İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu partiya rəhbəri SƏDRLİKDƏN GEDİR - Müxalif cəbhədə NƏ BAŞ VERİR?

ReAL və Klassik Xalq Cəbhəsi partiyalarına kimlər rəhbərlik edəcək?

Klassik Xalq Cəbhəsi Partiyası sentyabrın 15-də mühüm qərar verəcək. Bu barədə “Qaynarinfo”ya açıqlamasında sözügedən partiyanın sədri Mirmahmud Mirəlioğlu deyib.

Mirmahmud Mirəlioğlu elə bir YAP-çı ilə üz-üzə gəldi ki…

Mirmahmud Mirəlioğlu 

Sədr bildirib ki, istənilən seçki kampaniyasından sonra uğur və uğursuzluğa görə atılan addımlar normal cəmiyyətdə təbii qarşılanmalıdır: “Bütün məsələlərlə bağlı məsuliyyəti birinci şəxs - sədr daşıyır. Bu, A variantımızdır. Təbii ki, istefa vermək, özü də istənilən yerdə və istənilən zamanda mümkündür”.

Sədr deyir ki, bu prosesdə ciddi bir məsələ var: “Bizim əvəzimizdən düşünən, bizim əvəzimizdən təkliflər irəli sürən adamlar və istəklər var. Bu arzu və istəklər çox zaman reallığa uyğun olmur”.

İlqar Məmmədov REAL-ın sədrliyindən istefa verib

 İlqar Məmmədov 

Məlum olduğu kimi, Respublikaçı Alternativ Partiyasının (ReAL) sədri İlqar Məmmədov istefa verib. O, bu istefanın səbəbi olaraq 1 sentyabrda baş tutan növbədənkənar parlament seçkilərində REAL Partiyasının uğursuzluğunu göstərib.

İlqar Məmmədovun bu addımı ilə bağlı Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev Cebheinfo.az-a danışıb. Razi Nurullayev İlqar Məmmədovun istefa verməsini doğru qərar hesab etdiyini deyib: “Zənnimcə, doğru qərardır. Amma təbii ki, bu, mənim subyektiv fikrimdir. Hər partiyanın öz yolu var, istefa, sonra kimin sədr seçilməsi kimi məsələlər ReAL Partiyasının daxili işidir və onların qərarlarına Milli Cəbhə Partiyası və partiyanın başqanı olaraq hörmətlə yanaşıram.

İstənilən halda sədr partiyanın uğurları və uğursuzluqları üçün məsuliyyət daşıyır. Yaxşı haldır ki, İlqar Məmmədov müxtəlif bəhanələr altında özünə haqq qazandırmaq və uğursuzluqda başqalarını günahlandırmaq yolunu seçmədi. Bəlkə bu da bir siyasi mədəniyyət göstəricisidir. Partiya hansı səbəbdən olursa-olsun seçkilərdə məğlub olursa və bunu uğursuzluq kimi qələmə verirsə, günahı birinci özündə axtarmalıdır".

MCP sədri vurğulayıb ki, İlqar Məmmədovun bu cəsarətli hərəkəti təqdirəlayiqdir: “Təəssüflər olsun ki, bir çoxları öz uğursuzluğunu başqalarının çiyninə qoymağı sevir ki, özü suyun üzərində qalsın, batmasın. Ümid edirəm ki, AXCP sədri Əli Kərimli, Milli Şura sədri Cəmil Həsənli də İlqar Məmmədovun cəsarətinə sahib olub istefaya gedəcəklər. Bu, bütövlükdə Azərbaycanda siyasi proseslərin inkişafına müsbət töhfə vermiş olardı”.

Qeyd edək ki, bu  istefa qərarından sonra partiyanın yeni sədrinin kim olacağı müzakirə mövzusuna çevrilib.

Siyasi kulislərdə ReAL Partiyasının yeni sədri olmağa ən iddialı şəxslər olaraq Natiq Cəfərli və Erkin Qədirlinin adı hallanır. Maraqlıdır, ReAL Partiyasının yeni sədri kim olacaq və bununla bağlı qərar nə zaman veriləcək?

Partiyanın icraçı katibi Natiq Cəfərli Cebheinfo.az-a açıqlamasında bildirib ki, bu axşam Siyasi Komitənin iclası keçiriləcək: “Bizim partiyanın nizamnaməsinə əsasən, qurultay Siyasi Komitəni seçir. Partiyanın ali idarəedici orqanı da məhz Siyasi Komitədir. Partiyanın sədrini də Siyasi Komitə təyin edir, sədr isə partiyanın gündəlik fəaliyyəti ilə məşğul olur. İlqar Məmmədov partiya sədrliyindən istefa versə də, Siyasi Komitədə qalacaq. Sadəcə, sədr kimi vəzifəsini icra etməkdən istefa verib.

Siyasi Komitə gələcək  addımlarla bağlı qərar verəcək. Siyasi Komitənin istənilən üzvü sədr olmağa layiqdir. Lakin axşam keçiriləcək toplantıda kimlərin sədrlik üçün həvəsi və ya istəyi olsa, onu müzakirə edəcəyik. Çox güman ki, ReAL Partiyasının yeni sədrinin kim olacağı bu gün bəlli olacaq. Lakin bunu Konstitusiya Məhkəməsi parlament seçkilərinin yekun nəticələrini elan edəndən sonra açıqlaya bilərik".

Natiq Cəfərli ReAL Partiyasının sədri ola biləcəyi ilə bağlı iddialara da münasibət bildirib: "Siyasi Komitənin 8 üzvü var və onların hamısı partiya sədri vəzifəsinə layiqdir. Lakin yeni sədrin kim olacağı Siyasi Komitənin qərarından asılı olacaq. Əgər ReAL Partiyasının sədri olma məsuliyyətini mənə vermək istəsələr, bundan imtina etmərəm".

Yada salaq ki, Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseynin də bir neçə gün əvvəl partiya sədrliyindən istefa verdiyi xəbəri yayılmışdı.

Sonra isə bəlli oldu ki. P.Hüseyn istefa verməyib. “Seçkinin nəticələri ilə əlaqədar məsuliyyət daşıyanlardan biri də siyasi partiya sədri kimi mənəm. Məsələni partiyanın İdarə Heyətində müzakirəyə çıxaracağam. Əksinə, bundan sonra siyasətlə daha geniş şəkildə məşğul olmaq barədə düşünürəm”, - deyə o bildirib.

“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR