Onlayn ictimai-siyasi qəzet
"12 gün sonra inauqurasiyası olacaq ABŞ-ın 47-ci prezidenti komandasında görmək istədiyi şəxsləri elan etməklə öz xarici siyasət konturlarını büruzə verdi. Donald Tramp Kanadanı ABŞ-ın 51-ci ştatına çevirmək niyyətindən sonra Danimarkaya məxsus Qrenlandiyanı da özünə birləşdirmək istəyi onun imperiya ideyalarını reallaşdırmaq məqsədlərindən xəbər verir".
Musavat.com xəbər verir ki, bu fikirləri politoloq İlyas Hüseynov bildirib.
O qeyd edib ki, 45-ci prezidentlik dövründə "təcridçi" siyasət yürüdən Tramp belə görünür, buraxdığı səhvlərdən həm nəticə çıxarır, həm də adını tarixə yazdırmaq istəyir:
"Məğlubiyyətə rəğmən, növbəti seçkilərdə qalib gələn Tramp siyasət səriştəsini ortaya qoymaq əzmindədir. Tramp və Mask anlayır ki, beynəlxalq hüquq tamamilə iflas edib, onu düzəltməkdənsə yaranan fürsətdən istifadə etmək lazımdır.
Qeyd edim ki, Meksika körfəzinin adının Amerika körfəzi olaraq dəyişdirilməsi ilə bağlı qətnamə artıq hazırdır. Meksika körfəzinin adının Amerika körfəzi adlandırılmasını tələb edən qətnamə qəbul edilsə, 180 gün ərzində bütün federal xəritələrdə və sənədlərdə "Amerika körfəzi" olaraq göstəriləcək. Analoji addım Panama kanalı ilə bağlı da atılacaq.
Trampın Qrenlandiyanı ilhaq etmək cəhdi təhlükəlidir və beynəlxalq hüququ pozur. Danimarkanın "Ritzau" informasiya agentliyinin keçirdiyi ictimai rəy sorğusunun nəticələrinə görə, danimarkalıların demək olar ki, 90%-i Qrenlandiyanın ABŞ-a verilməsinə qarşıdır. Bir vaxtlar öz gücü və qüdrəti ilə demək olar ki, bütün Skandinaviyanı nəzarətində saxlayan Danimarkanın bir "twite"lə dünyanın sahəsinə görə ən böyük adası Qrenlandiyanı ABŞ-a təslim etməkdən başqa çarəsi qalmır. ABŞ-a müharibə elan etməyəcək ki?!"
Politoloq vurğulayıb ki, Böyük Amerika - Tramp Kanadanın bütün ərazisini özündə birləşdirən ABŞ-ın xəritəsini də paylaşıb:
"Əvvəlcə Trampın qeydləri trollinq kimi qəbul olunsa da, məsələnin ciddiliyi Kanadanın baş naziri Castin Trüdo rəsmi olaraq istefa verməsi ilə öz təsdiqini tapır. Onun sözlərinə görə, partiya yeni lider seçdikdən sonra partiya lideri və baş nazir vəzifəsindən istefa vermək niyyətindədir. Bütün bunlar göstərir ki, ABŞ-ın yeni prezidenti dövründə müharibələrin dayanması gözlənilsə də, tam əksinin işartıları hiss olunur".
Afaq Mirayiq,
Musavat.com
09 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ