Onlayn ictimai-siyasi qəzet
Son günlərdə Yaxın Şərqdə baş verənlər bir daha göstərdi ki, müasir müharibələr təkcə texnologiya üzərində qurulmur, həm də strateji çeviklik və informasiya üstünlüyü tələb edir.
Musavat.com xəbər verir ki, İranın İsrail ərazisinə endirdiyi son raket zərbələri bir çox beynəlxalq hərbi müşahidəçi üçün gözlənilməz nəticələr doğurdu: illərlə “keçilməz qalxan” kimi təqdim olunan “Dəmir Qübbə” (Iron Dome) hava hücumundan müdafiə sistemi bəzi raketləri qarşısına ala bilmədi. Rəqəmlərə baxanda atılan raketlərin 90 faizinin vurulduğu görünür, amma geri qalan 10 faiz hədəflərə çatıb.
İran ordusu son hücumlarda müxtəlif tipli raket və pilotsuz uçuş aparatlarından ibarət hibrid hücum doktrinası tətbiq etdi. Xüsusilə ballistik trayektoriyaya malik “Fateh-110”, “Zolfaghar”, “Shahab-3” kimi raketlər müasir naviqasiya sistemləri ilə təchiz edilib. Bu raketlərin dəqiqliyi və sürəti əvvəlki illərə nisbətən nəzərəçarpacaq dərəcədə artırılıb.
Belə raketlərin bəzi modelləri müasir radar sistemləri tərəfindən gec aşkarlanır, çünki onlar aşağı trayektoriya ilə uça, sürətli fazalarda manevr edə və son mərhələdə radarları aldada bilirlər. “Fateh-110”, “Zolfaghar” ilə İranın İsraili vurması mümkün deyil. Çünki məsafə uzaqdır. Amma “Zolfaghar” İranın qərb sərhədlərinə yaxın nöqtələrdən atılsa, İsrailin şimal hissələrini vurmaq mümkündür. İran İsrailə “Kheibar Shekan” raketindən də istifadə edib. İran İsrailin müdafiə sistemlərini aşmaq üçün bu raketin manevr qabiliyyətindən istifadə edilib. Belə ki, İran bu raketi ABŞ və İsrailə əleyhinə xüsusi olaraq istehsal edib.
“Kheibar Shekan” İranın yeni nəsil orta mənzilli ballistik raketidir və təqribən 1,450 kilometr məsafəyə qədər hədəfləri vura bilir. Bu raket qatı yanacaqla işləyir, yüksək sürətə malikdir və trayektoriya boyunca manevr edə bildiyi üçün hava hücumundan müdafiə sistemlərini aşmaq qabiliyyətinə malikdir. İran onu İsrail və regiondakı ABŞ bazalarına qarşı strateji üstünlük kimi təqdim edir.
İran “Fəttah” hipersəsli raketlərindən də real döyüş şəraitində istifadə edib və bunlar İsrailə qarşı (18 iyun) bir neçə mərhələli genişmiqyaslı hücumlarda tətbiq olunub. Bu, İranın raket texnologiyasının taktiki mənada necə sınağa çəkildiyini göstərir və İsrailin müdafiə sistemlərinin effektivliyini yenidən test edir.
“Fəttah” (Fattah) raketi İranın ilk hipersəsli ballistik raketi kimi təqdim olunur və sürəti Mach 13–15 (saatda təxminən 15,000–18,000 km) civarındadır. Bu raket havada manevr edə bildiyi üçün onu mövcud hava hücumundan müdafiə sistemləri, o cümlədən “Dəmir Qübbə” kimi sistemlər üçün izləmək və vurmaq çox çətindir. “Fəttah” raketinin uçuş məsafəsi təxminən 1400 km olaraq göstərilir, yəni İrandan İsrailə rahat çata bilir. İran bu raketi strateji balansı dəyişə biləcək silah kimi təqdim edir və onun əsas məqsədi sürət, dəqiqlik və müdafiə sistemlərindən yayınmaq bacarığı ilə düşməni çaşdırmaqdır. Raketin hələ döyüş şəraitində sınaqdan keçirilmədiyi bildirilir, lakin təbliğat baxımından İran üçün böyük önəm daşıyır.
“Dəmir Qübbə” (Iron Dome) hava hücumundan müdafiə sistemi İsrail tərəfindən qısa mənzilli raket və mərmiləri zərərsizləşdirmək üçün hazırlanıb. Sistem hücum raketini radar vasitəsilə aşkarlayır, onun trayektoriyasını hesablayır və yalnız əhalinin yaşadığı bölgəyə düşəcəksə, müdaxilə edir. Bu zaman sistem avtomatik şəkildə “Tamir” adlı qarşı-raket buraxaraq hədəfi havada məhv edir. “Dəmir Qübbə” bir neçə buraxılış qurğusundan, idarəetmə mərkəzindən və radar bölməsindən ibarətdir. Onun əsas üstünlüyü yüksək dəqiqlik və sürətli reaksiya vermək qabiliyyətidir. Lakin sistem eyni anda çoxsaylı raket hücumu zamanı yüklənə bilər və bu zaman bəziləri hədəfə çata bilər. Müdafiə yalnız yaxın məsafədən atılan və nisbi sabit trayektoriyalı raketlərə qarşı effektivdir. Daha mürəkkəb ballistik və manevr edən raketlərə qarşı isə məhdud imkanlara malikdir.
“Dəmir Qübbə” sistemi əsasən qısa mənzilli raketlərə və minaatan mərmilərinə qarşı optimallaşdırılıb. Onun effektivliyi çoxsaylı hücumlara qarşı yüksəkdir, lakin İranın bu dəfə etdiyi hücum kütləvi və eyni vaxtda müxtəlif istiqamətlərdən reallaşdığı üçün sistem yük altına düşdü.
İsrailin öz hərbi mənbələrinin də etiraf etdiyi kimi, bu sistemin müəyyən saydan artıq hədəfi eyni anda zərərsizləşdirməsi mümkün deyil. İran isə doyma taktikası (saturation attack) tətbiq etdi – yəni eyni anda onlarla raket və dron göndərilərək sistemin yüklənməsi hədəfləndi. Bu, bir veb saytın çökdürülməsi kimidir. Həddən artıq sorğu göndərərək serverin çökməsinə çalışmaq…
İranın hücumu zamanı bəzi pilotsuz uçuş aparatlarının İsrailin hava hücumundan müdafiə radar sistemlərini və koordinasiya mərkəzlərini hədəfə aldığı bildirilir. Bu isə “Dəmir Qübbə”nin idarəetməsində gecikmələr və boşluqlar yaradıb. Bu cür zərbələr sistemin reaksiya müddətini artırır və hücumun erkən mərhələsində zərərsizləşdirilməli olan raketlər hədəfə çata bilir.
İranın hücumu sırf hərbi məqsədlər daşımırdı, həm də psixoloji və siyasi mesaj idi. “Dəmir Qübbə”nin zəif nöqtələrini ifşa etməklə İran regiondakı müttəfiqlərinə və rəqiblərinə göstərmək istəyirdi ki, İsrailin müdafiə sistemi məğlubedilməz deyil. Bu həm də İsrail cəmiyyətində narahatlıq yaratmaq və onun beynəlxalq imicini zədələmək məqsədi güdürdü.
Rusiyanın Ukrayna torpaqlarını işğalı zamanı aldığı zərbələri buna misal gətirmək olar. Məğlubedilməz deyilən rus ordusunun itkiləri göstərdi ki, bəzi sözlər sadəcə nağıldır. Rusiya silahlarının təsir imkanları, effektivliyi 44 günlük Qarabağ müharibəsində də özünü mənfi anlamda sübuta yetirdi. Dron müharibəsinin startı sayılan bu müharibədən sonra artıq savaşlar dronlar üzərindən aparılır. Hazırda dron istehsalı üzrə peşəkarlaşan 2 ölkə də oxşar savaşdadır.
“Dəmir Qübbə” özünü effektiv sistem kimi dəfələrlə sübut etsə də, İranın dəyişən hücum taktikası və raket texnologiyasındakı irəliləyiş bu müdafiə qalxanında çatlar yarada bildi. Bu hadisə göstərdi ki, texnologiya sabit deyil, rəqiblər daim öyrənir və uyğunlaşır.
Gələcəkdə İsrail ya “Dəmir Qübbə”nin yeni nəsil versiyasını inkişaf etdirməli, ya da “multi-layered” (çoxqatlı) müdafiə konsepsiyasını daha da gücləndirməlidir.
Eyni zamanda, bu hadisə digər ölkələrə də bir dərs oldu: istənilən müdafiə sistemi həmişə bir yerdən sınağa çəkilə bilər. Dron savaşından sonra bir sıra ölkə dron əleyhinə silah istehsalına başladığı kimi, bu müharibə bitəndən sonra İsrailin də oxşar addım atması gözlənilir.
Məhəmməd Türkmən
Musavat.com
20 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ