İnsanlara hürriyət, millətlərə istiqlal!

Buğda tədarükü: Azərbaycan öz təhlükəsizliyini nə zaman təmin edəcək - rəy

Ölkədə əkin siyasəti dəyişməyincə buğda ilə özünütəminatın 80 faizə çatdırılması real görünmür

Rusiyanın Taxıl sazişindən çıxaraq Ukrayna məhsulunun dünya bazarına yolunu bağlaması dünya bazarında taxılın qiymətinin bahalaşması ilə nəticələnib. Halbuki son bir ildə qiymətlər davamlı azalma nümayiş etdirmişdi. BMT Kənd Təzərrüfatı və Ərzaq Təşkilatının məlumatına əsasən iyun ayında qlobal taxıl, qiymət indeksi mayla müqayisədə 2,1 faiz, illik ifadədə isə 23,9 faiz azalıb. Azalma bütün taxıl məhsullarında, ən çox isə yemlik taxılda 3,4 faiz olmaqla qeydə alınıb.

Ukrayna məhsulunun bazara çıxarılmasında gözlənilən çətinliklər bazara psixoloji təsir göstərib, qiymətlərin 5-7 faiz civarında artmasını şərtləndirib. Reallıqda isə bu il qlobal bazarlara buğda təklifində problem gözlənilmir. Belə ki, Beynəlxalq Taxıl Şurasının (BTŞ) hesablamalarına əsasən, bu mövsümdə (iyun 2023- iyun 2024) dünyada 786,7 milyon ton buğda toplanacaq. Bunun 83,6 milyon tonu Azərbaycanın buğda idxalında üstün mövqeyə sahib Rusiyada istehsal olunacaq. Ötən mövsümdən qalan çoxlu ehtiyatlar imkan verəcək ki, Rusiya yeni mövsümdə 44,7 milyon ton buğda ixrac etsin. Buğda bazarında Rusiyanın ən yaxın rəqibi olan Avropa Birliyi 100 min ton az - 36,2 milyon ton buğda ixrac edə biləcək.

Azərbaycanın buğda təminatı daha çox idxal hesabına ödənir. Bu sahədə idxaldan asılılıq 60 faiz civarında hesablanır. Bu göstərici ərzaqlıq buğda təminatında 80 faizə qədərdir. 2022-ci ildə ölkə xaricdən 1 milyon 292,996 min ton buğda idxal edib ki, bu da 2021-ci ildəki idxaldan 12,6 faiz çoxdur. Bu idxal ölkəyə 436 milyon 551,2 min dollara (artım 31,5 faiz) başa gəlib. Bu isə 2022-ci ildə  buğdanın tonunun idxalına 337,6 dollar xərc çəkildiyi deməkdir.

Ötən ilki buğda idxalında əsas müsbət məqam alış bazarlarındakı diversifikasiyadır. Belə ki, Azərbaycan 2022-ci ildə Qazaxıstandan 95 milyon 800,45 min dəyərində 280,016 min ton buğda idxal edib ki, bu da 2021-ci ildəkindən 5,3 dəfə çoxdur. Qazaxıstan buğdasının bir tonu Azərbaycana orta hesabla 342,12 dollara başa gəlib.

Hesabat dövründə Rusiyadan buğda idxalında həcm ifadəsində 7,9 faiz azalma baş verib. Şimal qonşudan 1 milyon 8,061 min ton buğda alınıb. Lakin Rusiya məhsuluna ödənilən məbləğ 17 faiz artmaqla 337 milyon 491,94 min dollara çatıb. Nəticədə bir ton Rusiya buğdası üçün Azərbaycan 334,79 dollar ödəyib.

Ötən ilin yekununda Azərbaycana buğda idxalının 78 faizi Rusiyanın, 22 faizi Qazaxıstanın payına düşüb.

2023-cü ilin 5 ayında idxal olunan 450 min 152,65 ton buğdanın 86 milyon 598,35 min dollarlıq 308 min 526,73 tonu - 68,5 faizi Rusiyadan, 48 milyon 305,69 min dollarlıq 141 625,92 tonu - 31,5 faizi Qazaxıstandan idxal edilib. Qazaxıstan buğdası bir qədər baha başa gəlsə də, ölkənin buğda kimi strateji məhsulun idxalında tamamilə Rusiyaya möhtac olmaması baxımından müsbət haldır.

Bu il arzuolunmaz hal Rusiyadan un idxalının kəskin artımıdır. Belə ki, 5 ayda ölkəyə 12 milyon 594,18 min dollarlıq 41 min 653,76 ton buğda unu və ya buğda-çovdar unu gətirlib. Bunun 12 milyon 508,32 min dollarlıq 41532,07 tonu Rusiyadan reallaşdırılıb.

Xatırladaq ki, Azərbaycan 2021-ci ildə 331,919 milyon dollar dəyərində 1 milyon 148,06 min ton buğda idxal etmişdi. Bunun 956,3 faizi - 315,191 milyon dollar dəyərlə 1 milyon 94,236 min tonu Rusiyadan reallaşmışdı. Qazaxıstandan isə cəmi 15 milyon 850,6 min doollar 52,746 min ton buğda alınmışdı.

Dövlət Statistika Komitəsinin (DSK) açıqladığı rəqəmlərə görə, ötən il Azərbaycanda buğda istehsalı azalaraq 1 milyon 736 min ton təşkil edib. 2021-ci ildə bu rəqəm 1 milyon 885 min ton olmuşdu. Bu isə ötən il Azərbaycanda buğda istehsalında 149 min ton və ya 8 faizə yaxın azalmanın baş verdiyini göstərir. Açıqlanan göstəricilərdən aydın olur ki, buğda istehsalının azalması məhsuldarlığın aşağı düşməsindən və buğda əkini sahəsinin azalmasından qaynaqlanıb. Məsələn, 2022-ci ildə hər hektardan 31.9 sentner məhsul götürülüb. 2021-ci ildə bu rəqəm 32.9 sentner olub. Deməli, ötən il fermerlər hər hektardan 1 sentner daha az buğda yığa bilib. Məhsul yığılan sahələrin həcmi də həmin müddətdə 572 min hektardan 547 min hektara düşüb.

Ötən il Ukrayna məhsulunun bazara çıxış yolunun Rusiya tərəfindən bağlanması dünya bazarında budğanın qiymətinin kəskin artmasına səbəb oldu. Qiymətlər 500 dollara yaxın səviyyəyə qalxdı. Bu vəziyyət Azərbaycan hökumətini ciddi addımlar atmağa vadar etdi. Ötən ilin iyul ayında imzalanan “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” Prezident fərmanına əsasən 5 il müddətində pilot suvarma sistemindən istifadə edərək keyfiyyətli məhsul yetişdirən hüquqi və fiziki şəxslərə dəyirman və Dövlət Taxıl Fonduna təhvil verdikləri məhsula görə subsidiya ayrılır. Aqrar Subsidiya Şurasının qərarına əsasən bu sibsidiyanın həcmi hər tona görə 100 manat təşkil edir. Eyni zamanda dövlət pivot suvarma sistemlərinin idxalını da subsidiyalaşdırır - dəyərin 60 faizini qarşılayır, qalan 40 faiz üçünsə güzəştli kredit ayırır.

Qeyd edək ki, hazırda ölkədə pivot suvarma sistemi ilə təmin olunan buğda sahələri daxili tələbatı tam təmin edəcək istehsal imkanına malik deyil. Belə sahələr əsasən aqroparklardadır: 21,7 min ha. İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyindən verilən məlumata görə, ümumilikdə 41 min hektar buğda əkini sahələrindən 2022-ci ildə 152 min tondan çox məhsul istehsal edilib. Ümumilikdə ölkədəki 51 aqroparkdan 40-da taxıl əkilib. Əkinlərdən 88,8 min ton ərzaqlıq, 31,4 min ton toxumluq, 32 min ton isə yemlik buğda toplanıb. Buğda istehsalı üzrə orta məhsuldarlıq 3,7 ton/ha təşkil edib ki, bu da ölkə üzrə orta göstəricidən (3,2 ton/ha) yüksəkdir.

Aqroparkların 21,7 min hektarlıq pivotaltı sahələrində isə orta məhsuldarlıq 4,5 ton/ha olub. Bu il aqroparkların pivotaltı sahələrində buğda əkini 52  faiz və yaxud 11,3 min hektar artırmaqla 33 min hektara çatdırılıb. Növbəti 5 il ərzində pivotaltı sahələrin 100 min hektara çatdırılması, aqroparklarda ərzaqlıq buğda istehsalının 2023-cü ildə 143 min tona yüksəldilməsi proqnozlaşdırılır.

Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata əsasən Prezidentin ötən ilin iyulunda imzaladığı fərmanın icrası ilə əlaqədar respublikanın 18 rayonunda 28 təsərrüfatla 22,4 min hektar pivotaltı sahədə ərzaqlıq buğda istehsalının həyata keçirilməsinə dair müqavilələr bağlanılaraq əkinlər aparılıb. Şirkətlərdən daxil olmuş operativ məlumatlara əsasən, həmin sahələrin 22 min hektarında (98,1 faiz) biçin aparılaraq 111,8 min ton məhsul istehsal edilib. Hər hektardan orta məhsuldarlıq 50,1 sentner olub.

Azərbaycan Moldovadan buğda tədarükü ilə bağlı razılığa gəlib

Hazırda ərzaqlıq buğdanın dövlət tədarükü prosesi davam edir. Bu günədək tədarük məntəqələrinə 29,8 min ton ərzaqlıq buğda təhvil verilib ki, bunun da 253 tonunu 1-ci sinif, 12,2 min  tonunu 2-ci sinif və 17,3 min tonunu isə 3-cü sinif ərzaqlıq buğda təşkil edir. Sahələrdən yığılmış ərzaqlıq buğdanın tədarükü ilə bağlı işlər davam etdirilir.

Qeyd edək ki, Dövlət Ehtiyatları Agentliyinin Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyi ilə razılaşdırılmış təklifini nəzərə alaraq Nazirlər Kabineti  bu ilin 21 iyun tarixində “Ərzaqlıq buğdanın dövlət tədarük qiymətinin müəyyənləşdirilməsi barədə” Sərəncam qəbul edib. Sərəncama əsasən, “Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları”nın 1 nömrəli əlavəsində qeyd edilən  keyfiyyət göstəricilərinə uyğun yerli ərzaqlıq buğdanın bir tonunun dövlət tədarük qiyməti 2023-cü il üçün 450 manat müəyyən edilib.

Rəsmi statistikaya əsasən, iyulun əvvəli üçün 658339 hektar sahədə biçin başa çatıb, sahələrdən 2 milyon 164,746 ton məhsul yığılıb. Bu dövrdə buğda sahələrinin 50 faizində biçin aparılıb, 333088 hektar biçilmiş sahədən 1 milyon 169 min 774 ton buğda yığıılıb. Buğda üzrə orta məhsuldarlıq 35,1 sentnerə çatıb.

Xatırladaq ki, bu il ölkə ərazisində 1 milyon 58 min 398,9 hektar sahədə taxıl əkilib ki, bunun 658 383,7 hektarı buğda sahəsidir.

Dövlət Taxıl Fonduna 750 min ton buğdanın yığılması nəzərdə tutulur. Bu isə o deməkdir ki, fondun ehtiyacını sırf yerli istehsal hesabına təmin etmək mümkün olmayacaq və yenə də xarici bazarlara üz tutulacaq.

Azərbaycanın əsas idxal bazarı olan Rusiyada iyunun 1-nə Rusiyanın kənd təsərrüfatı müəssisələrində ötən ilkindən 1,7 dəfə çox - 13 milyon 912 min ton taxıl ehtiyatı olub. Bu zaman buğda ehtiyatları 69 faiz artmaqla 9 milyon 39 min tona çatıb.  Rusiya Kənd Təsərrüfatı Nazirliyi 2023-2024-cü il mövsümündə ölkədə 80 milyon ton buğda istehsal olunacağı, bunun 40 milyon tonunun ixraca yönəldiləcəyini gözləyir. Ehtiyatlarla birlikdə Rusiyanın bu mövsümdə buğda ixracı potensialı 44-45 milyon ton civarında hesablanır.

Azərbaycan Moldovadan buğda tədarükü ilə bağlı razılığa gəlib »  Gundelik-Baku.Com

Cari mövsümdə Qazaxıstanda da buğda istehsalının ötən ilki səviyyədən cüzi az olacağı gözlənilir. Bu isə Azərbaycanın hər iki ölkədən buğda idxalında çətinlik çəkməyəcəyi deməkdir.

Ölkədə əkin siyasəti dəyişməyincə buğda ilə özünütəminatın 80 faizə çatdırılması real görünmür. Yalnız aqroparklardakı 33 min hektarlıq sahə ilə buna nail olunması qeyri-mümkündür. Buğda təminatında təhlükəsizliyin təmin olunması üçün münbit torpaqlarda şəkər çuğunduru, pambıq, tütün kimi bir neçə inhisarçı şirkətin maraqlarına xidmət edən bitkilərin deyil, buğdanın əkilməsi vacibdir.

Dünya SAKİT,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR