İnsanlara hürriyət, millətlərə istiqlal!

Çinli Cinpin və rus Putin - Onları birləşdirən "dəyər"

“Beynəlxalq Cinayət Məhkəməsinin Rusiya prezidenti Vladimir Putinin həbsinə order verməsi ukraynalılar kimi uyğurları da ümidləndirib”. Uyğur əsilli jurnalist Gök Bayrak belə yazır.

Novator.az bildirir ki, Gök Bayrak Çində uyğurların kompakt yaşadığı, rəsmən Sincan Uyğur Muxtar Rayonu (bəzən Sincan) adlandırılan Şərqi Türküstan bölgəsindəndir. Təqiblərə məruz qaldığına görə jurnalist 1994-cü ildə Çindən mühacirət edib, hazırda ABŞ-ın paytaxtı Vaşinqtonda yaşayır.

Niderlandın Haaqa şəhərində yerləşən Beynəlxalq Cinayət Məhkəməsi Putinin həbsinə 2023-cü il martın 17-də order verib. Əsas kimi Putinin 2022-ci ilin fevralından Ukraynada apardığı işğalçı müharibədə minlərlə ukraynalı uşağın zorla Rusiyaya köçürülməsi göstərilib. 1948-ci ildə BMT-nin qəbul etdiyi Soyqırımı Cinayətinin Qarşısının Alınması və Cəzalandırılması Konvensiyası bir insan qrupuna mənsub olan uşaqların zorla başqa qrupa verilməsini beynəlxalq cinayət sayır.

Gök Bayrak İtaliyada fəaliyyət göstərən, insan hüquqları və dini azadlıqlar üzrə ixtisaslaşmış “Bitter Winter” jurnalında ingilis dilində dərc etdirdiyi məqaləsində yazır ki, Çin Xalq Respublikasının sədri Si Cinpin də soyqırımına görə məsuliyyət daşıyır: “Onun cinayətləri Putinin də əməllərindən ağırdır”.

Jurnalist vurğulayır ki, Rusiya prezidentinin həbsinə order verilməsi Cinpinin amansız repressiyası altında əzilən uyğurlarda bir gün Çin liderinin də beynəlxalq axtarışa veriləcəyi ümidini doğurub. “Beynəlxalq Cinayət Məhkəməsinin təqib etməli olduğu daha bir şəxs məhz Cinpindir” yazan Gök Bayrak fikrini əsaslandırmaq üçün Çində müsəlman uyğurlara qarşı törədilən zorakılıqlardan söz açır: “Cinpin hakimiyyətə gələndən sonra Çində üç milyondan çox uyğur həbs edilib, sayı on milyondan çox olan etnik qrupun (yəni Şərqi Türküstan uyğurlarının) hərəkət azadlığı məhdudlaşdırılıb. Bu gün 15 milyon uyğur Çinin Şərqi Türküstanı işğal etməsindən əziyyət çəkir.

Putin ukraynalıların başına bomba yağdırır. Cinpin Şərqi Türküstanı bombalamır, amma kütləvi həbslər, məcburi sterilizasiya, məcburi əməklə bir milyon uyğur ailəsini məhv edib.

Putinin öldürdüyü ukraynalıların sayı bəllidir, Çinpinin məhv etdiyi uyğurların sayını isə hesablamaq da olmur. Çin liderinin məsuliyyət daşıdığı ölümlərin həqiqi sayını yalnız onun özü, əlaltıları, bir də Allah bilir”.

Qapalı kommunist rejiminə başçılıq edən Çin liderinin uyğurlara qarşı cinayətləri beynəlxalq aləmdən gizlətdiyini, ancaq ötən illərdə həmin cinayətləri rəsmən təsdiqləyən minlərlə sənədin, o cümlədən Sincan bölgəsində əsir düşərgəsinə salınan 700 min məhbusun siyahısının Qərb mediasına sızdığını, Amerikadakı, Avropadakı hüquq müdafiəçilərinin əlinə keçdiyini xatırladan Gök Bayrak bunlara beynəlxalq aləmdə lazıminca diqqət ayrılmamasından gileylənir: “Cinpin soyqırımı siyasətinin qurbanı olan uyğurların əsl sayını gizlədə bilər, ancaq onun soyqırımı əmrlərini ört-basdır etməsi mümkün deyil, çünki konkret sənədlər ələ keçib. Həmin əmrlərdə aşkar surətdə uyğurların nəslinin kəsilməsindən, onlara heç bir mərhəmət göstərilməməsindən bəhs olunur. Bununla belə Cinpin BMT-nin insan haqları üzrə ali komissarının uyğurlarla bağlı hesabatı vaxtında dərc etməsini, uyğurlara qarşı zorakılıqların BMT İnsan Hüquqları Şurasının sessiyasında müzakirəyə çıxarılmasını, Şərqi Türküstan üzrə müstəqil araşdırma aparılmasın əngəlləyə bilir, buna gücü yetir”.

BMT-nin insan haqları üzrə ali komissarı Mişel Baçelet Çində uyğurların vəziyyətinə dair hesabatını xeyli gecikdirəndən sonra 2022-ci il avqustun 31-də, özü də ali komissar vəzifəsindən istefaya gethagetdə, postu tərk etməsinə vur-tut bir neçə dəqiqə qalmış dərc edib.

Həmin ilin oktyabrında BMT İnsan Hüquqları Şurasının İsveçrənin Cenevrə şəhərində keçirilən 51-ci sessiyasında uyğurlara qarşı zorakılıqları müzakirəyə çıxarmaq təklifi irəli sürülüb. Amma şura üzvləri arasında təklifin əleyhinə səs verənlərin sayı (19) lehinə səs verənlərin sayından (17) çox olub, nəticədə təklif rədd edilib. İstər ali komissarın hətta dişsiz hesabatını da vaxtında yaya bilməməsi, istərsə də İnsan Hüquqları Şurasındakı təşəbbüsün nəticəsiz qalması Çin hakimiyyətinin təzyiqləri ilə əlaqələndirilir.

Bu baxımdan jurnalist Gök Bayrak Putindən fərqli olaraq Cinpinin beynəlxalq aləmdə layiq olduğu münasibəti görmədiyini vurğulayır və beynəlxalq qurumları, bəzi dövlətləri Çin qarşısında çəkingən siyasətə son qoymağa çağırır.

Jurnalist yazır ki, Putindən fərqli olaraq Cinpin hərdən özü də bilmədən günahını “etiraf” edir: “Məsələn, Çinpin hökumətinin 2017 və 2018-ci illərdə açıqladığı demoqrafik göstəriciləri təhlil edən Kommunizm Qurbanlarının Xatirəsi Fondunun (ABŞ-da fəaliyyət göstərir) Çin bölməsinin rəhbəri, almaniyalı alim Adrian Zents uyğur ailələrində doğulan uşaqların sayının əvvəlki illərə nisbətdə bir milyon nəfər daha az olduğunu üzə çıxarıb. Bu azalma Şərqi Türküstanda uyğurların kütləvi şəkildə həbsə atılması prosesinin pik həddə çatdığı dövrə düşdüyünə görə Adrian Zents azalmanın birbaşa həbslərlə bağlı olduğu qənaətinə gəlib.

Deməli, uyğurları həbsxanalara, əsir düşərgələrinə salan, onları orada qırıb-çatan Si Cinpin uyğur ailələrində bir milyon uşağın doğulmasının da qarşısını alıb. Bu, soyqırımının misli görünməmiş bir ifrat formasıdır.

Putinin müharibəsi nəticəsində Ukraynada evlər dağıdılır. Şərqi Türküstanda evlər salamat qalsa da, o evlərin 95 faizində insanlar normal yaşayışdan məhrum edilib”.

İndiyədək 20-dən çox ölkənin, o cümlədən BMT Təhlükəsizlik Şurasının üç daimi üzvünün Çinin uyğurlara qarşı siyasətini soyqırımı və ya soyqırımına cəhd kimi qiymətləndirdiyini xatırladan Gök Bayrak Si Cinpinin Vladimir Putin haqda verilən orderdən bəlkə Rusiya prezidentinin özündən də artıq narahat olduğuna inanır. Jurnalist növbəti orderin Cinpinə şamil olunacağına inamı itirmədiyini, bütün uyğurların o günü səbirsizliklə gözlədiyini vurğulayır.

1949-cu ildə qurulan Çin Xalq Respublikasının idarəçiliyinə Kommunist Partiyası məsuldur. 1953-cü il təvəllüdlü Si Cinpin 2012, 2017 və 2022-ci illərdə partiya lideri, 2013, 2018 və 2023-cü illərdə Çin Xalq Respublikasının sədri (dövlət başçısı) seçilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR