Onlayn ictimai-siyasi qəzet
Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə səfəri öncəsi bəzi diqqətçəkən açıqlamalar verib. Məsələn, dünən parlamentdə çıxışı zamanı o, revanşist-radikalları cin atına mindirək bildirib ki, 2022-ci ildə Azərbaycanın Qarabağa hüquqlarını tanımaqla ölkəni “mühasirədə olan qaladan suveren dövlətə” çevirib.
Sitat: “Dağlıq Qarabağı itirdiyimiz barədə çox danışılır. Mən bu məsələ haqqında çox düşünmüşəm və gəldiyim qənaət belədir: biz Dağlıq Qarabağı itirməmişik, Ermənistan Respublikasını qazanmışıq”.
O, həmçinin müxalifətin Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyan Ermənistanın ilk baş naziri olması ilə bağlı ittihamları ilə razılaşmayıb: “Oktyabrın 6-da mən ölkəmizin ərazi bütövlüyünün qonşularımızın bütövlüyü ilə iç-içə olduğunu anlayaraq Ermənistanın ərazi bütövlüyünü tanıdım. Və mənim üçün bu, “forpost”un baş nazirinin Ermənistanın baş nazirinə çevrilməsinin başa çatdığı məqamdır”.
Ardınca o, yenə Rusiyanı nəzərdə tutaraq, “Qarabağ məsələsi Ermənistanın müstəqil və suveren dövlətə çevrilməməsi üçün ilgək kimi istifadə olunub, indi isə Ermənistan suveren dövlət olur” söyləyib.
Qulağa yatan sözlərdir. Keşkə, davamı ləngiməyə. Yəni rəsmi İrəvan “A”-dan sonra “B” deyib Bakı ilə sülh müqaviləsinin imzalanması üçün gərəkənləri edə. Şərtlər bəlli. Vaxt gedir.
Bu xüsusda Prezident İlham Əliyevin məhz dünən, Paşinyanın səfər öncəsi qardaş ölkədə, Ərdoğanla birgə Qəhrəmanmaraşda olması təsadüfi sayıla bilməz. İstisna deyil ki, iki lider Paşinyanla bugünkü müzakirələrdən dolayı son dəfə saat əqrəblərini tutuşdurub...
Səfərlə bağlı “Joxovurd” erməni nəşrinin yazdıqları da maraqlıdır. Qəzet özünün etibarlı mənbələrinə istinadən bildirir ki, Paşinyan və komanda yoldaşları Türkiyəyə səfərinin məqsədlərini bağlı qapılar arxasında müzakirə ediblər. Qeyd edilir ki, erməni baş nazir İstanbula Ərdoğanla sülh sazişini müzakirə eləmək üçün gedib.
“Əldə etdiyimiz məlumata görə, baş nazir 2026-cı il seçkilərinədək nəyin bahasına olur-olsun, Azərbaycanla sülh sənədin imzalanmasının zəruri olduğunu vurğulayıb. Siyasi komanda bunu öz hakimiyyətinin qalmasına zəmanət verən strateji addım kimi qiymətləndirir”, - qəzet vurğulayıb.
Nəşr davamında yazıb: “Nikol Paşinyanın bəzi komanda yoldaşları hesab edir ki, beynəlxalq “oyunçular” - Rusiya, ABŞ və Avropa Birliyi - regionda fiziki varlıqlarına rəğmən, sabitliyi təmin edə bilməyiblər. Görünür, bu səbəbdən o, 2026-cı ildə yenə qalib olmaq üçün sülh sazişinin imzalanmasını sürətləndirmək ümidi ilə Ankara ilə birbaşa təmasa keçmək qərarına gəlib. Qalanları isə sonra...”
Qəzetin iddialarındakı həqiqət payını yəqin ki, bu gün biləcəyik. O da məlum olacaq ki, İrəvan nəhayət, iki əsas qonşusu ilə münasibətləri qaydaya salıb blokadadan çıxmaq və ona bəlalar gətirmiş Rusiyanın orbitindən uzaqlaşmaq istəyində nə dərəcədə səmimidir? Ötən il Ərdoğanın ona bağışladığı kitabı yaxşı-yaxşı oxuyubmu?
Dəqiq olan odur ki, bu, Ermənistan üçün son şanslardan biridir. Ümid edək ki, Paşinyanın tarixi Türkiyə səfəri rəsmi İrəvanın bölgədə böyük sülh naminə “A”-dan sonra “B” deməsini sürətləndirəcək. Çünki bu, hər şeydən əvvəl Ermənistana və onun xalqının özünə lazımdır...
Z.SƏFƏROĞLU
20 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ