiqlərinə rəğmən, onunla normal qonşuluq münasibətlərini saxlayan Azərbaycanın mülki təyyarəsinə qəsd edənləri son nəfərinədək cəzalandırmaqda maraqlı olmalı idi. 1990-cı ilin 20 Yanvarında da sovet tankları üstümüzə həyasız iddialarla gəlirdilər, adımızı “İslam fundamentalistləri”, “ekstremistlər” qoymuşdular...  25 dekabr 2024-cü ildə hədəfə alınan təyyarədə həlak olan 38 nəfərə, yaralananlara görə utanıb-yerə girməkdənsə, üstümüzə gələnlər bir gün tarix qarşısında cavab verəcəklər! Siz Rusiyanın Azərbaycandakı səfiri, Aleksandr Nevski ordenli Mixail Yevdokimovun təyyarə olayı ilə bağlı başsağlığını, yaxud dəfn mərasimində iştirakını gördünüzmü?..

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR