İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan məhəlləsi Bakı ilə Ankara arasında birliyi daha da möhkəmləndirir

Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanındadır. Ötən gün Kahramanmaraşda istifadəyə verilən Azərbaycan məhəlləsi bu birliyi, qardaşlığı daha da möhkəmləndirdi.

Bu fikirləri Musavat.com-a Milli Məclisin deputatı Nigar Məmmədova bildirib.

NİGAR SON.jpeg (299 KB)

Deputat vurğulayıb ki, dünyadakı və regiondakı dəyişən reallıqlardan asılı olmayaraq, iki qardaş ölkənin prioritetləri dəyişmir:

“Cənab Prezidentin açılış mərasimində bəyan etdiyi kimi, “bu gün Türkiyə-Azərbaycan qardaşlığı, birliyi nəinki bölgəmiz üçün, dünya miqyasında önəmli amildir, təhlükəsizlik, işbirliyi, inkişaf və qardaşlıq rəmzidir”.

2023-cü il fevralın 6-da baş verən dəhşətli zəlzələ zamanı, qardaş Türkiyəyə göndərilən xilasedicilərin sayına görə Azərbaycan ilk sırada idi. İlk yardım əlini uzadan ölkə də məhz Azərbaycan olub. Bu, Azərbaycan-Türkiyə arasında əbədi dostluğun bariz bir nümunəsidir.

Baş vermiş dəhşətli zəlzələlərin ardından Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə Türkiyəyə dərhal axtarış-xilasetmə dəstələri, tibbi heyətlər, könüllülər, eləcə də müxtəlif təyinatlı humanitar yardımlar göndərildi. “Fəlakət xəbərini alar-almaz “Səninləyəm, Türkiyəm!” deyərək qardaş köməyi başladan, avtomobilinin tavanına varını-yoxunu yığaraq millətimizə kömək etməyə çalışan, duaları, dəstəkləri, səmimi göz yaşları ilə kədərimizi bölüşən Azərbaycan xalqının həmrəyliyini heç vaxt unuda bilmərik və unutmayacağıq” deyən Türkiyə prezidenti ölkəmizin yardım səfərbərliyinə verdiyi böyük töhfəni yüksək qiymətləndirdi”.

Nigar Məmmədova xatırladıb ki, bir çox ölkədə olduğu kimi, Türkiyədə də bir neçə il əvvəl baş verən meşə yanğınları zamanı da ilk hərəkətə keçən Azərbaycan oldu:

“Cənab Prezident Türkiyə lideri ilə bir neçə dəfə telefonla danışdı və qısa zaman içərisində biz həm əlavə heyət, həm də maşınlar göndərdik.

Azərbaycanın cəmi bir amfibiya təyyarəsi var və o da təmirdə idi. Dövlət başçımızın təlimatına əsasən, 2 ay davam etməli olan təmir çox sürətlə, cəmi 1 həftəyə yekunlaşdı və yardım üçün göndərildi. Ümumilikdə Azərbaycandan Türkiyəyə 93 yanğınsöndürən maşın, 700-dən çox yanğınsöndürən yola salındı.

Yanğınsöndürənlərimiz də orada çox cəsarətlə əllərindən gələni etdilər. Təbii ki, bu dəstək qarşılıqlı xarakter daşıyır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev hər zaman vurğulayır ki, ikinci Qarabağ savaşında qardaş Türkiyənin mənəvi dəstəyi 44 günlük müharibədə bizim gücümüzə güc qatdı. Zəfərdən sonra imzalanan tarixi Şuşa Bəyannaməsi isə əlaqələrimizi ən yüksək səviyyəyə qaldırdı.

Ötən gün Kahramanmaraşda istifadəyə verilən Azərbaycan məhəlləsi zəlzələdən sonra aparılan bərpa-quruculuq işlərinə Azərbaycanın töhfəsi, əsl qardaş dəstəyidir. Bakı və Ankara hər addımda “bir millət, iki dövlət” olduğunu, sevincli gündə də, çətin gündə də bir-birinin yanında olduğunu sübut edir. Dövlət başçılarımızın da söylədiyi kimi, bu birlik bizi daha da gücləndirir”.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR