İnsanlara hürriyət, millətlərə istiqlal!

İran quyudan neçə ilə çıxa bilər - sensasion təhlil

Savaş bütün dünyaya təhdiddir; Tramp ABŞ-ı nə müharibəyə soxa, nə böhranı aradan qaldıra bilir - Bakıdan reaksiyalar...

İsrailin İrana hava zərbələri ilə başlayan qarşıdurmalar davam edir. İsrailin baş naziri Benyamin Netanyahu vurğulayıb ki, zərbələr artıq İranın nüvə proqramını 5-7 il geriyə qoyub. Amma bu, kifayət deyil, çünki rejim yerində qalsa, yenə sıfırdan başlayacaq. Məhz buna görə də İsrail İranı tərk-silah etmək imkanlarına təkcə texnoloji tapşırıq kimi deyil, həm də regionu nüvə şantajından azad etmək missiyası kimi baxır.

Qərb ekspertlərinə görə, İran rəhbərliyi texnoloji və strateji baxımdan uduzub, nüvə proqramının infrastrukturu məhv edilib, layihə ən azı beş il ləngiyib, bir çox aparıcı alimlər sıradan çıxarılıb, laboratoriyalar dağıdılıb, logistika marşrutları məxfilikdən çıxarılıb. Ekspertlər İsrailin hücumları qarşısında İranın imkanlarını məhdud hesab edirlər. İranın cavab variantlarına İsrailə raket və pilotsuz təyyarələr göndərmək, Hörmüz körfəzində ticarəti kəsmək, Səudiyyə Ərəbistanının neft emalı zavodlarına zərbələr endirmək və regiondakı Amerika hərbi bazalarına zərbələr endirmək daxildir. “İran xalqı məcburi sülhə qarşı möhkəm dayandığı kimi, zorakı müharibəyə qarşı da möhkəm dayanacaq və bu xalq zorakılıq qarşısında heç kimə təslim olmayacaq”. Bunu İranın dini rəhbəri Əli Xamneyi son videomüraciətində deyib. “İranı, İran xalqını və onun tarixini bilən ziyalı insanlar heç vaxt bu xalqla təhdid dili ilə danışmazlar, çünki İran xalqı təslim ola bilməz və amerikalılar bilməlidir ki, ABŞ-ın hər hansı hərbi müdaxiləsi, şübhəsiz ki, bərpaolunmaz ziyana səbəb olacaq”, - o əlavə edib.

İran İsraillə mübarizədə tərəfdaşlarından əməli dəstək gözləsə də, nəticə yoxdur. Tehranın ən yaxın iki tərəfdaşı - Rusiya və Çin, sadəcə, müharibə əleyhinə bəyanatlarla kifayətləniblər, onlar İranı ağır durumdan çıxaracaq istəkdə deyillər. Vaşinqton və Brüssel hələ də qəti mövqe sərgiləyə bilmir. Tramp ABŞ-ı nə müharibəyə soxa, nə böhranı aradan qaldıra bilir. Bu gün regionun transformasiya astanasında olduğu bir vaxtda Azərbaycan kimi ölkələrin kənarda qalmaması vacibdir. İsrail ekspertləri əmindir ki, İran təhdid olmaqdan əl çəksə, yeni təhlükəsizlik arxitekturası yaranacaq və Azərbaycan burada əsas yeri tutacaq.

Bu arada rusiyalı ekspert Vitali Arkovun dedikləri də maraqlıdır. “İlk növbədə Qərbdə Azərbaycanla İran arasında gərginlik yaratmağa çalışılır. Bakı ilə Tel-Əviv arasında guya məxfi razılaşma var ki, molla rejiminin süqut edəcəyi təqdirdə İranın monolit dövlət kimi mövcudluğuna son qoyulacaq və o zaman Bakı Güney Azərbaycan adlanan ərazi üzərində nəzarəti ələ keçirə bilər”, - deyə o bildirib.

Yaşanan gərginliklərin fonunda dezinformasiyalar, gərginliyi tətikləyən açıqlamalar da dövriyyəyə buraxılıb. Xüsusilə də rəsmi Bakının təmkinli mövqeyi bir sıra mərkəzləri qane etmədiyi üçün ölkəmizi də hədəfə çıxartmaq istəyirlər. Bir çoxları anlamır ki, İsrail-İran savaşı təkcə region üçün deyil, dünyaya təhdiddir. Bəs bizim ekspertlər necə düşünür: iddiaların əsası varmı? Baş verənlərə ölkəmizin və xalqımızın münasibəti necə olmalıdır?

Deputat Sahib Alıyev seçki dairəsini dəyişdi | Modern.az

 Sahib Alıyev 

Deputat Sahib Alıyev “Yeni Müsavat”a bildirdi ki, Azərbaycanda dövlət də, cəmiyyət də İranda baş verənləri dərin narahatlıq hissi ilə izləyir: “Çünki orada bizim on milyonlarla soydaşımız yaşayır. Amma çox təəssüflə qeyd edirəm ki, aparılan savaş heç də tez başa çatana oxşamır. Və belə görünür ki, burada məqsəd təkcə İranın nüvə proqramını sıradan çıxarmaq deyil. Bu isə ölkənin içində böyük qarşıdurmalara, çoxlu qan tökülməsinə apara bilər”. S.Alıyev qeyd etdi ki, ki, savaş uzandıqca humanitar fəlakət təhlükəsi də artır: “Bizi ilk növbədə bunlar düşündürür. "Ekspert" adı ilə Azərbaycana qarşı hibrid savaşa cəlb olunan ünsürlərin Güney Azərbaycanla bağlı dediklərinə gəldikdə, bu, informasiya təxribatıdır. Rusiyada da, Ermənistanda da, elə İranın özündə də bilməmiş deyillər ki, hazırda bizim gündəliyimizdə bir məsələ var - Güney Qafqazda dayanıqlı sülhün təmin edilməsi. Bu isə Qərbi Azərbaycan probleminin həllindən, yəni cənab İlham Əliyevin ombudsmanların Bakıda keçirilən Beynəlxalq Simpoziumunun iştirakçılarına müraciətində yer alan fikirdən də göründüyü kimi, öz yurdlarından deportasiya olunmuş soydaşlarımızın geri dönmələrindən keçir".

Barassociation.az - Mətbuat səhifələrindən - “Ölkə rəhbərliyi vəkillik  institutuna dəyər verir” – Sahib Məmmədov

Sahib Məmmədov

Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru Sahib Məmmədov da hesab edir ki, İsrail tərəfindən başlanan hava zərbələri və İranın uzaqmənzilli ballistik raketlərdən, PUA və dronlardan istifadə edərək cavab tədbirləri həyata keçirməsi nəinki region üçün, həm də qlobal səviyyədə təhdidlər yaradır: “Bu baxımdan İranla qonşu olan, həmçinin İsraillə xoş münasibətlərdə olan Azərbaycanın Xarici İşlər Nazirliyi gərginliyin qarşısının diplomatik yollarla alınmasını dəstəkləyib. Başlanmış müharibənin davamlı xarakter alması çox ciddi risklər, o cümlədən humanitar fəlakət riski yaradır. İsrail ABŞ-ın müasir silahlarından, o cümlədən "F-35" təyyarələrindən istifadə etməklə İranın hava məkanıda üstün mövqe əldə edib. Amma İran da uzaqmənzilli ballistik raketlərə malikdir və son hadisələr onu göstərdi ki, İsrailin "Dəmir qübbə"si təqdim olunduğu kimi effektiv deyilmiş. Netenyahu hökuməti hər cəhdlə ABŞ-ı münaqişəyə bilavasitə cəlb etməyə səy göstərir. Bu isə region üçün yaxşı heç nə vəd vermir". S.Məmmədov bildirdi ki, artıq Beynəlxalq Atom Enerjisi Agentliyi İsrailin ağır bombalarla zədələdiyi obyektlərin ən azı ikisində nüvə sızmasının müşahidə olunduğunu qeyd edib: “İsrail bu obyektlərdən xeyli uzaq məsafədədir deyə, özünə qarşı təhlükə görmür. Amma sızmanın artması ciddi radioaktiv tullantıların olmasına gətirə bilər. İran əks-tədbirlərini davam etdirəcəyini bəyan edib”. Rusiya və Çinin mövqeyinə gəlincə, S.Məmmədov qeyd etdi ki, Rusiyanın İranla hər hansı hərbi müttəfiqliyi, yəni təcavüz halında hərbi yardım öhdəliyi yoxdur: “Bu baxımdan Rusiya bəyanat verməklə yanaşı, BMT Təhlükəsizlik Şurasında İranı ciddi şəkildə dəstəklədi. Çin isə xarici siyasətində həmişə təmkinlidir. Görünür, hadisələrin gedişatını gözləyir”. STM icraçı direktorunun sözlərinə görə, İsrailin və ABŞ-ın İranda hakimiyyəti devirmək planı nə dərəcədə uğurlu olacaq, bunu proqnozlaşdırmaq çətindir: “Öldürülən hərbi rəhbərlər dərhal əvəz edilir. Yəni kiminsə sıradan çıxarılması hələ rejimin dəyişməsi kimi qiymətləndirilə bilməz”. S.Məmmədov Azərbaycanın mövqeyini də təqdirlə vurğuladı: “İranı parçalamaq, ölkə daxilində etirazlar dalğası yaratmaq da asan olmayacaq. Ona görə də ən yaxşısı Azərbaycan dövlətinin təklif etdiyi kimi, problemin diplomatik yolla həll edilməsidir. İran dinc məqsədlər üçün uranın saflaşdırılmasını dayandırarsa və beynəlxalq müşahidəni tam təmin edərsə, o zaman İsrailin təhlükəsizliyi təmin oluna bilər. Yaranmış vəziyyətdə Azərbaycan real vasitəçi rolunda çıxış edə bilər, nəzərə alsaq ki, hər iki münaqişə tərəfi ilə yaxşı münasibətlərdədir.

Mənim qənaətimə görə açıq görünməsə də, Azərbaycanın bu istiqamətdə səyləri mövcuddur. Ümid edək ki, yalnız hərbi obyektlərin deyil, mülki obyektlərin dağılması ilə müşahidə oluna bu münaqişə tezliklə dayanacaq və tərəflər diplomatik yolla problemin həllinə başlayacaqlar. O ki qalda ayrı-ayrı "ekspertlər"in Azərbaycanla İsrail arasında gizli sövdələşməsi barədə dedikləri, əlbəttə ki, absurddur. Heç kəs ölkəmizdən İrana qarşı nə hərbi, nə siyasi, nə ideoloji, nə də iqtisadi basqı məqsədilə platsdarm kimi istifadə edə bilməz və bunu Azərbaycan dövləti rəsmən bəyan edib".

E.PAŞASOY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR