Onlayn ictimai-siyasi qəzet
Cənab Prezidentin Milli Məclisin 23 sentyabrda keçirilən ilk iclasında ölkəmizə qarşı yeni hücum dalğasının və qarayaxma kampaniyasının başlayacağı haqqında etdiyi xəbərdarlığı hamımız yaxşı xatırlayırıq.
Bu xəbərdarlıqdan cəmi 1 həftə sonra, yəni, keçən həftə anti-Azərbaycan qüvvələrin 3 istiqamətdə fəallaşdığının və ölkəmizə qarşı total hücuma keçdiyinin şahidi olduq.
Oktyabrın 1-də AŞPA-da Azərbaycanla bağlı birtərəfli və qərəzli şəkildə dinləmələr keçirildi, oktyabrın 3-də bir qrup senator və konqresmen ölkəmzin milli maraqlarını və təhlükəsizliyini təhdid edən məktub yaydı, oktyabrın 5-də isə Fransa prezidenti Makron Parisdə təşkil etdiyi Beynəlxalq Frankofoniya Təşkilatını ölkəmizin əleyhinə maksimum istifadə etməyə çalışdı.
Diqqət yetirin, hər üç ant-Azərbaycan tədbirləri kampaniya xarakteri daşıdığından bir gün fərqlə təşkil olundu, hər üç tədbirdə səsləndirilən uydurma ittihamların hamısı eynidir, demək olar ki, bir-birini təkrarlayır.
Bütün bu faktlar bir daha onu sübut edir ki, ölkəmizə qarşı total şəkildə aparılan təzyiq və qarayaxma kampaniyası vahid mərkəzdən idarə olunur.
Bunun isə ABŞ və Fransa hökumətinin təşkil etdiyi heç kimdə şübhə doğurmur.
Zatən, cənab Prezident senator və konqresmenlərin ölkəmiz haqqında yaydığı bədnam məktubun gerçək müəllifinin ABŞ-ın Dövlət Departamenti və şəxsən dövlət katibinin olduğunu açıq şəkildə qeyd etmişdi.
İndiki mərhələdə bu təzyiqlərin isə bir məqsədi var:
Ermənistanın konstitusiyasında dəyişiklik edilmədən, ölkəmizə qarşı ərazi iddiaları aradan qaldırılmadan yarımçıq sülh müqaviləsi imzalamağa Azərbaycanı məcbur etmək, bununla, gələcəkdə Cənubi Qafqazda yenidən ərazi iddiasına söykənən münaqişə ocağının əsasını qoymaq və regionu daim təsir və təzyiq altında saxlamaq istəyirlər.
Məhz belə bir təhlükəli ssenarini rədd etidiyimizdən ölkəmizə qarşı bu cür oyunlar oynanılır.
Lakin yaxın keçmişimiz, xüsusilə, Zəfər tarixmiz sübut etdi ki, Azərbaycan xalqının və hakimiyyətinin birliyi və gücü qarşısında heç bir qüvvə məkrli planını həyata keçirə bilməz və bilməyəcək!
Azay Quliyev, millət vəkili
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ