İnsanlara hürriyət, millətlərə istiqlal!

Dövlət Komitəsi: "Məscidlərin təmiri və inşası Heydər Əliyev Fondunun prioritet istiqamətlərindəndir"

"Bu gün Azərbaycanda dövlət-din münasibətləri Azərbaycan Respublikasının Konstitusiyası, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının qanunu, habelə digər normativ aktlara əsasən tənzimlənir. Ölkəmizdə dövlət dinlər arasında dialoqa həmişə böyük əhəmiyyət verib".


Musavat.com xəbər verir ki, bunu “Yeni Müsavat”ın sorğusuna cavab olaraq Dini Qurumlarla İş üzər Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib.  Cavabda qeyd edilir ki, xalqımızın dini-mədəni irsinin qorunub saxlanması, inkişaf etdirilməsi, din və vicdan azadlığının təmin olunması, dövlət-din münasibətlərini tənzimləyən qanunvericiliyin müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsi, dini abidələrin, məscidlərin, ibadət evlərinin təmir və bərpa olunması, hər bir şəxsin dini ehtiyaclarının ödənilməsinə zəruri şəraitin yaradılması dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir.

Azərbaycan tarixən müxtəlif inancların, fərqli dini konfessiyaların birgə və əmin-amanlıq şəraitində yaşadığı ölkədir. Respublikamızda kilsələr, sinaqoqlar, məscidlər və müxtəlif dini məbədlər fəaliyyət göstərir".

Komitədən o da bildirilir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev vətəndaşların dini etiqad azadlığının təmin olunması ilə bağlı məsələlərə xüsusi diqqət və həssaslıqla yanaşır. Ötən müddətdə ölkədə bir çox yeni ibadət yerləri, o cümlədən məscid, kilsə və sinaqoqlar inşa edilin, əsaslı təmir və ya bərpa olunub. Təsadüfi deyildir ki, 30 il Ermənistanın işğal altında saxladığı ərazilərimiz azad edildikdən sonra burada həyata keçirilən quruculuq işlərinin əsas istiqamətlərindən biri dini ibadət yerlərinin bərpası və təmiri ilə bağlıdır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi ​Heydər Əliyev Fondu Azərbaycanın mədəni və dini irsinin qorunması və bərpası sahəsində mühüm layihələr həyata keçirir. Azad edilmiş ərazilərdə məscidlərin təmiri və inşası da Fondun fəaliyyətinin prioritet istiqamətlərindəndir. Şuşa şəhərində Yuxarı Gövhərağa, Aşağı Gövhərağa, Saatlı, Mamayı və Çöl Qala məscidləri, Ağdam şəhərində Cümə məscidi və Zəngilan şəhərindəki məscid Heydər Əliyev Fondu tərəfindən əsaslı şəkildə bərpa edilib, eyni zamanda yeni məscidlər də tikilir. Fondun dəstəyi ilə ölkə üzrə bir çox tarixi-memarlıq və dini abidələr bərpa edilib, o cümlədən Bakıda məscidlər, kilsələr və sinaqoqlar təmir olunub.

Eyni zamanda məlumat üçün bidliririk ki, Azərbaycanda hazırda 2386 məscid mövcuddur.

İslamda namazın məsciddə qılınması bəyənilən əməllərdən hesab olunur. Lakin uzaqda yaşayan və azanı eşitməyənlər məscidə getmək məcburiyyətində deyildir.
Dinimizdə məscidlərin sayı, ölçüsü, aralarındakı məsafə haqqında hər hansı tövsiyə mövcud deyildir". 

Komitəyə ünvanladığımız suallar bunlar idi: Azərbaycanda məscidlərin sayı Qırğızıstanda olduğu qədər çoxdurmu və bir-birinə yaxındırmı? Ölkəmizdə məscid çatışmazlığı varmı? İslam onlar arasında minimum məsafə barədə nə deyir? Şəriətdə belə hökm varmı?

Qeyd edək ki, Qırğızıstanın Dini Qurumlarla İş üzrə Dövlət Komissiyası əhalinin məskunlaşdığı yerlərdə məscidlərin, ibadət evlərinin və digər dini obyektlərin sayına məhdudiyyət qoyulmasını təklif edib.

Hazırlanmış qanun layihəsinə görə, dini tikililər arasında məsafə ilə bağlı dəqiq standartların tətbiqi təklif edilir. Şəhərlərdə və rayon mərkəzlərində onlar bir-birindən ən azı dörd kilometr məsafədə olmalıdır. Kənd rayonlarında məscidlər bir-birindən ən azı üç kilometr, kiçik kəndlərdə iki kilometr məsafədə yerləşməlidir. Sənəd qüvvəyə minməzdən əvvəl tikilmiş dini binalar sökülməyəcək və məhdudiyyətlərə məruz qalmayacaq.

 

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR