Onlayn ictimai-siyasi qəzet
Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycana səfər etmiş əcnəbilərin 167,4 min nəfəri göstərilmiş xidmətlərdən narazı qalıb. Statistika Komitəsinin məlumatına əsasən, onların 36,5 min nəfəri avtobusla sərnişindaşıma xidmətlərindən gileylənib. 32,6 min nəfəri isə restoran və kafelərdəki xidmətlərdən narazı olub.
Taksi xidmətlərini 21,8 min nəfər bəyənməyib.
Metro nəqliyyatından narazı olanların sayı isə 10,5 min nəfər təşkil edib.
Yerləşmə xidmətlərindən narazı olanlar 15,1 min nəfər olub.
6,5 min nəfər turagentlərin (turoperatorların) xidmətlərini, 18,8 min nəfər bələdçi xidmətlərini, 25,6 min nəfər isə digər xidmətləri qənaətbəxş saymayıb.
Təkcə sentyabr ayında xidmətlərdən narazı qalanların sayı 19,6 min nəfər olub ki, onun da 4,1 min nəfərini avtobusla sərnişin daşıma, 1,2 min nəfərini metro nəqliyyatını, 2,5 min nəfərini taksi, 1,8 min nəfər yerləşmə xidmətləri, 4,1 min nəfərini ictimai iaşə, 888 nəfərini turagent xidmətləri, 2,1 min nəfərini bələdçi, 3 min nəfərini isə digər xidmətləri qənaətbəxş hesab etməyənlərdir.
Ceyhun Aşurov
Turizm eksperti Ceyhun Aşurov “Yeni Müsavat”a deyib ki, bu müddət ərzində Azərbaycana 2 milyona yaxın əcnəbi gəlib. Onun 150 minə yaxını narazı qalıb: “Əcnəbi turistlər ölkədə olan təhlükəsizlikdən, mətbəximizdən razıdırlar. Bu şeylər xoşa gələn məqamlardır. Lakin onlar birinci yerdə avtobusla sərnişin daşımasından şikayətçidirlər. Onların təxminən 30 mindən çoxu sərnişin daşınmasından gileylənib. İctimai iaşə xidmətlərindən də narazı qalanların da sayı yüksəkdir. Aydın məsələdir ki, turistlər bundan rahatlıqla istifadə edə bilmirlər. Bu da təbiidir. Çünki öz vətəndaşlarımız avtobus tapmaqda, ondan istifadə etməkdə çətinlik çəkir. Belə sıxlıq şəraitində hansısa əcnəbi ictimai nəqliyyatından istifadə edə bilərmi? Buna şərait yaratmaq üçün sıxlıq olan saatlarda avtobus və qatarların sayını artırmaq olar. Turistlər taksi xidmətinin qiymətindən razıdırlar. Sadəcə olaraq, oradakı komfort və sürücülərin münasibətindən narazıdırlar. Turistlərdən tam şəkildə razılıq almaq çətindir. Çünki 100 faizli müştəri məmnuniyyəti əldə etmək çətindir.
Lakin sərnişin daşınma ilə bağlı ciddi islahat aparmaq lazımdır. Ən böyük narazılıq bu sahədə olur. Turist gəzərək, bir yerdən başqa yerə hərəkət etmək istəyir. Təbii ki, ona rahat avtobus, yaxud taksi xidməti lazımdır. Turistlərlə işləyən kadrlara xüsusi təlimlər keçmək lazımdır. Eyni zamanda rəqabət mühiti artırılmalıdır. Rəqabət mühiti əsasında qiymət və xidmətlər optimallaşacaq.
Bu rəqəmlər bizə siqnal verir. Lakin ümumilikdə turizm bazarı bərpa olunur. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ölkəyə bu il gələn turistlərin sayında 20 faiz artım var. Amma biz hələ pandemiyadan öncəki göstəricilərə çatmamışıq. Düşünürəm ki, bu il də Azərbaycan turizmi üçün bərpa dövrü olacaq. Növbəti il üçün daha çox turistin qəbul olunmasına hazırlaşmalıyıq. COP29 günləri gəlir, ölkəmizə xeyli turist təşrif buyuracaq. Ciddi işlər görmək, müştəriləri məmnun etmək lazımdır".
Şahanə RƏHİMLİ,
Musavat.com
06 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ