Onlayn ictimai-siyasi qəzet
Hazırda ölkəmizin bölgələrində yeni DOST Mərkəzləri və filiallarının, reabilitasiya və peşə hazırlığı müəssisələrinin yaradılması işləri aparılır.
Musavat.com xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən kollegiya iclasında bildirilib.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq DOST Mərkəzləri şəbəkəsinin ölkə boyu genişləndirilməsi, yeni peşə hazırlığı mərkəzlərinin yaradılması sahəsində işlərin davam etdirildiyini vurğulayıb.
O, dövlət başçısının iştirakı ilə avqustun 7-də Bərdədə Qarabağ Regional DOST Mərkəzinin və Qarabağ Regional Peşə Hazırlığı Mərkəzinin açılmasının bu istiqamətdə mühüm addım olduğunu vurğulayıb. Daha 9 inzibati rayon üzrə 900 mindən çox əhalinin, o cümlədən Böyük Qayıdış proqramı çərçivəsində öz doğma torpaqlarına qayıdan insanlarımızın bu mərkəzdə DOST xidmətləri ilə əhatə olunacağını bildirib.
Habelə Qarabağ Regional Peşə Hazırlığı Mərkəzinin həmin bölgədə məşğulluq imkanlarının artırılmasında, işçi qüvvəsinin əmək bazarının tələblərinə uyğun peşə bacarıqlarına yiyələnmələrində xüsusi rol oynayacağı diqqətə çatdırılıb. Bölgədə DOST filallarının da qurulacağı, o cümlədən Şuşa DOST filialının açılacağı bildirilib.
Qeyd olunub ki, Şamaxı şəhərində 2 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsinin əsaslı təmiri və yenidənqurma işləri artıq yekunlaşıb. Naxçıvan, Quba, Sabirabad, Sumqayıt, Gəncə, Masallı, Şəki və digər bir sıra şəhər və rayonlarda da DOST infrastrukturunun qurulması, Masallı və Sabirabadda Peşə Hazırlığı Mərkəzlərinin, Ağcabədi və Qubada Uşaq Reabilitasiya Mərkəzlərinin və s. yaradılması işləri aparılır.
İclasda yaradılmasından 5 il ötən DOST Agentliyinin fəaliyyətinin nəticələri, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində aparılan işlər barədə məlumat verilib. Mərkəzdə hazırda həssas qruplara aid 200-ə yaxın benefisiarın yaradıcı potensialına dəstək göstərildiyi, sosial, pedaqoji və psixoloji dəstək xidmətləri ilə təmin edildikləri qeyd olunub.
Sosial sahədə elektronlaşdırma proqramının icrası və e-xidmətlərin göstərilməsi, tibbi-sosial ekspertiza və reabilitasiya sahələrində, habelə Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya tərəfindən görülən işlərə dair təqdimatlar edilib. Görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub.
“Uşağın himayədar ailəyə verilməsinə dair müqavilə forması”, “Himayədar valideynlərə verilən vəsiqənin nümunəsi” və “Himayədar valideyn olmaq istəyən şəxslərin ərizə forması”nın layihələri də müzakirə olunaraq təsdiq edilib.
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ