Onlayn ictimai-siyasi qəzet
Dördtərəfli alyans olan QUAD (ABŞ, Avstraliya, Hindistan və Yaponiya) bu ilin sentyabrında ABŞ-da keçirilən zirvə toplantısında təhlükəsizlik ittifaqı kimi çıxış edib. Halbuki, bu toplantıya qədər QUAD daha çox regional iqtisadi əməkdaşlıq formatı kimi qəbul edilirdi. Ancaq Hind-Sakit Okean bölgəsində artan gərginlik, Tayvan adası ətrafındakı vəziyyət və qlobal ticarətə təhlükənin yaranması təşkilatı təhlükəsizlik məsələlərinə daha çox vaxt ayırmağa məcbur edib. QUAD üzvləri birgə hərbi təlimlər keçirməyə başlayıblar. QUAD təşkilatının nöbəti sammiti Hindistanda keçiriləcək.
Bu məlumatı Musavat.com-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.
Politoloqun ehtimalına görə noyabr ayında ABŞ-da prezident seçkisinin keçiriləcəyini nəzərə alaraq bu dövləti Hindistandakı sammitdə yeni lider təmsil edəcək:
"QUAD təşkilatı ABŞ-ın hazırki prezidenti Co Baydenin rəhbərliyi dövründə təsis edilib. Dörd tərəfdaşın ilk sammiti 2021-ci ilin martında, Baydenin Ağ Evə gəldikdən dərhal sonra keçirilib. Demokratlar Partiyasının namizədi Kamala Harris ABŞ-da gələn noyabrda keçiriləcək prezident seçkilərində qələbə qazanarsa, Co Baydenin təqdim etdiyi siyasətin davam edəcəyi ehtimalı var. Respublikaçılar Partiyasının namizədi Donald Trampın qalib gələcəyi təqdirdə isə ABŞ-ın strategiyasında dəyişiklik olub-olmayacağına dair qeyri-müəyyənlik var. Donald Trampın QUAD təşkilatına əhəmiyyət verib-vermədiyin bilinmir. Onun bu təşkilat barədə açıqlaması yoxdur".
Politoloq qeyd edir ki, QUAD çərçivəsində formalaşan içşi qruplar yeni texnologiyalar, kibertəhlükəsizlik, kosmos, dəniz təhlükəsizliyi, dezinformasiya ilə mübarizə ilə bağlı proqramlar həyata keçirməyə başlayıblar:
"QUAD-a üzv ölkələr arasında dəniz hüququ mövzusunda dialoqu genişlənib. QUAD toplantılarında bölgə üçün təhlükənin ünvanı göstərilməsə də, söhbətin Çinin ətraf dənizlərdə və Tayvan boğazı ətrafında hərbi gücünü artırmasından getdiyi aydındır.
Bu arada, ABŞ, Hindistan, Avstraliya və Yaponiya sahil mühafizə xidmətləri 2025-ci ildə dənizlərdə birgə mühafizə xidmətini işə salmağı planlaşdırıblar. Dənizlərdə təhlükəsizliyin artırılması məqsədilə təsis edilən ortaq xidmət Hind-Sakit Okean bölgəsində üzən ticarət gəmilərinin təhlükəsizliyinə də diqqət yetirəcək. Hind-Sakit Okean bölgəsində təhlükəsizliyin artırılması ASEAN ölkələri üçün də əhəmiyyətlidir. ASEAN təşkilatının Laosda keçirilən son sammitində təhlükəsizlik mövzuları ətraflı müzakirə olunub".
Xalidə Gəray
Musavat.com
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ