Onlayn ictimai-siyasi qəzet
“Ermənistan hansı ölkədən mümkündürsə, silah və hərbi texnika almağa çalışır. İrəvanın Fransa və Hindistanla razılaşmaları var və hər iki ölkə Ermənistana silah göndərməkdə davam edir. Fransa üçün Ermənistana hərbi texnika satışı geosiyasi əhəmiyyət daşıyır. Paris Ermənistanın hərbi nöqteyi-nəzərdən Azərbaycan qarşısında zəif düşməsinin qarşısını almağa çalışır. Fransa bu səbəbdən Ermənistanı silahlandırmaqda maraqlıdır”.
Musavat.com xəbər verir ki, bu fikirləri “Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu bildirib.
O vurğulayıb ki, Ermənistanın aldığı həbi texnikaya görə Fransaya maliyyə ödəməsi barədə məlumat yoxdur: “Bu, kredit şəklində həyata keçirilə bilər. Hindistanın Ermənistana hərbi texnika satması isə əsasən iqtisadi amillə bağlıdır. Hindistan hərbi-sənaye kompleksini inkişaf etdirir. Hindistan son 10 ildə hərbi ixracatını 30 dəfədən çox artıb. Hindistan onlarla ölkəyə silah satmağa çalışır. Dehlinin məqsədi qlobal silah bazarında payını artırmaqdır. Hindistan ABŞ, İsrail və digər ölkələrin lisenziyaları əsasında da hərbi texnika istehsal edir. Hindistan Müdafiə Nazirliyinin məlumatına görə, bu ilin aprel-iyun aylarında müdafiə ixracı bir əvvəlki dövrdəki 3,885 milyon rupidən 6,915 milyon rupiyə qədər yüksəlib. Hindistan üçün Ermənistan hərbi texnika satdığı növbəti ölkələrdən biridir.
Dehlinin Ermənistana hərbi texnika satması Azərbaycanda narazılıqla qarşılanıb. Rəsmi Bakı Dehlinin bu siyasətini korrektə etməsini istəyir. Çünki Hindistanın Ermənistana hərbi texnika satmasına baxmayaraq, Dehlinin Cənubi Qafqazda əsas ticarət tərəfdaşı Azərbaycandır. Hindistan Azərbaycandan aldığı neftin həcmini ildən-ilə artırır. Turizm sahəsində də əməkdaşlıq inkişaf edib”.
E.Şahinoğlu Fransa və Hindistanla yanaşı, ABŞ və Almaniyanın da Ermənistanla hərbi əməkdaşlığı genişləndirdiyinə dair xəbərlər olduğuna diqqət çəkib:
“Maraqlıdır ki, Ermənistanın silahlandırılmasında əsas rol oynayan ölkə İrandır. Çünki Fransa və Hindistanın Ermənistana göndərdikləri silah və hərbi texnika İranın hava və dəniz limanları vasitəsilə qonşu ölkəyə çatdırılır. İkinci Qarabağ müharibəsi zamanı Rusiya da İran marşrutu ilə Ermənistanı silahlandırırdı. Bu vəziyyətdə Azərbaycan nə etməlidir? Rəsmi Bakı Ermənistanın silahlandırılmasının bölgədə yeni münaqişəyə səbəb olacağı barədə daima bəyanatlar verir. Ermənistanın aldığı uzaqmənzilli raketlər Azərbaycana təhlükə yaradır. Rəsmi Bakı Ermənistanın silahlandırılmasına seyrçi qalmayacağını bildirsə də, bu İrəvanla hərbi əməkdaşlıq edən dövlətləri dayandırmayıb. Bu vəziyyətdə Azərbaycan da hərbi-sənaye kompleksinin inkişafını sürətləndirməli, tərəfdaş dövlətlərdən müasir hərbi texnikanın alışına və birgə istehsalına diqqəti artırmalıdır. Cənubi Qafqazda silahlanma Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalandıqdan sonra yavaşlaya bilər”.
Nigar HƏSƏNLİ,
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ