İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünyada düyü həyəcanı - ölkələr ixracı dayandırır, Azərbaycanda vəziyyət necədir...

Qlobal bazarlardakı bahalaşmanın ölkənin ərzaq bazarına təsirinin azaldılması üçün düyü idxalından ƏDV-nin götürülməsi arzuolunandır

İyul ayı dünyada düyü böhranı ilə yadda qalır. Belə ki, iyulun 20-dən Hindistanın basmatı istisna olmaqla, qabığı təmizlənmiş düyü ixracını qadağan etməsi bütün dünyada panikaya səbəb olub: xüsusilə Avropada yaşayan asiyalılar kütləvi şəkildə marketlərə cumaraq, mümkün qədər çox düyü almaqla insanlar arasında təşvişə səbəb olurlar. Eyni mənzərənin yaşandığı ABŞ-də, Texas da daxil olmaqla, bəzi ştatlarda düyü satışına adambaşı 5 kq məhdudiyyət tətbiq edilib.

Hindistanın qabığı təmizlənmiş düyü ixracına qadağa qoymasından yaranan panika dünyanın bir sıra ölkələrində analoji addımların atılmasına gətirib çıxarıb. Hindistanın ardınca Birləşmiş Ərəb Əmirlikləri bu ilin sonunadək ölkədən düyü ixracı və reixracını qadağan edib. Ötən gün isə Rusiya baş naziri düyü və düyü ununun ixracına 2023-cü ilin 31 dekabrına qədər qadağa qoyub. Qadağa yalnız Avrasiya İqtisadi İttifaqı üzvlərinə, Abxaziya və Cənubi Osetiyaya şamil olunmur.

Dünya düyü ixracında kifayət qədər yeri olan Pakistan Hindistandan daha əvvəl ölkədə istehsal 30 faizdən çox azaldığı üçün düyü ixracına məhdudiyyətlər qoyub.

Məlumat üçün bildirək ki, Hindistan dünya düyü ixracının 40 faizini reallaşdırır. 2022-2023-cü il mövsümündə Hindistan dünya bazarına 21,5 milyon ton həcmində düyü ixrac edib. Dünyanın 140 ölkəsinə reallaşdırılan bu ixracdan 10 milyard dollara yaxın gəlir əldə olunub. İxracı qadağan olunan düyü növləri ümumi ixracın 25 faizini təşkil edir.

Ötən ilin sentyabrında Hindistan hökuməti eyni növ düyünün ixracına 20 faiz əlavə rüsüm tətbiq etmişdi. Məqsəd ixracın azalmasına, ölkədə qiymətlərin sürətli artımının qarşısının alınmasına nail olmaq idi. Lakin əlavə rüsuma rəğmən bu ilin aprel-iyununda Hindistandan təmizlənmiş düyü ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 35 faiz çox olub. Hindistan hökuməti son 3 ayda düyünün daxili qiymətində müşahidə edilən 15 faizlik bahalaşmadan sonra ölkənin ərzaq bazarında stabilliyi qorumaq üçün məlum qadağanı tətbiq edib.

Hindistandan düyü ixracını stimullaşdıran əsas amil dünya bazarında bu məhsulun qiymətində müşahidə olunan bahalaşma ilə bağlıdır. Son bir ildə düyünün qlobal bazar qiyməti 11,5 faiz artıb. İyul ayında isə qiymətlər 7 faizədək bahalaşmaqla 1 ton üçün 550 dolları keçib. Asiya-Sakit Okean regionunda birjalarda düyünün qiyməti rekord həddə çatıb. İyulun sonuncu həftəsi ağ tay düyüsünün 1 tonu 575 dollara çatıb. Bu, 2020-ci ilin aprelindən bəri ən yüksək qiymətdir.

Dünya bazarındakı bahalaşma qlobal iqlim şərtlərinin əsas düyü istehsalçılarında məhsuldarlığa mənfi təsirindən başlayıb. 2022-2023-cü il mövsümündə Asiyanın nəhəng düyü istehsalçı, istehlakçı və ixracatçısı olan ölkələrin hamısında kəskin quraqlıq düyü istehsalına mənfi təsir göstərib. Bu baxımdan Hindistanda vəziyyət daha kəskin olub - düyü istehsalında 10 faizə yaxın azalma baş verib. Bu, bütün dünyada düyünün bahalaşmasına səbəb olub. Belə qiymət əlverişliliyi şəraitində daxili bazarda qiymətləri qorumaq üçün hökumətin ixraca əlavə rüsum tətbiq etməsi də ixracın qarşısını ala bilməyib. Hindistanın ixrac məhdudiyyətləri ondan düyü alan qonşularda da problemlərə səbəb olub. Öz məhsulunu ixraca yönəldərək daxili tələbatı Hindistan düyüsü ilə təmin edən Tailandda görünməmişı quraqlıq yerli istehsalı aşağı salıb, nəticədə qiymətlər daha sürətlə artır.

2022-2023-cü il mövsümündə Hindistan 21,5 milyon ton(17 milyon tonu basmatı), Tailand 8,5 milyon ton, Vyetnam 6,8 milyon ton, Pakistan 3,8 milyon ton, Burma 2,4 milyon ton, Çin 2,2 milyon ton, ABŞ 2,045 milyon ton düyü ixrac edib.

Dünya əhalisinin yarıdan çoxunun qida rasionunda düyü ən yüksək paya malikdir. Dünya əhalisinin qida istehlakının 20 faizi düyünün, 19 faizi buğdanın, 5 faizi qarğıdalının payına düşür. Asiya qitəsində adambaşına illik düyü istehlakı 58 kq təşkil edir. Müqayisə üçün qeyd edək ki, Avropada bu göstərici 3 kiloqrama bərabərdir.

Dünyada düyü istehlakının 90 faizi onun istehsalında lider olan Cənub-Şərqi və Şərqi Asiya ölkələrinin (Çin, Hindistan, İndoneziya, Tailand və s.) payına düşür. Qlobal iqlim dəyişikliyinin təsirinə daha çox məruz qalan region ötən ildən böyük quraqlıq yaşayır.

Fitch Solutions beynəlxalq reytinq agentliyinin araşdırmasına görə, 2023-cü ildə qlobal düyü bazarı son 20 ildə ən böyük tədarük çatışmazlığı ilə üzləşəcək. Agentliyin məlumatına görə, bu il qlobal bazarlara tələbatdan 8,7 milyon ton az düyü çıxarılıb. Bu, qlobal bazarda 18,6 milyon ton çatışmazlığın yaşandığı 2003-2004 mövsümündən bəri ən böyük düyü qıtlığıdır.

Düyü Azərbaycan əhalisinin qida rasionunda kifayət qədər çəkisi olan məhsuldur. Dövlət Statistika Komitəsinin tərtib etdiyi ərzaq balansından aydın olur ki, Azərbaycan əhalisinin illik düyü istehlakı fondu 63-64 min ton ətrafındadır. Ölkədə adambaşına illik düyü istehlakı 6,3 kq təşkil edir.

Ölkənin ümumi düyü ehtiyatları illik 75 min civarında hesablanır. Bu həcmin təxminən 10 min tonu qalıq kimi yeni ilə keçən ehtiyatlardır. Azərbaycanın düyü ilə təminatının 80 faizə yaxını idxal hesabına həyata keçirilir. İllik düyü idxalı orta hesabla 50 min ton təşkil edir. Yerli düyü istehsalı 10-11 min ton civarındadır.

Azərbaycan 2021-ci ildə düyünün 1 tonunu 725,3 dollara, 2022-ci ildə isə 842 dollara idxal edib. Bu ilin 6 ayında düyünün idxal qiyməti 892 dollara qədər bahalaşıb. Belə ki, Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına görə, 2023-cü ilin yanvar-iyun aylarında ölkəyə 32,5 milyon ABŞ dolları dəyərində 36,43 min ton düyü idxal edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə düyü idxalı dəyər ifadəsində 22,1 faiz, həcm ifadəsində isə 15,3 faiz artıb.

Dövlət Statistika Komitəsinin hesablamalarına əsasən, son 6 ildə Azərbaycanda düyü istehsalı azalıb. Belə ki, 2015-ci ildə ölkədə 15,9 min ton təmizlənmiş düyü istehsal edilib, 2021-ci ildə isə bu rəqəm 10 min tona enib. Yəni 36,7 faiz azalma olub. 2018-ci ildə Azərbaycanda “Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı” qəbul edilib. Sənəddə Dövlət Proqramının məqsədi olaraq ölkə əhalisinin düyüyə olan tələbatının daha dolğun ödənilməsi, idxalın əvəzlənməsi, çəltik emalı sənayesinin inkişaf etdirilməsi və kənd əhalisinin məşğulluq səviyyəsinin yüksəldilməsi üçün ölkədə çəltikçilik sahəsinin inkişafını stimullaşdırmaq göstərilib. Qeyd olunub ki, Dövlət Proqramının icrası nəticəsində 2025-ci ildə orta məhsuldarlıq 40,0 s/ha olmaqla çəltik əkini sahələri 10 min hektara, istehsalın həcmi 40 min tona çatdırılacaq. Artıq 2023-cü ildir və çəltik əkini sahələri 3,5 min hektara belə çatmır, istehsal isə 11 min tondur.  Dövlət çəltik əkinlərinin hər hektarına görə 360 manat subsidiya ödəyir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, iyun ayında yerli uzunsov düyünün bir kiloqramının pərakəndə satış qiyməti orta hesabla 5,3 manat, xaricdən gətirilən analoji düyünün isə 4,06 manat təşkil edib. May ayı ilə müqayisədə qiymətlər çox dəyişməyib. Lakin qlobal bazarda gedən bahalaşma prosesinin ölkəmizdə çox tezliklə hiss olunacağı gözlənilir. Təcrübədən bəllidir ki, qlobal bazarda bu və ya digər məhsulun qiymətindəki bahalaşma istiqamətli dəyişikliklər Azərbaycan bazarında dərhal hiss olunur. Bu dəfə bahalaşmadan əlavə, əsas idxal bazarından ixracın məhdudlaşdırılması amili də var. Belə ki, Azərbaycanın düyü idxalında Hindistanın payı 88,4 faiz təşkil edir. Rəsmi statistikaya əsasən, bu ilin 5 ayında Azərbaycan xaricdən 29 milyon 690,76 min dollar dəyərində 33 min 97,31 ton qabığı yarı təmizlənmiş və ya qabığı tam təmizlənmiş, pardaxlanmış və ya pardaxlanmamış düyü idxal edib. Bunun 26 milyon 462,44 min dollar dəyərində 29 min 254,76 tonu Hindistandan gətirilib. 2022-ci il ərzində xaricdən alınan 50 min ton düyünün 37,6 min tonu Hindistandan, 5,6 min tonu Qazaxıstandan, 4,1 min tonu Rusiyadan, 1072 tonu Pakistandan, 1224 tonu Tailanddan,  reallaşdırılıb. Ötən il ərzində Azərbaycandan xaricə 9,9 ton düyü ixrac olunub.

Göründüyü kimi, Azərbaycanın düyü idxalında mühüm payı olan 3 ölkədə bu məhsulun ixracı qadağan edilib: Hindistan, Pakistan və Rusiya.

Azərbaycan hökuməti cari ilin ikinci yarısında ölkədə inflyasiya proseslərini nəzarətə götürməklə illik inflyasiyanı birrəqəmli həddə endirmək niyyətindədir. Bu baxımdan qlobal bazarlardakı bahalaşmanın ölkənin ərzaq bazarına təsirinin azaldılması üçün düyü idxalından ƏDV-nin götürülməsi arzuolunandır və bu ehtimal böyükdür.

Dünya SAKİT,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR