Onlayn ictimai-siyasi qəzet
“Son günlər bəzi sosial şəbəkələrdə qripə bənzər, lakin antiviral preparatlara dözümlülük göstərən, kəskin boğaz ağrısı, yüksək temperatur və ürəkbulanması ilə müşahidə olunan yeni virus infeksiyasının yayılması ilə bağlı xəbərlər tirajlanır. Bunun COVID-19-un yeni mutant ştamı, hətta yeni respirator sinsitial virus infeksiyası (HRSV) olduğu da iddia olunur. Əvvəla, COVID ailəsindən kimlərinsə arzusu, istək və marağı olan aqressiv yeni mutantın yaranma ehtimalı 2032-ci ildən bir gün belə tez ola bilməz. Simbioz yaşam uyğunluğu səbəbindən bunun baş verəcəyi ehtimalı da yalnız xəyaldır”.
Musavat.com xəbər verir ki, bu fikirləri Tibb Universitetinin Farmakologiya kafedrasının müdiri, professor Musa Qəniyev bildirib.
O qeyd edib ki, COVID-19-un nəinki pandemiya, hətta lokal bölgələrdə belə epidemik sıçrayışı baş verməyəcək:
“Sinsitial virus infeksiyasına gəlincə, əslində bu, elmi əsası olmayan yanlış termindir. Çünki sinsitial və ya simplazm patogen fəallığı olan bir canlı mikrovarlığın sitoplazma və nüvəsinin makrohüceyrənin müvafiq struktur vahidi ilə birləşməsidir. Virus isə makroorqanizmlə birlikdə yaşayan obliqatdır. O, canlı deyil, canlı və cansızlığın sərhədində olan, genom quruluşuna malik mikrostrukturdur.
Odur ki, əhali arasında narahatlığa səbəb olan bu söyləntilər tamamilə yanlış və əsassızdır. Bu gün Azərbaycanda nə COVID-19-un yeni mutantı, nə də söylənilən respirator virus infeksiyası var. Bəli, hazırda virus infeksiyasına yoluxmada nisbi artım var, bu olmalıdır və qanunauyğundur. Səbəbi yay fəsli ilə əlaqədar olaraq insanların istirahət üçün rayonlara getməsidir. Zona və iqlim fərqliliyinə görə patogenlik və Ro indeksində nisbi fəallıq qazanan fəsli infeksiyalar şəhərdən rayona və əksinə, yerdəyişmə halında məlum subyekt qruplarında yoluxmaya, qısa müddətli nisbi artıma səbəb ola bilər və olmalıdır. Bu, təbiətin mütləq qanunudur. Bunu faciə kimi təqdim edib, insanları qorxutmaq olmaz. Bu artımın oktyabrın ikinci yarısı 1/2, noyabr ayında 1/4, dekabrda isə 1/3 nisbətində baş verməsi də qanunauyğun və qaçılmazdır. Odur ki, nəinki ciddi, hətta adi narahatlığa belə əsas yoxdur”.
Afaq Mirayiq,
Musavat.com
28 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ