İnsanlara hürriyət, millətlərə istiqlal!

Dinlə bağlı ayrıca fənn tədrisi - reaksiyalar

Məktəblərdə şagirdlərə dini bilgilər haqqında ayrıca fənn tədris olunmalıdır. Bunu ötən gün “Media və dini təhlükəsizlik” mövzusunda keçirilən konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.

Komitə sədrinin sözlərinə görə, “Həyat bilgisi” fənnin içərisində dinlə əlaqəli xüsusi dərs tədris olunmur, sadəcə, müəyyən bilgilər var: “Ayrıca dini bilgilər haqqında fənn tədris olunmalıdır. Bunu çox istərdik. Təbii ki, bu da başqa mövzudur” .

Qeyd etmək yerinə düşər ki, hər dəfə təhsildə dinin tədrisi ilə bağlı məsələ gündəmə gələndə ictimaiyyət arasında fikir ayrılıqları olur. Bəziləri qeyd edir ki, bu gerilikdir, bəziləri də bunun cəmiyyət üçün təhlükəli olduğunu hesab edir. Bununla belə, bir sıra Avropa ölkələrində artıq dini təhsil icbari sayılır. Misal üçün, elə Almaniya Konstitusiyasının 7-ci maddəsinin 3-cü bəndində qeyd olunur ki, bütün dövlət məktəblərində dini tədris məcburidir. Almaniyanın 16 əyalətindən  əldə olunan məlumatlara görə, ölkə çapında 54 000 tələbə 880 məktəbdə dini dərslər alır. Həmin bənddə o da əlavə olunub ki, din fənninin əsaslarını, yəni kurrikulumu, tədris üsulunu və sairi mövcud dini cəmiyyətlər müəyyənləşdirir. Burada əhali arasında iki əsas dini icmaya bağlılıq üstünlük təşkil edir ki, bu da katolik kilsəsi və protestant kilsəsidir. Buna uyğun olaraq məktəblərdə hər iki kilsənin ideya və ehkamlarının tədris olunması təklif olunur. Almaniya Konstitusiyasına əsasən, 12 yaşına kimi uşaqların hansı dini icmanın dərslərinə qoşulmasını valideynləri müəyyənləşdirir, 12-14 yaş aralığında valideyn uşağın razılığı əsasında bu seçimi həyata keçirir, 14 yaşından sonra şagird azad şəkildə seçim etmək hüququna malikdir.

İnkişaf etmiş Qərb ölkələrindən sayılan İngiltərədə də 1988-ci ildə qəbul edilmiş Təhsil İslahatı Qanununa əsasən, dövlət təhsil ocaqlarında xristianlıqla yanaşı, ölkə daxilində müəyyən sayda ardıcılları olan başqa dinlər də öyrədilir. Xristianlıqla yanaşı yəhudilik, İslam və buddizm öyrədilərkən xüsusi metoddan istifadə edilir. Bu metodda dinlər tədris olunarkən, onların doğru və ya yanlış olduğu araşdırılmır. Dini təhsil verən ölkələr sırasında Belçika, Amerikanı da qeyd etmək olar.

Ceyhun Məmmədov: "Azərbaycan -Türkiyə dostluğu və qardaşlığı heç zaman  sarsılmayacaq" | BuGün TV

Ceyhun Məmmədov: “İstənilən şəxs bu fənni tədris edə bilməz”

Milli Məclisin deputatı, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, orta məktəblərdə dinlə bağlı fənnin tədrisinə ehtiyac var: “Dəfələrlə bu məsələ mediada qaldırılıb. Mən də bu məsələyə münasibətimi bildirmişəm. Düşünürəm ki, məktəblərdə mütləq ayrıca bir fənn tədrisi olunmalıdır. Belə bir fənnin tədris olunması çox önəmlidir. Bu gün "Həyat bilgisi" fənnində bu məsələlər barədə kifayət qədər yetərli bilgilər verilmir. Bu da birmənalıdır ki, bizim gənclərimizin mütləq əksəriyyəti zərərli dinin təsiri altına düşür. Bu özünü əksər hallarda açıq şəkildə göstərir. Ona görə də bu bilgilərin verilməsini çox önəmli, vacib hesab edirəm. Bu istiqamətdə də mütləq addımlar atmalıyıq. Əks halda isə bu proses mənfi şəkildə özünü göstərəcək. Burada bir mühüm məsələ isə ondan ibarətdir ki, ölkədə güclü kadr hazırlığı həyata keçirilməlidir. İstənilən şəxs bu fənni tədris edə bilməz. Bu fənni tədris etmək üçün kifayət qədər peşəkar, bilgisi olan insanlar lazımdır. Tədrisi anlayan, tədrisdən başı çıxan, tədrisi həyata keçirə biləcək şəxslər olmalıdır ki, biz bu məsələni də həll edə bilək. O baxımdan bu mütləq nəzərə alınmalıdır. Eyni zamanda düşünürəm ki, bunu birdən-birə yox, pilot layihə şəklində nəzərdən keçirmək lazımdır. Baxaq görək doğruldurmu. Digər bir məsələ isə biz bunu edərkən çalışmalıyıq ki, məktəblərimizə zərərli dini biliklərin daşıyıcısı olan şəxslər daxil ola bilməsinlər. Bu da bir prosesdir. Bəzi təriqətlər, zərərli qruplar çalışacaqlar ki, məktəblərə daxil olan bu istiqamətdə müəyyən məqsədlərinə nail olsunlar. Bunun da qarşısını almaq üçün mütləq ciddi addımlar atmalıyıq. Bu da düşünülmüş şəkildə həyata keçirilməlidir ki, problemlər baş verməsin. Yəni hər kəs bu fənni tədris edə bilməsin".

Rəsul Mirhəşimli - 55

Rəsul Mirhəşimli 

İlahiyyatçı Rəsul Mirhəşimli də mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini açıqladı. O qeyd etdi ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının təklifi gözəl təşəbbüsdür: “Orta məktəblərdə dini biliklərin öyrədilməsi üçün ayrıca dərs vəsaitinin olması məqsədəuyğun sayılmalıdır. Orta məktəbdən şagirdlər dinlər barədə biliklər əldə edəndə böyüdükdən sonra onların düşüncəsinə kənar və zərərli təsiri aşılamaq da çətin olur.

Dünyanın bir çox ölkəsində bu təcrübə var. Avropa ölkələrində də bu nümunələrə rast gəlmək mümkündür. Bir neçə il öncə Almaniyada orta məktəblərdə İslam dininin öyrədilməsi məsələsi müzakirəyə çıxarılmışdı. Əgər bir Avropa ölkəsində bu məsələ müzakirə obyekti olursa, Azərbaycanda da bu təcrübədən yararlanmaq mümkündür.

Dini kimlik milli kimlik şüurunun tərkib hissəsidir. Bu şüurun formalaşması orta məktəblərdən başlayanda insanların düşüncəsində sağlam şəkildə kök salır. Əgər biz öz dinimizi dövlətimizin siyasi xəttinə uyğun və milli düşüncənin diktə etdiyi şəkildə öyrətməsək, yad təsirlərin neqativ və zərərli düşüncələri ilə onları vətəndaşlarımıza “öyrətməyə” çalışacaqlar. Bu da ölkədə dini radikalizmin ayrı-ayrı vətəndaşların hərəkətlərində yer tutmasına səbəb ola bilər".

İlahiyyatçı hesab edir ki, orta məktəblərdə təkcə İslam dini deyil, bütün səmavi dinlərin tarixi və onlar haqqında geniş məlumatlar şagirdlərə öyrədilməlidir: “Hazırda orta məktəblərdə tədris olunan "Həyat bilgisi" fənni bu işin öhdəsindən gələ bilmir. Çünki bu tədris vəsaitində dinlər haqqında məlumatlar fundamental şəkildə öz əksini tapmayıb. Bütün dünyəvi fənlər necə geniş və əhatəli, bir neçə sinifdə ardıcıl olaraq tədris olunursa, dinlər haqqında dərslər də eyni qaydada tədris olunmalıdır. Orta məktəblərdə dinlərin öyrədilməsi ilə nələrisə itirməyəcəyik, əksinə, qazancımız daha çox olacaq".

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR