İnsanlara hürriyət, millətlərə istiqlal!

Dmitriyevin bu görüşü dünyanı dəyişdirəcək: ABŞ ilə nə sözləşildi?

"Rusiya prezidenti Vladimir Putinin investisiya üzrə nümayəndəsi Kirill Dmitriyev, Vaşinqtonda ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkoffla görüşüb. Bu, Ukrayna müharibəsi başlayandan sonra yüksək rütbəli rusiyalı rəsminin ABŞ-a ilk səfəri kimi qiymətləndirilir".

Musavat.com bildirilir ki, bu barədə politoloq Zeynal Əmrəliyev deyib.

Politoloq qeyd edir ki, Dmitriyev, Tramp komandasındakı bir neçə əsas fiqurla sıx əlaqələrə malikdir. Bu isə Putinin Dmitriyevi xüsusi elçi təyin etməsinin təsadüfi olmadığını göstərir:

"Eyni zamanda, iqtisadiyyatdan yaxşı anlayışının olması, hansı riskləri gözə alacağını yaxşı müəyyənləşdirməyə imkan verir. Lakin ən maraqlı fakt, Kiril Dmitriyevin dövlət başçısının qızları ilə ailəvi münasibətinin olmasıdır.

ABŞ-nın iqtisadi-maliyyə dairələri ilə dərin əlaqələrə malik olan Dmitriyev, Vaşinqtonda keçirdiyi görüşdə ölkəsinin mövqeyini amerikalı rəsmilərə çatdıra bilib. Rusiyanın bu dəfəki mövqeyinə baxdıqda, yumşalma daha aydın hiss olunur. Məsələn, görüşdən sonra Dmitriyev verdiyi açıqlamada bəyan edib ki, ABŞ-nın yeni administrasiyası onlara anlayışlı yanaşır. Kreml, Kiril Dmitriyevi Vaşinqtona göndərərkən ondan əsas gözləntisi, Ukraynadakı müharibə ilə bağlı maksimum güzəştə nail olmaq, ölkəsinə üzərinə qoyulmuş ağır sanksiyaların qaldırılmasını təmin etmək və ABŞ-dan Rusiyaya sərmayə cəlb etməkdir. Dmitriyev verdiyi açıqlamada ABŞ şirkətlərinin, Rusiyanı tərk etmiş Avropa şirkətlərinin yerini tutmaqda maraqlı olduğunu bildirdi.

Fürsətdən istifadə edən rusiyalı nümayəndə, COVID-19 pandemiyasından əvvəl həyata keçirilən və Ukraynada müharibənin başlanması ilə bərpa edilməyən ABŞ-Rusiya təyyarə reysinin bərpasının vacibliyini də diqqətə çatdırıb. Rusiya iqtisadiyyatında son zamanlar yaranan çətinliklər, Mərkəzi Bank və hökumət arasında yaranan narazılıq, ölkəyə yeni investisiya qoyuluşunu ön plana çəkir. Görünür, qalıcı atəşkəs üçün Rusiyanın ilkin şərtlərindən biri də məhz bu olacaq.

Bununla yanaşı, Dmitriyev ölkəsinin güzəştə getməyə hazır olduğu barədə də ehtimal vurub. "Fox News"a müsahibəsində Dmitriyev, Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsinin mümkünlüyündən danışıb. O, bildirib ki, Ukrayna üçün bəzi təhlükəsizlik təminatları “məqbul sayıla bilər”.

Dmitriyev, Ukraynanın Rusiyanın enerji obyektlərinə hücum etdiyini, əvvəl əldə edilmiş razılaşmanı pozduğunu iddia edib. Lakin buna baxmayaraq, Ağ Evdə keçirdiyi danışıqların "müsbət notla" başa çatdığını vurğulayıb. Görüşün ən maraqlı tərəflərindən biri də Ukraynanın tələb etdiyi təhlükəsizlik təminatına dair Rusiyanın mövqeyində hiss edilən dəyişiklikdir. Dmitriyevin sözlərinə görə, Kreml Kiyevin təhlükəsizliyinin təmin edilməsi variantlarını müzakirə etməyə hazırdır. Lakin bu zəmanətlərin nədən ibarət ola biləcəyini açıqlamayıb. Eyni zamanda, o, Ukraynanın NATO-ya daxil olmasını “tamamilə qeyri-mümkün” adlandırıb. Xüsusi nümayəndənin bu mövqeyi, təmsil etdiyi dövlətin əvvəlki mövqeyindən xeyli fərqlənir. Bu məsələ ilə bağlı, bu günə qədər istər prezident Vladimir Putin, istərsə də xarici işlər naziri Sergey Lavrov sərt mövqe nümayiş etdiriblər.

Bu və digər mövzularla bağlı verilən açıqlamalardan aydın olur ki, görüş müsbət atmosferdə keçib. Bu isə yaxın gələcəkdə ABŞ və Rusiya liderləri arasında yeni görüşün keçirilməsi və ikitərəfli münasibətlərin bərpası şansını daha da artırır".

Xalidə Gəray,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR